Home Azerbaycan   U N U D U  L M A Z   G Ö R...

  U N U D U  L M A Z   G Ö R Ü Ş 

                                               U N U D U  L M A Z   G Ö R Ü Ş 

Sebnem Tofiqqizi

      İki pərdəli on bir şəkilli dıram)

    İştirak edirlər:

 

İlqar    –   Qarabağ döyüşçüsü

Sevda    –  Onun sevgilisi

Kubra – Sevdanın anası

Savalan  – Sevdanın atası

Zenra – Savalanın katibəsi

Mehdi – İlqarın qardaşı

Səadət-  Xəstəxananın baş həkimi

 

UNUDULMAZ   GÖRÜŞ

 

I PƏRDƏ

Birinci şəkil

 

Sevdagilin məhəlləsindən bir qədər aralıda İlqar dayanıb siqaret çəkir, bu zaman Sevda yoldan keçir.

 

İlqar(Astaca yaxınlaşır) Gözəl qız deyirəm bəlkə bir  ayaq saxlayasız?

Sevda(Qorxaraq) Ah…İlqar, qorxutdun məni…

İlqar  – Nə? Qorxutdum? Bir neçə gün görüşməyəndə belə olar. Daha məndən qorxursan.

Sevda – (Gülümsəyir) Eh İlqar, səndən qorxmadım, qəfil yaxınlaşdığına görə birdən həyəcanlandım. Yaxşı, de görüm, iki gündür niyə zəng vurmursan? Bilmirsən itmişəm, batmışam.

 İlqar – (Zarafatla) M ənim gözəlim, bilirdim, bilirdim ki, itməmisən. Əgər itsəydin o anan var haa…Kubra xala, aləmə car çəkib, elan verərdi.

Sevda – Yaxşı, eybi yox, deməli sən mənim itməyimi istəyirsən? Küsdüm.

İlqar – Ay mənim şıltaq sevgilim, səni ürəyimin dərinliyində elə gizlətmişəm ki, heç vaxt itə bilməzsən (Əl-ələ tutub fırlanırlar).

Sevda – Doğrudan? (Gülüşürlər). İlqar gözlərimin içinə bax.

İlqar – Nə olub ki?

Sevda – Heç,elə belə…

İlqar – Mən sənin gözlərinə heç vaxt elə belə baxmamışam.

Sevda – Bilirsən İlqar, nə isə son vaxtlar qəribə olmusan.

İlqar – Necə qəribə? Bu nə sözdür?

Sevda – Son vaxtlar səni çox fikirli görürəm, gözlərindəki əvvəlki o sevinci görə bilmirəm.

İlqar – Düz deyirsən əzizim.

Sevda – Nə olub sənə İlqar?

İlqar – Son  vaxtlar çox  fikirləşirəm gözəlim.

Sevda – Nəyi?

İlqar – Müharibəni…

Sevda – Müharibəni?

İlqar – Hə Sevda, heç bilmirəm bu qara buludlar hardan aldı başımızın üstünü?

Sevda – Doğrudan da, ermənilər Qarabağı yavaş-yavaş işğal edirlər.

İlqar – Fikirləşəndə dəli oluram, dinc oturduğumuz yerdə düşmən deyir ki, torpağını verməlisən. Qalmışam iki yol arasında.

Sevda – Nə yol? Hansı yol?

İlqar – Yolumun biri müharibəyə gedir, o biri isə anamın və sənin göz yaşlarına.

Sevda – Nə danışırsan?

 İlqar – Ah, Sevda… Sevda axı mən nə edim ki, Qarabağa gedən yol sizin göz yaşlarınızdan keçir (Əlini Sevdanın saçlarına uzadır). Sevda sənə bir sualım var.

 Sevda – (Həyəcanla) Nə sual?

İlqar – Əgər mən müharibəyə vuruşmağa getsəm…

Sevda – Hara getsən?

İlqar – Qulaq as. Mən qayıdana qədər məni gözləyərsən?

Sevda – Əlbəttə gözləyərəm. Mən səni ömrümün sonuna kimi gözləyərəm.

İlqar – Mənim ağıllı sevgilim. Elə isə gəl səninlə açıq danışım. Mən istəyirəm universiteti yarımçıq qoyum, cəbhəyə vuruşmağa gedim.

 Sevda – Necə? Axı səni əsgər çağırmayıblar.

 İlqar – Mən könüllü getmək istəyirəm Sevda. Vətən bizim namusumuzdur. Qarabağ top-tüfəng altında qala-qala mən deyə  bilmərəm ki, nə vaxtsa universiteti bitirib əsgər gedəcəm.

Sevda – Səni başa düşürəm, ancaq, anan bilir bunu?

İlqar – Hə dünən demişəm.

Sevda – Nə dedi?

 İlqar – Nə deyəcək, “get” dedi əvvəlcə, sonra da ağladı: “Bala cəbhə od içindədir”.

Sevda – Cəbhə qan içindədir, hər gün bir meyit gəlir.

İlqar – Neyləyək Sevda, bəs o meyitlərin anası, bacısı, sevgilisi yoxdur? Onlar ağlamır?

Sevda – Qorxuram İlqar, qorxuram (Ağlayır).

İlqar – Ağlama Sevda, sən də, anam da məni ürəklə yola salın ki, mən də sizə qələbə  xəbəri gətirim.

Sevda – Bəs nə vaxt qayıdacaqsan?

İlqar – Bilmirəm Sevda. Bunu bilmirəm (Köksünü ötürür).

Sevda – Sənsiz darıxacam axı.

 İlqar – Sevən qız yüz illik həsrətə dözər.

Sevda – Gözləyəcəm səni, əzizim.

İlqar – İnşallah, qayıdan kimi də evlənəcəyik. Toyumuz olacaq.

Sevda – Hə inşallah (Gülümsəyir).

İlqar – Sevda, deyirəm birdən mən cəbhədə olanda səni kiməsə verərlər.

Sevda – Yox sən nə danışırsan, lap verdilər, mən heç gedərəm?

İlqar – Getməzsən ki?

Sevda – Heç vaxt.

İlqar – Sənə çox inanıram.

Sevda – Çünki, sənə olan sevgimi görməmək mümkün deyil.

İlqar – Amma, ürəyimdə yenə də bir qorxu var. Deyirəm, birdən səni məcburi ərə verərlər.

Sevda – Unutma, mən səni heç kimə dəyişmərəm…

Bu vaxt ayaq səsləri gəlir.

Sevda – (Arxaya baxır və anasını görür). Anam gəlir.

 İlqar – Niyə qorxusan? Qoy gəlsin.

Kubra – (Təəcüblə).Qızım!

İlqar – Salam  xala.

Kubra – Salam oğlum, nə söhbət edirdiniz belə?

Sevda – Heç ana, elə indi qarşılaşdıq İlqarla. İlqar, anam Kubradır.

İlqar – Çox şadam. Kubra xala sizə bir…

Sevda – (Tez söhbəti dəyişir) Ana, bu oğlan su idarəsində işləyir. Demək istəyir ki, məhləmizə təzə su xətti çəkəcəklər.

Kubra – Hə oğlum?

Sevda – Hə ana, bayaq mənə də dedi. İndi isə gəl gedək (Getmək istəyirlər).

İlqar – Sağ olun xala.

Sevda və anası gedirlər.

 İlqar- ( öz-özünə) Ah Sevda, mənim qorxaq gözəlim, qoymadı ki, sözümü deyim (Başını bulayır və gedir).

İkinci şəkil

 

Sevdagilin evi. Sevda və  Kubra evdədirlər.

 

Kubra – Hə qızım, de görüm, küçənin ortasında camaatın oğlu ilə nə söhbət edirdin?

Sevda – Ana…

Kubra – Sus qızım. Sus, bircə bu biabırçılığımız qalmışdı. Hansı qonşunu görürəm mənə səndən danışır.

Sevda – Kim danışır ana?

Kubra – Bütün qonşular. Artıq məhəllədə hamı səni oğlanla birlikdə görüb. Amma, mənim heç bir şeydən xəbərim yoxdur. Nə də, heç kimə inanmırdım. O vaxta qədər ki, öz gözlərimlə gördüm. Qızım, heç ayıb deyil, camaatın gözü qarşısında durub bir oğlanla söhbət etmək?

Sevda – Ana, biz ayıb olan bir hərəkət etməmişik.

Kubra – H ələ dilin də var danışırsan? Deməli mən nə danışdığımı bilmirəm hə? Ay qızım, biz cavan olmamışıq? Sevməmişik, yoxsa sevilməmişik. Amma, həmişə ədəb-ərkan gözləmişik. Biz sənin atanla düz beş il nişanlı qalmışıq. Amma bir dəfə də olsun nə məhəlləmizə gəlib, nə də camaatın gözü  qarşısında söhbət etmişik. Sevda – Ana indi…

Kubra – Hə, indi o dövr deyil hə? Bilirəm ki, onu deyəcəksən. Əcəb işə düşmüşük. İstəyirsən ki, indiki gənclərə bir az öyüdnəsihət verəsən, o saat deyirlər ki, indiki dövr başqadı, müasirik, mən nə bilim nə. Xeyr qəşəng qız, dövr elə həmin dövürdü, sadəcə, insanlar dəyişib. Amma, bu dövrün mənim ailəmə heç bir dəxli yoxdur. Mən özüm necə tərbiyəli böyümüşəmsə, qızımı da elə böyütmək istəyirəm.

Sevda – Ana mən tərbiyəsizlik edib neyləmişəm ki?

Kubra – Çox şey.

Sevda – Məsələn,  nə?

Kubra – Özün yaxşı bilirsən.

Sevda – Nə etmişəm ki, ana, bircə onu etmişəm ki,

İlqarı sevmişəm.

Kubra – Nə?

Sevda – Bəli ana, biz İlqarla bir-birimizi sevirik.

Kubra – Necə? Sevirsiniz? Bəs mənim niyə bundan xəbərim yoxdur?

Sevda – Qorxurdum sənə deməyə.

Kubra – Qorxurdun? Necə olur ki, küçənin ortasın da, el-aləmin gözünün qabağında söhbət etməkdən qorxmursan, söz deməyə qorxursan?

Sevda – Ana, mən bu həyatda hər şeydən qorxuram. Səndən də, adı olub özü olmayan atamdan da, ən çox qorxduğum isə İlqarı itirməkdir.

Kubra – De görüm, nə vaxtdandır bu məsələ?

Sevda – Hansı məsələ?

Kubra – Sizin böyük sevginizi deyirəm.

Sevda – Xeyli müddətdir.

Kubra – Xeyli müddət?

Sevda – Ana çoxdandır ki, biz bir-birimizi sevirik. Artıq mən ona elə öyrəşmişəm ki, elə bağlanmışam ki, bir an da belə onsuz yaşaya bilmərəm. Özümdən asılı deyil ana, bütün ürəyimlə sevirəm onu.

Kubra – Əgər çoxdandır sevirsinizsə, bəs niyə anası bir bizə gəlmir?

Sevda – Heç bilmirəm, anası bilir, ya yox.

Kubra – Ay qız, məni əsəbləşdirmə, o bilmir ki, yetimçəsi kimi istəyir? Amma, bəlkə də bilmir. İndiki gənclər adama söz demir ki.

Sevda – Düz deyirsən ana, bəlkə də anası bilmir, yoxsa bizə gələrdi.

Kubra – Qızım (gülümsəyir), ağıllı qızım, hər bir ana kimi mən də qızımın xoşbəxtliyini istəyirəm.

Sevda – Ana, sən dünyanın ən gözəl anasısan.

Kubra – Eşit qızım, gör nə deyirəm.

İlqarı sevdiyini bildim, ancaq bu o demək deyil ki, sən ona qismət olacaqsan. Qızı yüzü istəyər, biri alar deyiblər.

Sevda – Bu nə deməkdir, ana?

Kubra – Bu o deməkdir ki, qızım sən bütün hərəkətlərinə diqqət etməlisən. İlqarı nə qədər sevsən də qonum-qonşunu, ailəmizin adsanını nəzərə almalısan. Mənim ağıllı balam, sən bəzi tay-tuşlarınla özünü bərabər tutma. Bizim ailəmizin ad-sanı var. Qızım, artıq sən gənc qız olmusan, çox oğlanların səndən xoşu gələ bilər. Çox oğlanlar sənə söz deyə bilər, amma, sən küçədə, məhəllədə oğlanla danışa bilməzsən.

Sevda – Başa düşdüm ana.

Kubra – Qızım, onsuzda mən səni məcbur kiməsə ərə verməyəcəm. Amma, sən də bu azadlıqdan istifadə etmə. Hərəkətlərinə diqqət et, qızım.

Sevda – Yaxşı, ana.

Kubra – Sən ki, ananı belə başa düşdün, sağ ol qızım. Əgər xətrinə dəydimsə, bağışla məni. İndi isə gəl gedək mağazaya, bir az alış-veriş edək. Sənin üçün yeni paltarlar alacam.

Sevda – (Anasını qucaqlayır) Ana səni çox sevirəm. Çox sevindirdin məni. Gedək. Gedirlər.

Üçüncü şəkil

 Savalan müəllimin otağı. Zemra gəlir.

Zemra – Salam Savalan müəllim,  olar?

Savalan – Buyur, dünyanın ən gözəl qızı.

Zemra – Siz məni nə qədər tərifləyirsiniz?

Savalan – Tərifə layiqsən də Zema. Nədir yalan deyirəm?

Zemra – Hə, yalan deyirsiniz. Bax dünəndən tapşırdığınız yazıların heç birini yazmamışam.

Savalan – Mən nə deyirəm ki, yazmamısan, canın sağ olsun.

Zemra – Sağ olun Savalan müəllim, heç vaxt məni danlamırsınız.

Savalan – Mən heç sənin xətrinə dəyərəm? Sən hər səhər bəzənib-düzənib işə gəlirsən, hər gün mənə bir stəkan çay gətirirsən, bu mənim üçün dünyadır.

Zemra – Savalan müəllim, yadıma düşmüşkən deyim ki, bayaq həyat yoldaşınız zəng vurmuşdu.

Savalan – Eyyy…Kefimi pozma da Zema.

Zemra – Kefinizi pozmaq istəmirəm, amma, sizə deməliyəm axı.

Savalan – Demə ay qız, demə, nə vaxt zəng vurdu de ki, iclasdadı.

Zemra – Deyirəm, elə onu deyirəm.

Savalan – Bura bax, artıq-əskik söz desə qoy dəstəyi yerə.

Zemra – Baş üstə  rəis. Bəs həyat yoldaşınız deyil?

Savalan – Yox əşşi, gözlərim aydın həyat yoldaşımdı, mənim həyat yoldaşım bilirsən nədir? Cibimdəki pul

Zemra – Amma, rəis, qadına bir az haqsızlıq edirsiniz.

Savalan – Nə haqsızlıq, ona rahat ev almışam, sağına-soluna nə qədər xərcləsə pul verirəm. Budur haqsızlıq? Rahat buraxsın məni.

Zemra – Bir az da danışsam mənə də deyəcəksiniz ki, rahat  burax məni.

Savalan – Yox sənə demərəm, mən səni çox istəyirəm. Sən olmasan, bu zavod batar.

Zemra – Ona görə d ə, xəbərdarlıq edim ki, ətirlərim qurtarır.

Savalan – Yaxşı alacam.

Zemra – Savalan müəllim, elə hərdən bir ətir almaqla canınızı qurtarırsınız. Savalan – Nə istəyirsən gözəl?

Zemra – Yoruluram dincəlmək istəyirəm. Nə siz, nədə işçilərin çoxu iş vaxtı bitənə kimi burada olmursunuz. Məcbur olub mən otururam. Mən də sizin kimi iş vaxtından tez çıxmaq istəyirəm.

Savalan – Zema, gör nə deyirəm sənə mənim işlərim çoxdur,  elə bircə bu dəmirlərin səsindən qulağım bata-bata burda oturmaq, sən burda ola-ola mənlik deyil.

Zemra – Savalan müəllim, mən də dincəlmək istəyirəm axı. Bütün zavodun işi boynumda qalır.

Savalan – Yaxşı gözəl, yorulursan, sən də get.

Zemra – Yox, mənə getsəm zavod boş qalar axı.

Savalan – Zema, sən necə də düşüncəlisən, sən mənim sağ əlimsən.

Zemra – Onda, sol əlin də cibində olsun.

Savalan – Yaxşı Zema (Əlini cibinə salır, xeyli pul çıxarır).

Zemra – Ooo…pullara bax.

Savalan – Al Zema, götür dünyalar gözəli.

Zemra – Hamısını verirsiniz?

Savalan – Hamısını verirəm, Zema, razı qaldın məndən?

Zemra – Razı qalmaq nədir, əlbəttə razı qaldım, gözlərimə inanmıram.

Savalan – Zema, sən bu zavodun işlərini apar, bu pulların iki qatını verəcəm sənə.

Zemra – Nə desəniz edəcəyəm. Lazımsa bütün işləri görəcəyəm.

Savalan – Ah Zema, pullar səni necə də sevindirdi.

Zemra – Savalan müəllim, mən pul dəlisiyəm. Pul yeganə varlıqdır ki, məni xoşbəxt edir.

Savalan – Həmişə də səni xoşbəxt edəcəyəm.

Zemra – O zaman mən də sevimli pullarımı götürüb gedirəm işimin başına. Savalan – Get, Zema, get (Gülür).

Zemra sevinə-sevinə gedir.

Savalan – Zema, mənə bax.Zemfira – Bəli, Savalan müəllim.

Savalan – Mən indi çıxıram, bu zavod sənə əmanət.

Zemra – Yaxşı, onda birlikdə çıxaq otaqdan. Savalan müəllim Zemranın saçlarını sığalayasığalaya gedirlər.

 

Dördüncü şəkil

 

Xəstəxana. Səadət xanım öz otağındadır. Sevda qapının ağzından keçir.

 Sevda – Sabahınız xeyir, Səadət xanım.

Səadət – Sabahın xeyir, qızım. Bir yaxın gəl görüm.

Sevda – (Yaxına gəlir). Buyurun Səadət xanım.

Səadət – Qızım, de görüm, işin necə gedir. Bizim xəstəxanaya öyrəşə bilirsən? Sən bura gələndən gözüm səndədir. Elə hey görürəm ki, işləyirsən,  diqqətlisən. İclaslara vaxtında gəlirsən. Tez bir vaxt ərzində işə yaxşı alışmısan. De görüm, tibb aləmi sənin kimi gənc bir həkim üçün çətin deyil ki?

 Sevda – Xeyr, Səadət xanım, mən peşəmi çox sevirəm, elə ona görə də öz işimdən böyük zövq alıram. İllər idi ki, ən böyük arzum ağ xalat geyinib həkim olmaq idi. Səadət – Əgər elədirsə, qızım, onda səndən çox gözəl həkim olacaq. Həkimlik belədir, gərək bu peşəni sevəsən ki, yaxşı həkim olasan. Düzdür tibb aləmi çox çətin bir sahədir. Amma, çətin olduğu qədər də maraqlıdır. Ona görə maraqlıdır ki, insan orqanizmini hissə-hissə öyrənəndə Allahın yaratdığı möcüzəyə valeh qalırsan, elə deyil qızım?

Sevda – Bəli, elədir.

 

Bu vaxt Mehdi gəlir.

 

Mehdi – Sabahınız xeyir.

Səadət – Sabahınız xeyir. Gəl Mehdi, gəl əyləş.

Mehdi – Səadət xanım, iclas nə vaxt olacaq?

Səadət – İclası günortaya salmışam. Çünki səhər tezdən edə bilmərəm, çox ağır xəstələrimiz var. Həkimlərimiz mütləq xəstələrinə baş çəkməlidirlər. De görüm sənin xəstən var?

Mehdi – Var, dünən də birini gətiriblər.

Səadət – Vəziyyətləri necədir?

Mehdi – Şükür Allaha, pis deyillər. Bir az bundan qabaq hamısına baş çəkib gəldim bura. Biri lap ağır idi. Dünəndən bəri bir az düzəlib. O xəstəmə görə çox narahat idim. İnanın ki, evdə də onu düşünürdüm.

Səadət – Bax bu sözün məni çox sevindirdi. Xəstələrə olan diqqətiniz məni  şad edir. Sevda, qızım, Mehdi həkim də gənc həkimlərimizdəndir. Səndən bir az əvvəl gəlib bu xəstəxanaya. O da sənin kimi çox sevir peşəsini.

Sevda – Hə, çox gözəl.

Mehdi – Sevda xanımla bizim otağımız çox yaxındır. Mən bilən o cərrahdır.

Sevda – Bəli, doğrudur.

 Səadət – Bu gənc və gözəl qızımız xəstəxanamızın cərrah həkimlərindəndir.

 Sevda – Yadımdadır, bu xəstəxanaya gəldiyim ilk gün Mehdi həkim məni təbrik etmişdi.

Səadət – Hə…çox gözəl, bax həmişə belə meriban olun. Lazım olanda bir-birinizə kömək də edin. Bircə amalınız o olsun ki, xəstələrimizin həyatını xilas edin. Mən həmişə bütün həkimlərimə bunu deyirəm ki, siz yaxşı həkim, yaxşı mütəxəsis olmalısınız, çünki insanların həyatı sizin əlinizdədir. Bəzən elə ola bilər ki, doğmalarınızdan birinin həyatı sizin əlinizdə olar. Siz onu həyata qaytara bilərsiniz. Bundan böyük xoşbəxtlik ola bilməz bir həkim üçün.

Mehdi – Bəli, mən də elə düşünürəm .

Səadət – Siz hər ikiniz gənc həkimlər olsanız da, mən sizin fəaliyyətinizdən çox razıyam. İnanıram ki, sizdən yaxşı həkim olacaq. Bilirs iniz uşaqlar, həmişə əyninizə geyin diyiniz ağ xalatın məsuliyyətini dərk et məl isiniz. O zaman güclü həkimlər olacaqsınız. Yaxşı indi mən durum bir –bir xəstələrə baş çəkim, görüm, hansı həkimin xəstəsi nə vəziyyətdədir. Sonra isə iclas otağına gedəcəm. Gələrsiniz iclasa (Ayağa qalxır və gedir).

Mehdi – Oldu Səadət xanım, gələcəyik.

Sevda- Sağ olun, iclasda görüşərik (Qalxıb getmək istəyir).

Mehdi– Hara gedirsiniz Sevda xanım?

Sevda – Otağıma gedirəm.

Mehdi – Sizinlə bir az söhbət etmək istəyirdim.

Sevda – Buyurun.

Mehdi – Elə isə əyləşin zəhmət olmasa.

Sevda(Oturur) Buyurun nə məsələ idi?

Mehdi – Bir az söhbət etmək üçün gərək hansısa bir məsələ olsun? Deyirəm bir–birimizi bir az tanıyaq. Mən ürək həkimiyəm.

Sevda– Bilirəm, otağınızın qapısına yazılıb bu söz.

 Mehdi – Görürəm çox diqqətli xanımsınız, otağıma da diqqət yetirmisiniz. Bəs, özümə necə, bir insan kimi diqqət yetirmisiniz?

Sevda – Sizi tanımadığım üçün heç bir söz deyə bilmərəm (Qalxmaq istəyir). Mehdi – Tələsməyin Sevda xanım, əyləşin. Biz ki, bir xəstəxanada işləyirik, bir-birimizə işimiz düşə bilər. Hətta bir parça pambığa görə bir-birimizə ağız aça bilərik.

Sevda – Yaxşı həkim ən ağır xəstəyə belə hər zaman yardım göstərməyə hazır olmalıdır. Nəyin ki bir parça panbığı olmasın.

Mehdi – Sevda xanım, siz necə də hazırcavab və fədakar bir həkimsiniz.

Sevda – Çox sağ olun, mən həqiqəti deyirəm.

Mehdi – Elə mən də həqiqəti deyirəm. Amma, bir həqiqət də var ki, siz fədakarlığınız qədər də gözəlsiniz. Elə bil yaradan, həkim yaradıb sizi. Səliqəli geyiminiz, ipək kimi saçlarınız, bir sözlə, gözəlliyiniz insanın ruhunu müalicə edir.

Sevda – Xoş sözlərə görə çox sağ olun, bu mənim həyat tərzimdir.

Mehdi – Bəlkə də zövqünüzdür.

Sevda – Ola bilər.

Mehdi – Əlbəttə, həyatda hər şey ola bilər. Məsələn, mən heç vaxt inana bilməzdim ki, nə vaxtsa sizin kimi gözəl bir xanımla çiyin-çiyinə işləyərəm. Görürsünüzmü, necə q əribədir bu həyat. Heç inanardınızmı n ə vaxtsa həkim olarsınız?

Sevda – Hə inanırdım, ürəyimdə bir səs məni bu peşəyə səsləyirdi. Anam-atam istəmirdilər mən həkim olam, ancaq, bu mənim öz arzum idi.

Mehdi – Görünür çox möhkəm və iradəli qızsınız. Sevginizin dalınca getməyi bacarırsınız.

Sevda – Bəli elədir.

Mehdi – Əhsən sizə. İndi sizin kimi qızlar çox azdır.

Sevda – Onu deyə bilmərəm.

Mehdi – Mən isə onu deyə bilərəm ki, sizin xariciniz qədər daxiliniz də gözəldir.

Sevda – Çox sağ olun, məni çox təriflədiniz, utandım lap.

Mehdi – Bu tərifdir sizcə? Mən ürəyimdən gələn sözləri deyirəm.

Sevda – Təşəkkür edirəm, elə siz də çox qanacaqlı və alicənab bir insansınız. Mehdi – Yəqin ki, bu sizin gözəl düşüncələrinizdir. Məni çox sevindirdiniz. Heç inanmazdım ki, xəstəxanamızın ən gözəl qızından bu sözü eşidərəm.

Sevda – Həyatda heç vaxt belə inamsız olmayın, onda xəstələrinizin də həyatı təhlükə qarşısında qalar.

Mehdi – Yox xəstələrimə qarşı çox diqqətliyəm. Ən ağır vəziyyətlərində belə

onların qurtulacağına inanıram. İnamsızlığım ancaq özümədir.

Sevda – Özünüzə niyə?

Mehdi – Nə bilim, həmişə ən çox sevdiyim bir şeyi əldə edəcəyimə inanmıram. Sevda – Sizə həyat yollarında inamla addımlamağı arzulayıram.

Mehdi – Bu mənim üçün ən böyük arzu idi.

Sevda – Onda bu böyük arzu ilə də duraq gedək iclas otağına. Yəqin Səadət xanım bizi gözləyir.

Mehdi – Yəni deyirsiniz gedək? Söbətimiz elə maraqlıdır ki, inanın heç getmək istəmirəm.

Sevda – Amma getməliyik (Ayağa qalxır).

Mehdi – Yaxşı gedək, ancaq bir xahişim var. Arasıra belə maraqlı söhbətlər edərik. Sevda – Olar. İndi isə iclasa gecikirik.

Mehdi – Gedək.

Hər ikisi gedirlər.

 

                                                Beşinci şəkil

Savalan müəllimin evi.

Kubra – (Öz-özünə danışır) Eh…Pərvərdigarə bizim evin kişisinə bax. Camaatın əri axşamlar işdən çıxıb evə g əlir, bizimki isə nə axşam gəlir, nə də səhər. Adını da qoyub ki, zavodda işlərim çoxdur. Ah İlahi, gəncliyimi, cavanlığımı, indi də qocalığımı bu səfeh adamla başa vurdum. Kaş ki, bir rəisin arvadı yox, bir fəhlənin arvadı olardım, amma, xoşbəxt olardım. Bu vaxt Savalan gəlir.

Savalan – Nə olub yenə deyinirsən? Nə bədbəxtlik üz verib sənə ki, xoşbəxtlik axtarırsan?

Kubra – Xoşbəxtliyi elə itirmişəm ki, axtarsam da tapa bilmərəm.

Savalan – Niyə axı, xoşbəxt deyilsən? Mən başa düşmürəm ki, sən xoşbəxtliyi nədə görürsən? Bu sənin evin-eşiyin, malınmülkün, pulu da ki, demirəm.

Kubra – Neynirəm bu imarəti ki, içində xoşbəxtliyin tozu belə yoxdur. De görüm, harda idin, evə niyə gəlmirsən. Gələndə də, bax belə.

Savalan – Ay qız, sənə neçə d əfə demişəm ki, mənimlə maraqlanma. Mən iş adamıyam. Harda olacam? İşdə, zavodda.

Kubra – Afərin Vallah, sizin zavod deyəsən gecələr də işləyir.

Savalan – Zavod işləmir, ay dilbilməz, mən işçilər gedəndən sonra oturub yazılarımı yazıram. Bir də baxıram ki, yatıb qalmışam.

Kubra – Heç olmasa yalanı deyəndə elə de ki, ağ yalan olmasın (Gülür). Bəxtəvər başıma, indi də deyəsən yazıçılıq edirsən. Gecələr oturub əsər yazırsan.

 Savalan – Kaş ki, yazıçı olardım, sənin bu lənətə gəlmiş qısqanclığından oturub əsər nədir, kitablar yazardım. Bilirsən mən niyə evə gəlmirəm? Bilirəm ki, gələn kimi deyinəcəksən.

Kubra – Sən vaxtında evə gəlsən, mən sənə güldən ağır söz demərəm.

Savalan – Gül nədir? Sən ancaq gildən ağır söz deyə bilirsən.

Kubra – Onu sən öyrətmisən mənə. Bilirsən ki, qadın bir rezin parçası kimidir, hansı səmtə dartsan oraya da uzanacaq. Sən də m əni deyinməyə öyrətmisən. Savalan – Bu günə qədər deyinə-deyinə ömrümü çürütdün, indi də deyirsən günah məndədir?

Kubra – Sən məni xoşbəxt edə bilmədin.

Savalan – Niyə axı, istədiyini yeyirsən, istədiyini geyinirsən, pulun da ki, istədiyin qədər, bundan artıq nə istəyirsən?

Kubra – O bir parça çörəyi hamı tapıb yeyir. Heç kim acından ölmür. Hamı da əyninə paltar tapıb geyinir. O ki, qaldı pula, əgər sən xoşbəxtliyi onda görürsənsə, deməli sənin gözlərin kordur.

Savalan – H ə, düz deyirsən, mənim gözlərim kordur. Əgər kor olmasaydı s əni alıb ömrümü çürütməzdim.

Kubra – Sən məni almaqda heç nə itirməmisən. Onsuz da sizə, hörmətli rəis, bir qulluqçu lazım idi. Paltarlarınızı yumaqdan, ütüləməkdən ötrü…

Savalan – Əgər sən özünü bu evdə ancaq paltaryuyan hesab edirsənsə, onda daha sözüm yoxdur.

Kubra – Nədir, yalan deyirəm?

Savalan – Hə, yalan deyirsən, bax sənin kimi fikirləşən qadınların bədbəxtliyi bundadır ki, özlərini aciz bilib paltaryuyan hesab edirlər. Otuz ildir biz evliyik, sən hələ də bilmirsən ki, mənim qızımın anasısan.

Kubra – Nə olsun ki, anasıyam. Sən də dərk etmirsən ki, atasısan. Mən paltaryuyan olduğum kimi, sən də bu evə pul gətirənsən.

Savalan – Gör mənim peşəm şərəflidir, yoxsa sənin?

Kubra – Bilmirəm. Bircə  onu bilirəm ki, mən çirklənmiş paltarlarımızı yuyub çirkablıqdan, ləkələrdən təmizləyirəm. Amma, sən pulu gətirəndə adımıza ləkə gətirirsən-gətirmirsən onu deyə bilmərəm. Çalış ki,bu evə xoşbəxtlik gətirməsən də, heç olmasa adımıza ləkə də gətirməyəsən.

Savalan – Axmaq, danışdığı sözə bir bax, adımıza ləkə gətirmə. Narahat olma, gətirsəm onu da paltarlar kimi yuyub təmizləyərsən.

Kubra – Yox, onu yuya bilmərəm. Paltara ləkə düşsə eybi yox. Amma, vay o gündən ki, adımıza ləkə düşə onu təmizləmək olmur. Əgər olsaydı onda bütün insanlar süd içində ağ qaşıq kimi olardılar.

Savalan – Yaxşı, bəsdir axmaq-axmaq danışdın. Bütün bu sözlərin əvəzinə bir stəkan çay gətirsəydin mənə gör nə yaxşı olardı. Hərdən evə gəlirəm, onda da mənə qulluq etmək əvəzinə belə m ənasız-mənasız danışıb, məni evdən uzaqlaşdırırsan. Sonra da deyirsən ki, evə niyə gəlmirsən.

Kubra – Əvvəllər səbrimi basırdım, deyirdim ki, yaş keçdikcə düzələr amma indi görürəm ki, heç nə düzələn deyil. Artıq əsəblərim tarıma çəkilib, dəli olmuşam, dəli.

Savalan – Dəli olmusan, get dəlixanaya. Amma yox, sonra deyərlər ki, Savalan müəllimin arvadı  dəlixanaya düşüb.

Kubra – Gör bir sən nə nanəcib insansan, mənim həyatımı fikirləşmirsən, onun-bunun dilindən sənin adına gələ biləcək nöqsanı fikirləşirsən.

Savalan – Yaxşı…yaxşı, bir az da qızımdan danış, de görüm Sevda neyləyir, gedib-gəlirmi işə?

Kubra – M ən sənin qızının anasıyam, vəkili deyiləm ki, onun hərəkətlərini qələmə alıb, bir-bir yazım, sən ayda bir dəfə bu evə gələndə s ənə ərz eləyim. Əgər Sevdanın həyatı sənin üçün maraqlıdırsa, onda özü ilə danış.

Savalan – Bu nə deməkdir? Sevda mənim qızımdır.

 Kubra – Qızın sənin hərəkətlərindən xəcalət çəkir. Hərdən məni qınayır, hərdən də özünü.

Savalan – Özünü niyə?

Kubra – Deyir, bu dünyaya məni niyə gətirmisiniz?

Savalan – Axı niyə belə deyir, pul ver getsin özü üçün nə istəyir alsın, dostları ilə gəzməyə getsin.

Bu vaxt Sevda gəlir və atası ilə anasının söhbətini eşidir.

Kubra – Sevdaya pul lazım deyil, Savalan, ata qayğısı lazımdır.

Savalan – Bəsdir ata qayğısı deyib durdun. Nə qayğı göstərim ona? Uşaqdır, əlindən tutum bağçaya aparım?

Sevda(Ortaya çıxır) Sən heç əlimdən tutub bağçaya da aparmamısan. Sən heç vaxt mənə qayğı göstərməmisən.

Savalan – Qızım sən nə vaxt gəldin?

Sevda – Bayaqdan gəlmişəm, sizin söhbətinizi eşidirdim.

Savalan – Necə e şidirdin? Görürsən, ay fərsiz arvad, qızımla məni necə üz-üzə qoydun.

Sevda – Anamın heç bir günahı yoxdur ata, o sənin ona verdiyin  əzablara mənə görə dözüb. Mənim atasız qalmamağım üçün.

Kubra – Düz deyir Sevda, mən bütün əzablara bir dəfə q ızımın sevinərək ata deməyi üçün dözmüşəm.

Sevda – Mən isə təəssüf ki, heç vaxt sevinərək bu sözü deməmişəm.

Savalan – Niyə qızım, bir de görüm axı sənin nəyin əksikdir? Nəyə ehtiyacın var axı?

Sevda – Sənin sevginə ata, ancaq sənin sevginə. Savalan – Mənim sevgim yoxdur ki?

Sevda – Mən o sevgini görmürəm ata.

Kubra – Uşaq yalan deyir? Yoxdur sənin sevgin, nə ailənə, nə də uşağına.

Savalan – Əşşi bəsdirin, qurtarın bu söhbəti. Bu xarabaya gələn kimi başıma düşür səsiniz, uşaq belə getdi, ailə belə getdi. Sizin əlinizdən bezmişəm lap.

Kubra – Bizim əlimizdən bezmisənsə onda gəlmə bu evə. Mən cəhənnəm, bu uşağın da hissləri ilə oynama.

Sevda – Anam düz deyir ata, nə varlığın bilinir, nə də yoxluğun. Biz dilənçi deyilik, hərdən gəlib bir az pul verirsən, amma üzünü görmürük.

Savalan – Ay qızım, nə etməliyəm sizə? Görmürsünüz işim başımdan aşır. Belə getsə siz ana-bala səhərə kimi danışacaqsınız, mənimsə sizə qulaq asmağa vaxtım yoxdur (Ayağa qalxır).

Kubra – Gedirsən? Düz söz acı olar, bax qaçırsan.

Savalan – İşlərim çoxdur, ona görə qaçıram.

Sevda – Ata, sənə son dəfə deyirəm anama və mənə nə vaxt sevgini göstərsən onda gələrsən bu evə. Yoxsa belə saxta gəlişin bizə lazım deyil.

Savalan – Əgər hər dəfə belə söz-söhbətlə məni qarşılasanız, daha heç gəlməyəcəm.

Kubra – İstəyirsən heç gəlmə, amma, bil ki, nə vaxtsa gləcəksən. Heç kimə lazım olmayanda son ümüdin, son pənahın bu evdir. Bura gələcəksən.

Savalan – Yaxşı. Boş-boş danışma, mən getdim (Gedir).

Kubra – (Qızını qucaqlayır). Narahat olma qızım. Hər şeyin əvvəli olduğu kimi bir sonu da var. Bir gün sənin bu bulud kimi dolan atan boşalacaq. Qonaqlıqlarda, görüşlərdə cibindəki pullar da yağış kimi yağıb tükənəcək. Görək sonra neyləyəcək.

Sevda – Ana mən daha dözə bilmirəm, dayandıqca atamın dediyi sözlər yadıma düşür dəli oluram (Gedir).

Kubra – Yazıq qızım, gör necə də pərişan oldu. Bu nə taledir İlahi? Böyük bir səltənət içində qızımı xoşbəxt edə bilmirəm. Bir ata sevgisinin həsrətin çəkir qızım. Ya Rəbbim sonu gəlsin bu hicranın. Qurtarsın bu acı günlər

(Ağlaya-ağlaya səhnədən qaçır).

 

 

Altıncı şəkil

İlqar həyəcanla Sevdanı gözləyir ki, onunla görüşüb əsgər getsin.

İlqar – İlahi, həyəcan, təlatüm ürəyimi parça-parça edir. Anamdan, qardaşımdan və sevdiyim qızdan ayrılmaq mənim üçün asan deyil. Ancaq Qarabağın işğalına kənardan durub baxmaq da asan deyil. Ona görə də sevdiklərimi arxada qoyub mütləq cəbhəyə getməliyəm. Əsl oğul vətən üçündür (Saata baxır). Eh…Sevda, harda qaldın? Bəlkə son görüşümüzdür. Heç olmasa gəl, görüm səni, sonra gedim (Uzaqdan Sevdanı görür, sevinərək). Gəlir, gəlir Sevdam.

Sevda – İlqar, nə olub ki, niyə məni belə tələsik çağırdın?

İlqar – Gedirəm Sevda, dedim ki, görüşək.

Sevda – Gedirsən (Gözləri dolur).

İlqar – Sevda, səndən bir xahişim var, ağlama. Mənim sevgilim aciz qız deyil. Sevda – İlqar, ayrılmaqdan qorxuram.

İlqar – Qorxma Sevda, sən güclü qızsan axı. Odur ki, ayrılığa da hazır olmalısan Sevda – Nə bilim axı.

İlqar – Bəs  kim bilir? Onu bilirsən ki, mən səni sevirəm. Sənin sevginlə də cəbhəyə gedirəm.

Sevda – Əgər məni sevirsənsə, onda getmə.

İlqar – Ah Sevda, bircə onu məndən istəmə.

Sevda – Səni istədiyimdən deyirəm. Qorxuram ki, başına bir iş gələr.

İlqar – Qorxma gülüm.

Sevda – Mən sənsiz neyləyəcəm İlqar (Ağlayır).

İlqar – Sevda, məni belə yola salırsan? Onsuz da bütün fikrim burda qalacaq. Sevda – Bilirəm ki, sənsiz dözə bilməyəcəm.

İlqar – Dözəcəksən Sevda, həyat hər şeyi öyrədir insana.

Sevda – Ancaq mənə sənsizliyi öyrədə bilməz.

İlqar – Sevda, nə qədər ki, mən cəbhədəyəm məni gözlə, ərə getmə. Mənim böyük sevgimə xəyanət etmə. Əgər şəhid olsam, sonra özün bilərsən.

Sevda – Mən sənin nə özünə, nə də ruhuna xəyanət etmərəm. İlqar, mən həyatımda bir dəfə sevmişəm. Hər iki dünyada sənin sevginlə yaşayacağam.

İlqar – Mənim vəfalı sevgilim, səndən elə bu cavabı da gözləyirdim. Sənə çox inanıram Sevda. Nə q ədər ki, cəbhədəyəm uçan quşlardan, əsən küləklərdən sənə öz sevgimi göndərəcəm.

Sevda – Gözləyəcəm.

 İlqar – Qayıdacağam əzizim.

Sevda – (İlqarı qucaqlayır). Get əzizim, yaxşı yol. İlqar, heç səndən ayrılmaq istəmirəm.

İlqar – Bu ayrılıq əbədi deyil. Biz qovuşacağıq.

Sevda – O günü həsrətlə gözləyəcəm.

İlqar – Yaxşı əzizim, sən get, qoy arxanca doyunca baxım, sonra da mən gedim. Sevda – İlqar, səni çox sevirəm (Əllərini İlqarın əlindən çəkir və gedir).

İlqar – (Sevdanın arxasınca) Sevda, sənin sevginə inanıram. Məni unutma.

Bu vaxt Mehdi qaça-qaça gəlir.

Mehdi – Qardaş, gəl gedək ötürüm səni.

İlqar – Mehdi, kaş ki, bir az tez gələydin.

Mehdi Hə düz deyirsən, sən deyən vaxta bir az gecikmişəm.

İlqar Bir az yox çox gecikmisən. Bəlkə də mənim taleyimi qorumağa gecikmisən. Mehdi – İnan ki, İlqar, sən evdən çıxandan anam ağlayırdı. Onu güclə sakitləşdirmişəm. Qaçıb gəldim ki, səni yola salım.

İlqar – Sən anamdan muğayət ol. Onu sənə tapşırıram

Mehdi – Narahat olma qardaş, sən arxayın get.

İlqar – Anamı s ənə əmanət edirəmsə sənə çox güvənirəm qardaş, əgər bir az tez gəlsəydin sevdiyim qızı da sənə əmanət edib gedərdim.

Mehdi – Sevdiyin qızı? O burada idi.

İlqar – Burada idi, məni yola salmağa gəlmişdi .

Mehdi – Sevdiyin qızı mənə göstər, qoy onu tanıyım. Sən qayıdana kimi də göz bəbəyim kimi də qoruyacağam.

İlqar – Yox Mehdi, bu gün onu sənə göstərəcəkdim, amma, sən görüşə gecikdin. Mehdi – Ah ana…ana sənin ağlamağın məni gecikdirdi. Qardaşımın əmanətinə də sahib çıxa bilmədim

İlqar – Narahat olam qardaş, mənim sevdiyim qız elə qızdır ki, o bizim sevgimizi qoruyacaq. Mən, ona çox inanıram.

Mehdi – Yaxşı qardaş, təki Allah sizi xoşbəxt etsin. Hər zaman bir-birinizə qarşı belə sədaqətli olasınız.

İlqar – Sağ ol Mehdi, inanıram ki, sənin də qarşına mənim sevdiyim qız kimi ağıllı və sədaqətli qız çıxacaqdır.

Mehdi – Qardaş elə söz düşmüşkən, istəyirəm ürəyimi açım sənə.

İlqar – De görüm nə olub?

Mehdi – Mən işlədiyim xəstəxanada bir qız var. Çox ağıllı, tərbiyəli, səliqəli və gözəl qızdır. Ondan çox xoşum gəlir.

İlqar – Hə, nə gözəl. Sevirsən onu?

Mehdi – Hə sevirəm. Ədəb-ərkanını görsən, səni də heyran qoyacaq.

İlqar – Əgər qız xoşuna gəlirsə bir az, yoxla bir də, gör sevdiyi oğlan yoxdursa, evlənərsən onunla.

Mehdi – Heç vaxt inanmaram ki, o qız mənim olar.

İlqar – Niyə inanmırsan, inamsız olma qardaş. Bu həyatda hər şey ola bilər. Məsələn mən inanıram ki, biz Qarabağı azad edəcəyik.

Mehdi – Ona mən də inanıram.

İlqar – Elə isə mən getdim qardaş, anamdan, eveşikdən muğayət ol. Allaha əmanət olun.

Mehdi – Tanrı səni qorusun qardaş, sağ-salamat qayıdasan. İlqar – Sağ ol (Qucaqlaşırlar).

İlqar gedir. Mehdi onun arxasınca danışır.

Mehdi – Get qardaş, Allaha əmanət ol. Gün o gün olsun ki, Qarabağın zəfər xəbərini gətirəsən (Gedir).

 

II PƏRDƏ

                                          

                                          Yeddinci şəkil

Zemra – Salam, Savalan müəllim olar?

Savalan – Salam Zema, bəh…bəh…bəh, gözəlliyə bir bax.

Zemra – Savalan müəllim, vəziyyət heç də ürəkaçan deyil.

Savalan – (Təşviş içində) Nə olub, Zema.

Zemra – Savalan müəllim, dünən siz zavoddan çıxan kimi yoxlama gəldi. Savalan – Nə? Yoxlama?

Zemra – Hə yoxlama.

Savalan – Vay atamın evi yıxılıb ki, dünən işdən tez çıxmışdım məni tapmadılar hə?

Zemra – Hə tərs kimi dünən siz də tez çıxmışdınız.

Savalan – Tərs kimi yox, Zema, həmişəki kimi.

Zemra – Çox pis. Nə soruşdularsa cavab tapa bilmədim.

Savalan – Niyə Zema? Niyə cavab tapa bilmədin axı?

Zemra – Nə cavab verəydim? İlk sualları belə oldu ki, müdir hanı?

Savalan – Sən nə dedin?

Zemra – Heç nə, cavab tapa bilmədim.

Savalan – (Başını tutur) Vay…vay…Bir söz tapıb deyəydin də, Zema.

Zemra – Nə söz tapıb deyəydim, Savalan müəllim, bu da həyat yoldaşınız  Kubra xanım deyil ki, hər dəfə bir bəhanə ilə aldadım. Yoxlamadır, yoxlama.

Savalan – Bəs sonra nə dedilər?

Zemra – Sora isə işçilərlə maraqlandılar. Gördülər ki, iş vaxtından əvvəl neçəsi çıxıb gedib.

Savalan – Kim idi o əclaflar, çağır onları yanıma.

Zemra – Savalan müəllim, guya bilmirsiniz? Siz gedəndən sonra işçilər də yavaş-yavaş gedirlər.

Savalan – Kaş ki, dünən heç yana getməzdim. Mərdimazarı axtarmaqla deyil ki, özü gəlib adamı tapır. Daha nə soruşdular?

Zemra – Gördüyümüz işlərin siyahısını. Mən də verdim. Dedilər ki, çox azdır, burada nə edirsiniz? İşləmirsiniz?

Savalan – Hə düz deyiblər, biz proqramdan çox az işləmişik. Ay qız, gördün ki, vəziyyət pisdir, hərəsinə bir stəkan çay süzəydin, bir qutu şokalad qoyaydın qarşılarına.

Zemra – Savalan müəllim, siz nə danışırsınız, onlara çay təklif etməli münasibət yox idi. Üzlərindən zəhrimar yağırdı.

Savalan – Səni gördülər, kefləri açılmadı? Sən dünən yaxşı b əzənmişdin axı? Zemra – Heç üzümə belə baxmadılar. Elə yoxlama aparırdılar.

Savalan – Ah Zema ah…Sənə o qədər ətirlər aldım. O qədər pullar verdim, bir işimə yaramadın. Susdura bilmədin bir-iki yoxlamanı.

Zemra – Savalan müəllim, sizin o ətirlərinizin qarşılığında neçə illərdir həyat yoldaşınızı susdurmuşam də…

Savalan – Ay qız,  Kubra bir yana, de görüm son sözləri nə oldu?

Zemra – Dedilər ki, yoxlamaların cavabını sabah sizə göndərəcəyik.

Savalan – Göndərdilər?

Zemra – Yox, yəqin  mənim otağıma gətirəcəklər.

Savalan – Get bir maraqlan bəlkə gətiriblər? Zemfira – Gedim baxım (Gedir).

Savalan – Ay Allah, bu nə iş idi gəldi başımıza? Hardan gəldi bu yoxlama? Çünki bu zavodda heç bir iş qaydasında deyil. Əgər bütün sənədlərə baxıblarsa evim yıxıldı. Lənətə gəlsin bu günü ki, üzümə bəd xəbərlə açıldı. Mən neyləyəcəm, hə? (O tərə-bu tərəfə gedir), neyləyəcəm?Görəsən nə cavab göndərəcəklər. Heç olmasa bir az vaxt versəydilər bütün sənədləri qaydasına salardım. Kaş ki, vaxt verəydilər mənə bütün səhvlərimi düzəldərdim.

Bu vaxt Zemra əlində kağız gəlir.

Savalan – Zema, nə xəbər var? O nə kağızdır?

Zemra – İnanın ki, sizin qədər mən də kədərlənirəm. Zavodun fəaliyyətində yol verdiyiniz ciddi nöqsanlara görə işdən azadsınız. Budur əmriniz (Kağızı ona uzadır).

Savalan – Nə? Bu nə d əhşətli xəbərdir, Zema. Mənimlə zarafat edirsən?

Zemra – İnanmırsınız, oxuyun.

Savalan – (Kağıza baxır və onu Zemraya verir). Tut bu kağızı Zema, bu mənim əmrim deyil. Apar onu gətirdiyin yerə qoy. Mən vəzifəmdəyəm. Getmək istəmirəm. Mən burdan getsəm, yaşaya bilmərəm. Başa düşürsən Zema, yaşaya bilmərəm.

Zemra – Onu gələcək göstərər.

Savalan – Yox Zema, yəni deyirsən mən vəzifəmi, stolumu, dostlarımı, gördüyüm xoş günlərimi itirim, sonra da yaşayım, inan ki, Zema, yaşaya bilmərəm.

Zemra – Onu özünüz bilərsiniz.

Savalan – Zema, sən mənimlə niyə belə danışırsan?

Zemra – Xahiş edirəm, mənə Zema deməyin, adım Zemfira xanımdır. Çünki siz daha bu zavodun rəisi deyilsiniz. Sıradan bir insansınız.

Savalan – Necə?

Zemra – Hə, bax belə, bu da vəzifənizin sonu. Daha rəis deyilsiniz qışqırasınız, “Zema çay gətir, Zema qəhvə gətir”, qurtardı o günlər, Savalan müəllim. Bu gündən sonra mən zavodumuza təzə gələn müdirin katibəsi olacam.

Savalan – Sən nə etibarsız qadısan Zema. Vəzifədən çıxmağım bu qədər məni yandırmadı ki, sənin bu sözlərin yandırdı məni. Elə bil qəflət yuxusunda yatmışdım, bu gün ayıldım.

Zemra – Deyirəm həyat yoldaşınız  Kubra xanıma da deyərsiniz ki, iki dəqiqədən bir bu zavodun telefonlarını yığmasın. Çünki, artıq əri bu zavodun rəisi deyil. Savalan – Kubranın adını çəkmə. O sənin kimi deyil. Mən illərdir ona zülm eləmişəm, amma o bir dəfə də olsun mənim üzümə ağ olmayıb. Hərdən deyinən kimi ağzının üstündən  vururdum. Sənə aldıqlarımın heç birini ona almamışam. Sən isə hələ otaqdan çıxmamış üzümə ağ oldun.

Zemra – Savalan müəllim, söhbəti çox uzatmayaq. Yadıma düşmüşkən deyim ki, bu otaqda nəyiniz var yığışdırın ki, təzə gələn müdirin yanında alçalaraq yığışdırmayasınız. Xudahafiz (Gedir).

Savalan(İsteza ilə) Zema yox, mənə Zemfira xanım de. Dünənə qədər üzümə gülə-gülə bir dediyimi iki etməzdi. Bu gün necə də dəyişdi, deyir otağı yığışdır get. Mənim buradan aparacağım bir şey yoxdur. Ancaq axmaq sənədlərdir, onların da cəzasını aldım. Bir də ki, (şokalad qutusunu götürür) bu da qalsın təzə g ələn  müdir çay içər, şirinlikdir (Getmək istəyir, arxaya baxır). Mən bu zavoda gələndə çox böyük həvəslə gəlmişdim. Əvvəlcə f əhlə oldum, sonra yavaş-yavaş v əzifəm böyüdü rəis oldum. Amma görünür yaxşı müdir olmamışam. Elə ona görə də əliboş gedirəm. Nə yola salan var, nə də bir sağ ol deyən (Gedir).

                                                                                                     

Səkkizinci şəkil

 

Xəstəxana. Sevda xanım otağındadır. Mehdi gəlir.

Mehdi – Gəlmək olar Sevda xanım?

Sevda – Buyurun, gəlin.

Mehdi – İşlər necə gedir?

Sevda – Yaxşıdır, sağ olun.

Mehdi – Xəstələrinizin vəziyyəti necədir?

Sevda  – Pis deyillər.

Mehdi – Bayaq sizi bir az pərişan gördüm.

Sevda – Hə, düz deyirsiniz, bir xəstəm var, neçə gün idi əməliyyatdan sonra qızdırması düşmürdü.

Mehdi – Bütün yardımları göstərmisiniz?

Sevda – Hə. Bu gün bir qədər yaxşılaşıb. Çox həssas xəstədir. Bir söz deyən kimi o saat həyəcanlanır.

Mehdi – Həssas insanları sevmirsiniz?

Sevda – Sevirəm. Mən özümdə həssas insanam.

Mehdi – Ona görə də sizinlə söhbətimiz tutar. Mən də h əssas insanam. Xəstələrimi müayinə edərkən narazılığı onları üzündən oxuyuram.

Sevda – Yəqin ona görə xəstələriniz razı qalır sizdən. Baş həkim də sizdən çox razıdır.

Mehdi– Mən birinci dəfə bu xəstəxanaya gələndə əllərim əsirdi. Səadət xanımla birlikdə işlədikcə həkimlik məktəbi keçdim. Sizi tanıdıqdan sonra isə həyat məktəbi keçdim.

Sevda – (Gülmsəyir) O nə deməkdir?

Mehdi – O deməkdir ki, sizin simanızda əsl Azərbaycan qızını gördüm.

Sevda – Çox sağ olun.

Mehdi – Sizdəki mədəniyyət, nəzakət, ədəb-ərkan məni heyran qoydu.

Sevda – Təşəkkür edirəm.

Mehdi – Sevda xanım, sizə bir söz demək istəyirəm, amma qorxuram.

Sevda – Nədən qorxursunuz?

Mehdi – Cavabınızdan?

Sevda – O nə sözdür ki elə?

Mehdi – Mənim həyatım qədər dəyərli bir sözdür.

Sevda – Deyin görüm nədir?

Mehdi – Sevda xanım, mən sizə vurulmuşam.

Sevda – Nə?

Mehdi – Hə, sizi sevirəm, özüdə çox sevirəm?

Sevda – Siz nə danışırsınız, bu ola bilməz.

Mehdi – Bu həqiqətdir Sevda xanım. Mən sizi gördüyüm andan yadımdan çıxara bilmirəm. Gecələr yuxumda da sizi görürəm. Nə edirsiniz edin, ancaq mənə yox deməyin.

Sevda – Necə yox deməyim, axı?

Mehdi – Axı. Nə axı?

Sevda – Axı mənim sevdiyim var.

Mehdi – Sevdiyiniz var? Doğru deyirsiniz?

Sevda – Doğru deyirəm.

Mehdi – Əgər həqiqətdirsə…Yalvarıram bu acı həqiqəti yaşatmayın mənə.

Sevda – Ancaq bu bir həqiqətdir. Mənim sevdiyim oğlan var. Mən sizin fikrinizə hörmət edirəm, amma, bu ürəkdir, hökmü də bizdən xəbərsiz verir. Nə bu sözü siz demisiniz, nə də mən eşitmişəm.

Mehdi – Bəs sevdiyiniz varsa, özünüzü mənə niyə sevdirdiniz?

Sevda – Sizin gözlərinizə baxmamışam. Əgər bilsəydim belə fikriniz var, inanın ki, qoymazdım.

Mehdi – Bunu bacarmazdınız, məni sizə olan sevgimdən heç kim mərhum edə bilməz.

Sevda – Qəbul edin ki, mənim sevdiyim var. Düzdür, o burda yoxdur, ancaq ürəyi mənimlədir.

Mehdi – Yoxdur? Haradadır?

Sevda – Cəbhədədir. Döyüşə gedib.

Mehdi (Gülür) Sözə bax, döyüşə gedib.

Sevda – Nəyə gülürsünüz, o ki şərəfli bir yolla gedib.

Mehdi – Onun getməyinə gülmürəm, sizin belə inamla, böyük həvəslə onu gözləməyinizə gülürəm. Nə bilirsiniz ki, o cəbhədən sağsalamat qayıdacaq?

Sevda – Bilirəm, qayıdacaq. O mənə söz verib. Mütləq qayıdacaq və biz evlənəcəyik.

Mehdi – Birdən qayıtmasa?

Sevda – Qayıtmasa da onu sevəcəm, onun ruhu ilə yaşayacam.

Mehdi – O bəxtəvər oğlan kimdir görən?

Sevda – Taleyimin ən böyük bəxşişidir.

Mehdi – Sevda xanım, məni niyə belə m əyus edirsiniz? Sonu bilinməyən bir eşqin odu ilə alışıb-yanmaqdansa mənim böyük məhəbbətimə niyə cavab vermirsiniz?

Sevda – Siz mənim sevdiyim oğlan haqqında bu sözləri deyə bilməzsiniz? Dedim axı mən onu sevirəm, bütün ürəyim də ona məxsusdur.

Mehdi – Məni özümdən çıxarırsınız artıq. Baxın Sevda xanım, əgər məni sevməsəniz başınıza elə oyun açacağam ki, peşman olacaqsınız.

Sevda – Sizə kim ixtiyar verib ki, mənimlə belə danışırsınız. Sonra da ki, nə istəyirsiniz edin. Mən öz böyük sevgimin yolunda ölümdən belə qorxmuram. Mehdi – Yaxşı, baxarıq, əvvəlcə sizi baş həkimin gözündən salacam, sonra isə bütün kariyeranızı məhv edəcəm. Bu xəstəxanada bütün həkimlərin gözündən düşəcəksiniz. Nə q ədər ki, gec deyil daşının o əbədi sevginizdən. Məni sevin Sevda xanım, məni.

Sevda – Danışdıqca yazığım gəlir sizə. Görün mə nim böyük sevgimi nə ilə müqayisə edirsiniz. “Baş həkimin gözündən salacam. Koriyeranızı məhv edəcəm”. Əgər bununla siz mənim sevgimi qazanmaq istəyirsinizsə səhv edirsiniz. Ancaq nifrətimi qazana bilərsiniz. Unutmayın Mehdi bəy, mən öz sevdiyim oğlanın yolunda hər bir əzaba dözərəm.

Mehdi – Dözə bilməyəcəksiniz. Sizi elə bir və ziyyətə gətirib çıxaracam ki, çarəsiz qalıb məni sevəcəksiniz.

Sevda – Bu qədər aciz olmayın. Çarəsizlikdən yara nan sevgi sevgi deyil, çətinlikdən çıxış yoludur. Mən isə heç vaxt o yolla getmərəm.

Mehdi – Gedəcəksiniz. Məcbur olub gedəcəksiniz.

Sevda – Bayaqdan səbr edirəm, amma daha dözə bilmirəm. Siz məni heç nəyə məcbur edə bilməzsiniz. Xahiş edirəm otağımı tərk edin.

Mehdi – Məni qovursunuz?

Sevda – Necə istəyirsiniz elə də başa düşün.

Mehdi – Bu sizə baha başa gələcək.

Sevda – Qoy gəlsin, çıxın otağımdan.

Mehdi – Dünən gəlib bu gün məni otaqdan qovursunuz? Mən bilirəm bunun cavabını necə verəcəm sizə (Gedir).

Sevda – Axmaq insan. Dəli olub, nədir? Deyir haqq-nahaq məni sevməlisən. Heç sevdiyim oğlan olmasa belə, sənin kimi aciz bir oğlanı sevməzdim (Bu vaxt telefon zəng çalır). Alo, bəli Səadət xanım, yaxşı, bu saat gəlirəm.

Durur və otaqdan çıxır.

 

Doqquzuncu şəkil

Savalan müəllimin evi. Sevda gəlir. Əlindəki çantasını stolun üstünə qoyur.

 

Sevda – Ah, necə də yorulmuşam. Görəsən, anam nə bişirib, heç səsi gəlmir. Ana, ay ana, hardasan?

Kubra – Gəlirəm, qızım (Gəlir). Gəldim mənim balam (Qucaqlaşırlar).

Sevda – Ana, bu gün çox yorulmuşam, inan ayaq üstdə dayana bilmirəm.

Kubra – Niyə qızım?

Sevda – Bu gün bir neçə ağır xəstə gətirmişdirlər. Günorta da baş h əkim məni çağırdı xəstələrin vəziyyətini soruşdu. Sabaha da iki əməliyyat planlaşdırdıq.

Kubra – Can ay bala, vaxtında dedim axı sənə, həkim olma. Bu ağır peşədir.

Sevda – Ay ana, nə olsun ki çətindir, mən bu peşəni sevirəm.

Kubra – Bəs ananın bişirdiyi yeməkləri necə, sevirsən?

Sevda – Əlbəttə ana. De gorüm bu gün nə bişrmisən?

Kubra – Sənin üçün gözəl yarpaq dolması bişirmişəm.

Sevda – Bəh…Bəh…Ləzzətli yeməkdir yarpaq dolması.

Söhbətin bu yerində qapının zəngi basılır.

 

Kubra – Görəsən kimdir, qoy gedim açım (Savalan gəlir), sənsən?

Savalan – Salam  Kubra, (Üzünü Sevdaya tutur) Salam qızım?

Sevda – Dedin axı gəlməyəcəksən. Amma sən yenə gəlmisən.

Kubra – Nə olsun gəlib qızım. Bu saat da qayıdıb gedəcək.

Savalan – Yox  Kubra, getməyəcəm, bu dəfə birdəfəlik gəlmişəm.

Sevda – Birdəfəlik?

Savalan – Hə. Bir daha heç yerə getməyəcəm.

Kubra – Heç nə başa düşmürəm.

Savalan – Başa düşməli odur ki, mən əvvəlki Savalan deyiləm.

Kubra – Əlli yaşdan sonra təzədən doğulmusan? (Gülür).

Savalan – Allaha şükür edirəm ki, əlli yaşdan sonra da olsa, məni doğru yola çəkdi. Kubra – Elə bil yuxu görürəm, bu nə danışır?

Sevda – Ana qoy danışsın, görək nə deyir.

Savalan – Qızım olan odur ki, məni işdən çıxardılar. Bu dünyada heç doğru yolla getməmişəm. Sizi çox incitmişəm. Kubra, sənə yaxşı həyat yoldaşı ola bilməmişəm. Bu gün axırıncı dəfə zavoddan çıxanda elə bil yuxudan oyandım. Sonra etdiyim  günahların kölgəsində sürünə-sürünə bu evə g əldim.

Sevda – Çünki burdan başqa gedəcək yerin yoxdur, ata.

Savalan – Qızım mən burdan başqa hara gedə bilərəm? Qızımı, həyat yoldaşımı qoyub hara gedə bilərəm.

Kubra – Günün harada xoş keçirdi gedə bilərdin.

Savalan – Mənim günüm ancaq burada xoş keçə bilər.

 Kubra – İndi sənin bizə ehtiyacın var. Ona görə belə deyirsən. Amma bizim  sənə ehtiyacımız yoxdur.

Savalan – Etdiyim səhvləri üzümə vurmayın. Məni döyün öldürün, lakin, bu sözləri deməklə mənə əzab verməyin.

Kubra – Sən də bizə elə əzab vermisən. Sən məni yaşatmamısan, süründürmüsən. Savalan – Bilirəm  Kubra, istəyirsən qarşında diz çöküm, yalvarım sənə, ancaq məni bu evdən mərhum etmə.

Kubra – Yadındadır, mən də s ənə bax belə yalvarırdım. Sən nə edirdin? Məni vururdun ya da üç-beş manat pul atıb, yenə gedirdin. O zamanlar mən çarəsiz idim. Sevda qucağımda körpə idi. Sənin üç-beş manatına möhtac idim. Sən rəis idin, pullarının hesabını bilmirdin. Mən isə sənin dilənçin idim.

Savalan – O vaxtlar dilənçim ola bilərdin anacq indi mənim gözlərimdə ən uca zirvədə olan qadınsan.

Kubra – Yox o zirvədəki qadın, adı dilindən düşməyən gözəlçə katibən Zemadır. Nə vaxt zəng vururdum utanmaz-utanmaz deyirdi “Savalan müəlim iclasdadır”. Savalan – O iclaslar qurtardı, Kubra.

Kubra – Mənim də sənə olan sevgim qurtarıb.

Sevda – Ana, bir az səbirli ol.

Savalan – Mən sənin sevgini bir də qazanacağam.

Kubra – Həyatda bəzi itirdiklərimiz var ki, onları ikinci dəfə qazanmaq olmur. Savalan – Kubra, sənin də sevgini qazanacağam, qızımın da, yalvarıram məni başa düşün. Qızım, sənə yalvarıram, məni özündən uzaqlaşdırma. Sən mənim yeganə övladımsan. Mən sənsiz yaşaya bilmərəm. Bağışla məni, qızım. Uzun illər yanında olmadığım üçün, sənə diqqət göstərmədiyim üçün məni bağışla.

Sevda – Ata sən məni dünyaya bəxş edən iki varlıqdan birisən. Ata elə bir varlıqdır ki, onu bağışlamamaq mümkün deyil. Sən mənə qarşı n ə qədər diqqətsiz də olsan, mən yenə də sənin atalıq borcunu qaytara bilmərəm.

Kubra – Sən nə danışırsan, qızm?

Sevda – Ana, atam da, sən də məni işıqlı dünyaya bəxş etmisiniz. Mən sizin borcunuzu ömrümün sonuna qədər qaytara bilmərəm.

Savalan – Sağ ol qızım. İlahi, mənim  necə də ağıllı qızım var imiş. Heç mənə layiq deyil. Qızım, anana da de, bağışlasın.

Sevda – Ata, bunu öz aranızda həll edin. Mən gedirəm, sizə son sözüm budur ki, mənim ən böyük arzum sizin ikinizi bir yerdə görməkdir (Gedir).

Savalan – Kubra, eşitdinmi qızımız nə dedi?

Kubra – Eşitdim Savalan, elə həmin qızdır məni bu günə q ədər sənin verdiyin əzablara dözməyə m əcbur edən.

Savalan – İndiyə qədər dözmüsən, indi də bağışla məni, nə olar. And içirəm ki, nə qədər ömrüm varsa sənə sədaqətlə, hörmətlə yaşayacağam. Sənə yalvarıram, qoyma məni çöllərdə yaşayım.

Kubra – Mən səni qızıma görə bağışlamağa məcburam. Amma bu o demək deyil ki, ürəyim səninlə barışır. Əgər qızımı fikirləşməsəydim, bir göz qırpımında səni buradan qovardım.

Savalan – Onu eləmə  Kubra, səni and verirəm qızımızın  canına.

Kubra – Səni bağışlayıram, neyləyim Tanrım mənə bir ömür verdi. O ömrü də səninlə çürütdüm. Əlbəttə ki, bu gün sən tükənmisən. Daha rəis deyilsən. Cibində pulun yox. Ona görə də pənah gətirib gəlmisən bura.

Savalan – Sən də sağ ol ki, məni geri qaytarmadın.

Kubra – Qaytarmadım, acı qismətimlə barışdım. Səni bağışladım, böyüklük etdim. Bilirsən niyə? Çünki sən qarşımda kiçildin.

Savalan – Böyük qadının qarşısında kiçilərlər. Kubra, illərdir sənin əlindən bir stəkan çay içmirəm. Xahiş edirəm, mənə bir stəkan çay gətir.

Kubra – Gətirərəm. Nə qədər də olmasa bu dəfə gətirdiyim çayı stolun üstündə qoyub getməyəcəksən. Yadındadır, sənə çay gətirən kimi saata baxırdın “tələsirəm, çıxmalıyam” deyib qaçırdın. Səndən sonra oturub, buz kimi soyuyan çayına baxırdım. Süzdüyüm çaydan iki-üç dəfə də artıq gözyaşları tökürdüm.

Savalan – O günləri yada salıb gətirirsənsə gətirmə. Keçən hər günün səhvinə görə min dəfə üzr istəyirəm.

Kubra – Eh…Nə deyim (Gedir).

Savalan – İlahi bu gün elə utanıram ki, yer yarıla kaş ki, yerin altına gedəm. Elə bilirdim ki, həmişə rəis olacam, həmişə eyni həyatı sürəcəm. Etdiklərimə görə çox peşmanam. Öz evimdən, ailəmdən ötrü çox darıxmışam. Kubra çay gətirənə qədər çıxım bir bağçanı gəzim (Gedir).

 

 

 

 

Onuncu şəkil

Xəstəxana. Cəbhədən yaralı əsgər gətirirlər.

Səadət – (Təlaşla). Tez olun, həkimlər hardasınız?

Mehdi – (Gəlir). Nə olub Səadət xanım?

Səadət – Mehdi, tez ol xəstəxanamızın ən yaxşı həkimi olan Sevdanı çağır.

Mehdi – Nə?

Səadət – Niyə dayanmısan. Tez ol, Sevdanı çağır yanıma.

Mehdi – Səadət xanım, xəstəxanamızda o qədər yaxşı həkimlər var ki, niyə Sevda? Səadət – Mehdi, sənə deyirəm Sevdanı çağır. O daha sürətlə əməliyyat edir. Yaxşı həkimdir Sevda. Mənim sözümün qabağına söz demə, eşidirsən.

Mehdi – Baş üstə Səadət xanım, bu saat çağıraram. Bu vaxt Sevda özü gəlir.

Sevda – Səadət xanım, niyə belə həyəcanlanmısınız?

Səadət – Sevda, cəbhədən ağır xəstə gətiriblər.

Sevda – Allah köməyi olsun.

Səadət-Sevda, tez ol əməliyyata hazır ol ki, lazım olsa o dəqiqə başla.

Sevda – Mən hazıram. Xəstə gəlsin, ilkin yardımı göstərək. Sonra lazım olsa əməliyyat masamız həmişəki kimi hazırdır.

Mehdi – Səadət xanım, siz xəstəni görmüsünüz? Deyirəm, əgər vəziyyəti ağırdırsa, bəlkə daha təcrübəli həkimləri çağıraq.

Səadət – Mehdi, mən xəstənin vəziyyətini düşünürəm. Siz isə mənə yol göstərirsiniz. Bilmirəm nə d ərdiniz var. Ancaq, Sevda, yaxşı h əkimdir. Mən ona güvənirəm.

Mehdi – Bağışlayın, o mənada demədim. Yəni, Sevda cavan həkimdir demək istəyirəm.

Səadət – Həkim üçün nə fərqi, yaşlı, ya da cavan. Əsas odur ki, yaxşı həkim olsun. Sevda – Nə qədər pis həkim olsam da sizin kimi aciz deyiləm.

Mehdi – Mənə aciz deyirsiniz?

Səadət – Bəsdirin. Ağzımda deyirəm ağır xəstə gəlir, siz hələ də bir-birinizə söz atırsınz.

Bu vaxt xəstəni gətirirlər.

Səadət – Budur gətirdilər xəstəni. Sevda yaxınlaş.

Sevda – (Yaxınlaşır). Aman Allah, qorxduğum başıma gəldi. Bu İlqardır (Xəstənin əllərini qucaqlayır). İlqar, əzizim, sənə dedim axı getmə cəbhəyə. Dedim axı, ora qan içindədir.

Səadət – Sevda, sən bu xəstəni tanıyırsan? Adını hardan bilirsən?

Sevda – Səadət xanım, İlqar mənim sevdiyim oğlandır (Qışqıraraq ağlayır). İlqar, sən ölməyəcəksən. Qorxma, sən ölməyəcəksən. Lazım gəlsə öz canımı verərəm sənə, amma qoymaram öləsən (Özünü pis hiss edir və yerə yıxılır).

Mehdi – (Sevdanı tutmaq istəyəndə xəstəni görür). Allahım, bu gördüklərim yuxu olsun. İlqar, qardaş. İlqar, cavab ver mənə (Ürəyini tutur).

Səadət – Deyin görüm burda nə baş verir, bu xəstəni məndən başqa hamınız tanıyırsınız.

Mehdi – Tanımaq nədir Səadət xanım, bu oğlan mənim qardaşımdır.

Sevda – (Ayılır) Necə, İlqar sənin qardaşındır?

Mehdi – Hə Sevda, qardaşımdır.

Sevda – Ola bilməz.

Mehdi – O mənim qardaşımdır. Demək sizin sevdiyiniz oğlan

İlqardır?

Sevda – Hə. Həsrətlə yolunu gözlədiyim sənin isə yerini tutmaq istədiyin oğlan İlqardır.

Mehdi – Sus. Danışma. Mən o qədər vicdansız deyiləm ki, qardaşımın yerini tutum. Sevda – Amma etdin.

Mehdi – Mən heç  vaxt qardaşımın sevdiyinə göz dikmərəm.

Səadət – Siz nədən danışırsınız? Xəstə ilə məşğul olun.

Sevda – Nəbzi yaxşı vurur, ancaq əməliyyat olunmalıdır.

Səadət– Sevda, bu əməliyyatı bəlkə sən etməyəsən? Başqa həkim çağırım?

Sevda – Ehtiyac yoxdur. Niyə belə dediniz?

Səadət – Çünki çox həyəcanlısan. Həm də bu xəstə sənin sevdiyindir, birdən əməliyyat zamanı özünü itirərsən.

 Sevda – Yox Səadət xanım, İlqarı özüm həyata qaytaracağam. Heç bir həkimə etibar edə bilmərəm.

Mehdi – Sevda, sən mənim qardaşımı necə də çox sevirsən. Kaş ki, heç ürəyimi açmayaydım sənə.

Sevda – Danışma, indi biz İlqarı h əyata qaytarmalıyıq (İlqarın qolunu açır və iynə vurur). Səadət xanım, on dəqiqədən sonra xəstə əməliyyata girə bilər.

Səadət – Sevda, qızım heç özünü itirmə, çalış ki, var gücünlə işləyəsən və sevdiyini həyata qaytarasan.

Sevda – Narahat olmayın, Səadət xanım, əməliyyat inşallah uğurlu olacaq.

İlqar ölməyəcək. O yaşayacaq.

Mehdi – Qardaşım sənin əllərində ölməz, o səni çox sevirdi.

Səadət – Əlləri qurusun onu vuran düşmənin.

Mehdi – İlqar, sən niyə bizi məyus etdin? İndi anama necə deyim sən yaralanmısan? İlqar, aç gözlərini qardaş.

Sevda – Mehdi, ağlama. Sənin qardaşın güclü oğlandır, o nə qədər qan itirsə də dözəcək.

Mehdi – Sevda, yalvarıram sənə, qardaşımı həyata qaytar, o mənim ümid yerimdir. Sevda – Ona görə c əbhədən sağ-salamat qayıdacağına inanmırdın? İstəyirdin ki, ona xəyanət edim?

 Səadət – Yaxşı, mən gedirəm əməliyyat otağına görüm hər şey qaydasındadırmı, bir azdan xəstəni gətirərsiniz (Gedir).

Sevda – Vurduğum iynə öz  təsirini göstərir ürək döyüntüləri normaldır. Əməliyyata hazırdır.

Mehdi – Sevda, sənə bir söz demək istəyirəm.

Sevda – Nə söz?

Mehdi – Sevda, sən mənim qardaşımın sevdiyisən.

O da sənin sevdiyindir. Bilirəm ki, siz bir yerdə xoşbəxt olacaqsınız. Buna görə d ə mən aranızdan çəkiləcəyəm. Sevda, səndən bir xahişim var, mənim səni sevdiyimi, aramızda olan sözləri İlqara demə. Bütün bunları bir ömür boyu böyük sirr olaraq saxlaya bilərsən?

Sevda – Əlbəttə ki, bu belə də olmalıdır. Mən İlqarı sevirəm. Onsuz yaşaya bilmərəm. Söz vermişdi ki, cəbhədən qayıdan kimi evlənəcəyik. O sənin məni sevdiyini bilsə heç  vaxt mənimlə evlənməz. O çox qısqanc oğlandır. Bəzən məni özünə də qısqanırdı. Aramızdakı söhbət əbədiyyətə qədər sirr olaraq qalacaq. Mehdi – Sağ ol Sevda, sən necə də gözəl qızsan. İstəmirəm qardaşımın xoşbəxtliyini əlindən alım.

Sevda – Onda bir-birimizə bacı-qardaş gözü ilə baxaq. Mehdi – Əgər sənə bacı gözündə baxa bilməsəm, onda bu diyardan baş götürüb gedəcəm. Çünki, qardaşımın namusuna başqa gözlə baxa bilmərəm.

Sevda – Bu gözəl insanlığın üçün sağ ol. Bir az tez ol, İlqarı əməliyyat otağına aparmalıyıq.

Mehdi – Hər şey danışdığımız kimi olacaq?

Sevda –Yaxşı.

Sevda və Mehdi İlqarı aparırlar.

 

On  birinci şəkil

Xəstəxana. Sevda İlqarı əməliyyatdan sonra müayinə edir.

Sevda – İlqar, əzizim, aç gözlərini. Artıq əməliyyat qurtarıb. Aç gözlərini, qorxma, aç. İlqar, eşidirsən məni? Başa düşürsən məni? Elə bil yatmışdın, yuxu görürdün, indi aç gözlərini.

Mehdi – Sevda, inanırsan qardaşım ayılacaq?

Sevda – Əlbəttə inanıram. Bu dəqiqələrdə ayılmalıdır. Əllərinə bax, hərəkət edir. Mehdi – Bəs niyə gözlərini açmır?

Sevda – Açacaq, darıxma. O bu saat bizim dediklərimizi eşidir. Sadəcə gücünü

toparlayıb cavab verə bilmir.

Mehdi – Sevda, qardaşımla son dəfə danışmağımız yadıma düşdü. Onu cəbhəyə yola salmağa gəlmişdim. Sən demə m əndən qabaq da səninlə görüşüb. Məni danladı  ki, bir az əvvəl gəlsəydin sevdiyim qızı s ənə göstərərdim. Məndən sonra onu qoruyardın. Yalvardım ki, bu gün o qızı tap göstər mənə, dedi gecdir, gecikirəm və getdi.

Sevda – Deməli biz İlqarla son dəfə görüşəndə səni görə bilərdim hə?

Mehdi – Hə, mən bir az tez gəlsəydim görüşəcəkdik.

Sevda – İlahi həyat necə də qəribədir. Kaş ki, görüşəydik, tanıyaydım səni.

Mehdi – Kaş ki…

Sevda – Eybi yoxdur, heç indi də gec deyil. Nə itirmişik ki?

Mehdi – Gecdir  Sevda. Sən heç nə itirməmisən. Nə itirmişəmsə mən itirmişəm, anamı, qardaşımı, sevdiyim qızı, işimi, peşəmi – hər şeyimi itirmişəm. Ürəyimi itirmişəm.

Sevda – Niyə axı?

Mehdi – Sevda, mən sənin üzünə baxa-baxa qardaşıma xəyanət edə bilmərəm. Siz bir-birinizi sevirsiniz, mən isə cavabsız bir eşqin qurbanı ola bilmərəm. Hamının yanında deyəcəm ki, xaricə təhsilimi davam etdirməyə gedirəm.

Sevda – Sən nə danışırsan? Hara gedirsən?

Mehdi – Məni başa düş, səninlə eyi evdə  saxta münasibətlərlə yaşaya bilmərəm. Görürəm ki, sizin ayrılmağınız mümkün deyil, odur ki, mən getməliyəm.

Səadət –  (Gəlir) Sevda, necədir xəstənin vəziyyəti?

Sevda – Yaxşıdır Səadət xanım, bircə gözlərini  açmağı qalıb.

Səadət – Qızdırması yoxdur ki?

Sevda – Bədəninin hərarəti normaldır.

Mehdi – İlqar, aç gözlərini, bax mən yanındayam. Sevda da yanındadır. Sevda, sevdiyin qız.

İlqar(Gözlərini açmaq istəyir) Sevda…Sevda…

Sevda – İlqar, mənəm Sevda. Sənin Sevdan.

Səadət – Həyəcanlandırmayın. Oğlum, aç gözünü mənim balam.

İlqar – (Gözlərini açır) M ən hardayam? Bura haradır?

Səadət – Bura xəstəxanadır oğlum. Sən yaralanmış dın, indi isə yaxşısan.

İlqar – Nə? Xəstəxana?

Sevda – Xəstəxanadır. İlqar, əzizim.

İlqar – Sevda. Mənim gülüm!

Mehdi – İlqar, qardaş!

İlqar – Mehdi, qardaşım mənə nə olub siz haradan gəldiniz?

Sevda – Sən cəbhədə yaralanmışdın İlqar, sonra da səni bura gətiriblər.

Mehdi – Qardaş, səni bilirsən kim qaytardı həyata? Sevda, sevdiyin qız.

İlqar – Sevda, məni yaşadan da, həyata qaytaran da sənsən.

Səadət – Oğlum, şükürlər olsun ki, özünə gəl din. Sevda xanım sənin sevgilin, bizim xətə xanamızın isə gözəl həkimidir. Mən sənin həyatını ona etibar etdim. İlqar – Onsuz da mənim həyatım Sevdanın əlində idi.

Mehdi – Bir-birinizi çox sevirsiniz İlqar, Allah sizi xoşbəxt etsin.

İlqar – Mehdi, bəs sənin sevdiyin qız necə, o da səni belə sevirmi?

Mehdi – Yox qardaş, biz ayrıldıq. Soruşdum, sevdiyi oğlan var imiş.

İlqar – Səni sevmirmiş?

Mehdi – Yox. Özümü aldadırmışam. Sən xoşbəxtsən qardaş, belə sevdiyin var. İlqar – Sevda, bizim böyük sevgimizin gücü ilə qaldır məni. Ancaq sənin qollarının taqəti qaldırar məni. Sevda – Qalx İlqar, bir də yıxılmamaq şərti ilə qalx.

İlqar – Nə qədər ki, sən yanımdasan yıxılmaram sevgilim. Sən məni ölməyə qoymadın, bu gündən yeni həyata başlayıram.

Mehdi – Qardaş, mən də bu gündən yeni həyata başlayıram.

İlqar – Sən niyə qardaş?

Mehdi – Təhsilimi davam etdirmək üçün xaricə gedirəm. Neçə vaxtdır gözləyirdim ki, sən cəbhədən gələsən ki, mən gedim.

İlqar – Mən cəbhəyə yenə gedəcəm.

Səadət – Yox oğlum, daha gedə bilməzsən. Çünki,  bu əməliyyatdan sonra hərbi xidmətə yararsızsan.

İlqar – Necə? Sevda – Narahat olma əzizim, müalicə edəcəyəm sağalacaqsan. Səadət – Mehdi, sən ki kifayət qədər güclü həkimsən, bundan sonra oxumağa nə gərək var?

Mehdi – Səadət xanım, bilirsiniz ki, bizim peşəmiz oxuduqca oxumağı sevir. Səadət – Sənə uğurlar oğlum. Görürəm ki, xəstəmiz yaxşıdır, mən gedim.

İlqar – Sağ olun həkim diqqətiniz üçün.

Səadət – Xəstələrimizə diqqət bizim həm vəzifə, həm də peşə borcumuzdur (Gedir).

Mehdi – Mən də gedimmi qardaş?

İlqar – Mehdi, gedirsən? Bəs bizim toyumuzu görməyəcəksən?

Mehdi – Ən böyük arzum sənin toyunu görmək idi. Ancaq taleyin acı gerçəkləri məni bu toyu görməyə qoymadı.

İlqar – Gerçəklik deyəndə ki, öz əlindədir. Getmə, toyumuzu da gör. Elə deyil, Sevda?

Sevda – Ona necə deyim getmə?

İlqar – Deyirsən getsin?

Sevda – Əgər qərarını veribsə, getsin. Yolu açıq olsun.

Mehdi – Sağ ol Sevda, ən azından bu qərarımı başa düşdüyün üçün.

Sevda – Sağ olun qardaş. Xoşbəxt olun (Gedir).

İlqar – Sevda, əzizim, sən məni həyata qaytarmısan. Qoy əllərindən öpüm.

Sevda – Bu gün çox xoşbəxtəm, sənin gözlərinin açıldığını gördüm.

İlqar – Mən də xoşbəxtəm, sənə qovuşdum. Səni sevirəm, Sevda.

Sevda – Mən də səni sevirəm. İlqar – Onda niyə uzadırıq bu ayrılığı? Anama deyim, toy gününü təyin edək.

Sevda – Biz evlənirik? Neçə illik həsrətə son qoyuruq?

İlqar – Mən bu gün xoşbəxtliyin zirvəsindəyəm.

Sevda – Mən isə xoşbəxtlikdən qanad açıb uçuram.

İlqar – Çox uzaqlara uçma haaa…Sonra səni tuta bilmərəm.

Sevda – Qorxma əzizim, hansı səmtə uçsam da yenə gəlib sənin çiyinlərinə qonacam.

İlqar – Sevda, bu səninlə unudulmaz görüşümüzdür. Bu gün biz evlənməyə qərar verdik.

Sevda – Hə. Unudulmaz görüşümüzdür. Qucaqlaşırlar.

İlqar Sevdanın əllərini üzünə tutaraq öpür və pərdə salınır.

 

                                            Son.

 

RELATED ARTICLES

Uluslararası Hazar Şiir Akşamları, Türk dünyasını Elazığ’da buluşturdu

Türk dünyasını Elazığ’da buluşturan ve üç gün süren ‘27. Uluslararası Hazar Şiir Akşamları’ programları sona erdi. Ulusal ve uluslararası önemli şair ve yazarları bir araya...

Irak Türkmenleri Antalya’da buluştu

Irak Türkmen Birliği ve Dayanışma Derneği’nin “Kerkük’ten Anadolu’ya” konseri, Muratpaşa Belediyesi Kültür Salonu’nda gerçekleştirildi. Kerküklü efsane sanatçı İbrahim Rauf Terzi’nin sahne aldığı gece, coşku...

Kötü Komşu Ev Sahibi Yaptı

Kötü Komşu Ev Sahibi Yaptı Prof. Dr. Ata Atun Amerika Birleşik Devletler hükümeti 2024 yılının başlarında uzun süren müzakerelerin ve tartışmaların ardından ABD'nin NATO müttefiki Türkiye...

Most Popular

Uluslararası Hazar Şiir Akşamları, Türk dünyasını Elazığ’da buluşturdu

Türk dünyasını Elazığ’da buluşturan ve üç gün süren ‘27. Uluslararası Hazar Şiir Akşamları’ programları sona erdi. Ulusal ve uluslararası önemli şair ve yazarları bir araya...

Irak Türkmenleri Antalya’da buluştu

Irak Türkmen Birliği ve Dayanışma Derneği’nin “Kerkük’ten Anadolu’ya” konseri, Muratpaşa Belediyesi Kültür Salonu’nda gerçekleştirildi. Kerküklü efsane sanatçı İbrahim Rauf Terzi’nin sahne aldığı gece, coşku...

Kötü Komşu Ev Sahibi Yaptı

Kötü Komşu Ev Sahibi Yaptı Prof. Dr. Ata Atun Amerika Birleşik Devletler hükümeti 2024 yılının başlarında uzun süren müzakerelerin ve tartışmaların ardından ABD'nin NATO müttefiki Türkiye...

“Erbil veya Diyarbakır”

“Erbil veya Diyarbakır” Fevzi Türker 30 Kasım 2024 Eski Türkiye Başbakanı ve Gelecek Partisi Genel Başkanı Ahmet Davutoğlu,kuzey Irak’ ın Duhok şehrinde,Kürdistan-Amerikan Üniversitesince 22-23 Kasım 2024 tarihinde...

Recent Comments