Azərbaycanda İraq-Türkman Araşdırmaları: Yekunlar və Vəzifələr:

AZƏRBAYCANDA İRAQ-TÜRKMAN ARAŞDIRMALARI:

YEKUNLAR VƏ VƏZİFƏLƏR:

(AMEA RƏYASƏT HEYƏTİNİN İCLASINDA OXUNAN MƏRUZƏ)

Çıxışımı Azərbaycan tarixində epoxa olan dahi şəxsiyyət Heydər Əliyevin İraqda yaşayan soydaşlarımız haqqında tarixi sözləri ilə başlamaq istəyirəm. Ümummilli liderimiz İraq-Türkmanlarının fəxri İhsan Doğramacının xahişi ilə İraq Türkmanlarının İstanbulda nəşr olunan “Qardaşlıq” dərgisinə verdiyi müsahibədə demişdir: “Sonralar tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır” (Bax: “Qardaşlıq” dərgisi №8, İstanbul, 2000-ci il, səh.4).

Heydər Əliyev onu da xüsusi vurğulayıb ki, xalqı xalq edən ana dilidir. Xalqın milli kimliyinin göstəricisi də ana dilidir.

Azərbaycan dili və İraq Türkmanlarının ləhcəsi ilə yaxından tanış olan dilçi alimlər dilbirliyimizi etiraf edirlər. Bununla da milli kimliyimizi, bir xalqa məxsus olduğumuzu təsdiqləyirlər.

Görkəmli türkoloq alim Fuad Köprülü “İraq Türkmanları, yəni oğuzcanın azəri ləhcəsini qonuşan türklər” – deyə qəti qənaətə gəlir.

Kərküklü tədqiqatçı Əta Tərzibaşının da fikri böyük əhəmiyyət kəsb edir: “Bizim türkman ləhcəsi azəri ləhcəsinə türk ləhcəsindən daha yaxın, bəlkə də əkiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə bir-birindən xəbərsiz olaraq gəlişdikləri halda aralarında görkəmli fərqlər bilinməmişdir”.

Görünür, müəyyən tarixi-siyasi səbəblər üzündən ayrılığa gətirib çıxaran illər və əsrlər bu elatın dilinə təsir edə bilməmişdir. Bu baxımdan kərküklü tədqiqatçı Səid İrmaqın kəlamı hədəfə düz dəyir: “Vətən torpağı kiçilib-genişlənə bilər, tamamilə əldən çıxa bilər, sərhədləri tükənə bilər, tarixi təhrif edilə bilər. Hətta şan və şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər, lakin bir şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir”.

Heç şübhəsiz, buna görədir ki, görkəmli dilçilərdən P.Melioranski, M.Şirəliyev, N.Baskakov, A.Şerbak, H.Mirzəzadə, Ə.Orucov, Y.Şirvani və başqaları XIII əsrin axırlarında, XIV əsrin əvvəllərində yazılmış “İbn Mühənna lüğəti”ndən danışarkən qədim Azərbaycan dilində olduğuna görə, əsərin ya müasir İraq ərazisində, ya da Azərbaycanda yazıldığını qeyd edirlər.

İraqda yaşayan soydaşlarımız özlərini də, bizi də türkman adlandırırlar. Əslində vaxtilə biz də türkman adlanmışıq.

Günümüzdə Güney və Quzey Azərbaycanda “Türkman” və “Türkman eli” məfhumları işlənmədiyi halda, İraqda yaşayan soydaşlarımız “Türkman” kimliyini saxlayır. Yaşadıqları əraziləri isə “Türkman eli”  kimi təqdim edirlər.

Görkəmli türkoloq alimlərimiz Fərhad Zeynalov və Samət Əlizadə bu münasibətlə yazırlar: “Drezden nüsxəsində aydın-aşkar əliflə yazılan sözün “türkman” oxunması xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki, türkmanlar – İraqdakı azərbaycanlılar – kərküklülərdir”.

Türkman etnoniminin etimologiyası ilə məşğul olan alimlərin bir qismi onun islamı qəbul edən “türki-man”dan əmələ gəldiyini yozurlar.

Başqa bir qism tədqiqatçılar türkman etnoniminin “türk və man” və ya “türkmən” kəlmələrindən yarandığını və “türk adamı” mənasında işləndiyini qeyd edirlər.

Lakin biz “man” morfeminin əzəmət, böyük, xalis, əsl, ulu anlamında işləndiyini göstərən tədqiqatçıları dəstəkləyirik.

Türkman sözünə çox əski zamanlardan təsadüf edildiyini nəzərə alsaq etnonimin “ulu türk”, “əsl türk”, “qüdrətli türk” anlamlarında işləndiyi şübhə doğurmur.  İndinin özündə belə ədəbi dilimizdə və Kərkük ləhcəsində işlək olan “qocaman”, “azman”, “orman”, “kərtman” (böyük toxa), “şişman” (kök), “ataman”, “asiman”, “daraman” (nəhəng), “daraman təppəsi” (böyük və kök), “batman” kimi sözlərdə “man” morfeminin böyük, ulu, əzəmətli mənasında işlənməsi deyilənlərə dayaq olur.

Bütün bunlara baxmayaraq, Orta Asiya türkmənləri vaxtaşırı İraqda yaşayan soydaşlarımızı və “Kitabi-Dədə Qorqud”u özününküləşdirmək iddiasına düşürlər.

Halbuki, türkmən dilini Azərbaycan dilindən, onun İraq Türkman ləhcəsindən və “Kitabi-Dədə Qorqud”dan fərqləndirən əsaslı səciyyəvi xüsusiyyətlər vardır.

İkicə misalla kifayətlənəcəyik. Onlar aşağıdakılardır:

  1. Türkmən dilində ilkin uzanan saitlər ingilis dilində olduğu kimi sözün mənasının dəyişməsinə səbəb olur; Məsələn: baş-baş, baaş-yara, gör-gör, göör-gor və s.
  2. Ərəb və ingilis dilləri üçün səciyyəvi olan dişarası s, z səsləri eynilə türkmən dili üçün də səciyyəvidir.

İlkin uzanma və dişarası s, z səslərinə nə Azərbaycan dilində, nə onun Kərkük dialektində, nə də “Kitabi-Dədə Qorqud”da rast gəlinir.

O ki, qaldı “Kitabi-Dədə Qorqud” epopeyasına, bu abidə haqqında dünya şöhrətli  alim V.Bartold demişdir: “Kitabi-Dədə Qorqud” Qafqaz türkmanlarına məxsusdur”.

Akademik V.Bartoldun sözlərini dünyanın əksər türkoloq alimləri təsdiqləyirlər.

Maraqlı bir faktdan da söz açmaq istərdim.

Çapına nail olduğum 2000-dən artıq İraq türkman xoyratlarının içində Güney və Quzey Azərbaycanla bağlı xeyli sayda xoyrat vardır. Lakin 2000-dən artıq xoyratın içində türkmənlərlə bağlı bircə xoyrata da təsadüf edilmir.

Bu çox ciddi məsələyə münasibətdə professor Rüstəm Əliyevin “Vətəndən uzaqlarda” məqaləsi də maraq doğurur. Əslən Kərkükdən olan Xəlillə söhbətində professor soruşur:

  • Nə üçün siz özünüzü gah türk, gah türkman, gah da azəri türkman adlandırırsınız? Türk mənşəli xalqlar çoxdur: türklər, özbəklər, türkmənlər, qazaxlar, biz azərbaycanlılar… Bəs siz özünüzü hansı xalqa aid edirsiniz?
  • Füzuli və Nəsiminin mənsub olduğu xalqa.

Kərküklü Xəlilin sözləri hədəfə elə dəqiqliklə dəyib ki, nəsə əlavə etmək qeyri-mümkündür.

Onu da deyim ki, Osmanlı türkləri müxtəlif vaxtlarda Bağdadı ələ keçirməyə çalışıblar. Xüsusən də Çaldıran döyüşündən sonra Bağdad vilayəti əldən-ələ keçmişdir. Və nəhayət, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra, ingilis tarixçisi Stefan Lonqriqin 1925-ci ildə Oxfordda çıxan “Müasir İraqın dörd əsri” kitabında yazdığı kimi, Bağdad, Mosul, Kərkük və s. şəhərlər birdəfəlik xan itirib paşa qazandı.

Bundan sonra İraqdakı soydaşlarımızla əlaqələrimiz kəsilmək dərəcəsinə qədər gəlib çatdı. Ara kəsiləndən sonra ayrılığa məhkum olan xalq təsəllini həsrət nəğmələrində tapdı:

Əslim qarabağlıdı,

Sinəm çarpaz dağlıdı.

Kəsilib gəlib-gedən

Demə, yollar bağlıdı.

 

Hər aylar;

Hər həftələr, hər aylar.

Qul qardaşım Bağdaddan

Gəncə deyib haraylar.

Bağdad yolu Gəncədi,

Gülü pəncə-pəncədi.

Demə, sizdən irağam

Məhəbbət ölüncədi.

 

Eyşim qərib;

Eyşim, yoldaşım qərib.

Bilmirəm haralıyam

Torpağım, daşım qərib.

O ayrılığın, həsrətin yanğısı bu gün də  davam edir.

Yaşar könlüm,

Çırpınar, yaşar könlüm.

Bağdadda bir ah çəkər

Bakıda yaşar könlüm.

Dünyasın dəyişmiş kərküklü dostlar haqqında vida sözümün sonunda bir qayda olaraq yazıram: “O da Bakı həsrəti ilə yaşayırdı”. Ayrılıq əlacı olmayan dərdə bənzəyir, ağrısı-acısı insanı yandırır.

1828-ci ildə ruslar və farslar Azərbaycanı Güney və Quzey olmaqla iki böldülər. Çox-çox sonralar ingilis yazıçısı Ceyms Oldric “Diplomat” romanında obrazlı şəkildə Azərbaycanı “ikiyə bölünmüş bir ürək” adlandırdı.

Qismətinə ayrılıq düşmüş güneyli şair Rəcəb Fərhad İbrahimi ayrılığın ağrı-acısını necə də dərindən yaşamışdır:

Ayrılıq, ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olur yaman ayrılıq.

Sürətli nəqliyyat vasitələrinin meydana gəlməsi İraqdakı soydaşlarımızla əlaqələrimizə şərait yaratdı. Türkiyədə təhsil almış Əmin Abidin 1930-cu ildə “Bayatılarla Kərkük xoyratlarının müqayisəli təhlilinə dair” məqaləsi çıxsa da, əlaqələrimizin təməli keçən əsrin 50-ci illərində Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadənin İraqa səfəri və Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri” adlı möhtəşəm məqaləsi ilə qoyulub.

Xüsusi qeyd etməliyəm ki, əlaqələrimizin vüsət almasında həmin dövrdə Azərbaycan radiosunun ərəb verilişləri şöbəsinə işə dəvət olunan kərküklü Sinan Səidin də zəhməti az olmayıb. Az sonra, 1968-ci ildə  Rəsul Rza ilə birgə hazırladığımız “Kərkük bayatıları” adlı kitabımız Rəsul Rzanın Ön sözü, mənim son sözümlə çap olundu. Ona qədər mənim “Azərbaycan gəncləri” və “Ədəbiyyat” qəzetlərində yazılarım və “Elm və həyat” dərgisində “İraq azəriləri” adlı elmi məqaləm çıxmışdı.

 Dil tarixi ilə məşğul olan, professor Hadı Mirzəzadənin (Xəyyam Mirzəzadənin atası) “İraq ərazisində yaşayan azərbaycanlıların dili haqqında bəzi mülahizələr” adlı məqaləsi ADU-nun elmi əsərlərində çap olundu.

1971-ci ildə Əta Tərzibaşının “Arzu–Qəmbər” dastanını çap etdirdim. Kitaba Əta Tərzibaşıya həsr etdiyim “Bir ömürdən səhifələr” adlı geniş Ön söz yazdım.

Folklorşünas və ədəbiyyatşünas kimi tanınan görkəmli tədqiqatçının 50-60-cı illərdə çapına nail olduğu “Şərqi və türkülər”, üçcildlik “Kərkük xoyrat və maniləri”, “Kərkük havaları”, “Kərkük əskilər sözü” və ikicildlik “Kərkük şairləri” kitablarından bəhs etdim. Akademik Məmməd Arif Dadşzadə məni çağırıb dedi ki, Əta Tərzibaşı haqqında çox yazın, onu Akademiyamıza fəxri üzv seçək.

Bundan sonra professor Məmmədhüseyn Təhmasibin Kərkük bayatıları və atalar sözləri ilə bağlı “Azərbaycan” jurnalında iki məqaləsi çıxdı. Mən Rəsul Rzanın redaktəsi ilə Əta Tərzibaşının “Kərkük havaları” kitabı əsasında “Kərkük mahnıları” adlı kitab çap etdirdim. Professor Rüstəm Əliyev və akademik Əbdülkərim Əlizadənin İraqda yaşayan soydaşlarımızla bağlı məqalələri çıxdı.

Təəssüf ki, İraqdakı qəddar rejim səbəbindən Əta Tərzibaşı Məmməd Arif Dadaşzadənin təklifindən imtina etməli oldu.

Elə bu vaxtdan əlaqələrimiz dil, ədəbiyyat və tarix üzrə geniş vüsət almağa başladı. Cavanşir Xıdırov,1968-ci ildə M.P.Vaqifin yubileyinə dəvət olunmuş  Şakir Sabir Zabitin “İraqda türkmanların tarixi vardır” adlı əsərini ərəb dilindən Azərbaycan dilinə tərcümə edərək Ön sözlə çap etdirdi. Mənim ön sözümlə şərqşünas alim Zenfira Rüstəmovanın “İraq Türkman ləhcəsinin tarixi və dil xüsusiyyətləri” kitabı (Bakı, 2018, 144 səh., Ön söz, s.3-18) və dialektoloq alim Kübra Quliyevanın “İraq Türkman ləhcəsinin leksikası” (Bakı, 2022, 312 səh., Ön söz, s.3-11) kitabları çap olundu.

Anar “Min beş yüz ilin oğuz şeiri” adlı, hər cildi min səhifədən artıq olan möhtəşəm ikicildlik antologiyasında Kərkük folkloru və şairlərinə geniş yer verdi. Təkcə onu demək kifayətdir ki, antologiyada 19 İraq türkman şairi yer alır.

Sinan Səid və Nərminə Məmmədovanın birgə oxuduqları “Kərkük mahnıları”ndan ilhamlanan professor Mina Təkləli onlara “Sirrimi bilmədin” adlı çox maraqlı kitab həsr etdi.

Əlamətdar hadisədir ki, professor Elman Quliyev Təhsil Nazirliyinin əmri ilə dərslik kimi təsdiq edilən, rəyçisi olduğum “Türk xalqları ədəbiyyatı” əsərində İraq Türkman ədəbiyyatına ayrıca fəsil həsr etmişdir. Bölümün əvvəlində çağdaş İraq Türkmanları barədə xülasə verilmiş, İraq Türkman folklorundan, düz yazı adlandırılan nəsr əsərlərindən, hekayə və roman müəlliflərindən bəhs etmiş və bu dəyərli dərslikdə  çağdaş İraq Türkman şairlərindən Əbdüllətif Bəndəroğlu, Nəsrin Ərbil, Salah Növrəs və Məhəmməd Mehdi Bayatın həyat və yaradıcılıqlarına ayrıca oçerk həsr olunmuşdur.

Xüsusi vurğulamağa dəyər ki, Elman Quliyevin dərs dediyi Pedaqoji Universitetdə  vaxtilə professorlar Mürsəl Həkimov, Azər Hüseynov və Qəzənfər Kazımov İraq Türkman folklorundan və ləhcəsindən tələbələrə kurs və diplom işi yazdırırdılar.  BDU-nun filologiya fakültəsində görkəmli alimlərimiz Tofiq Hacıyev, Vaqif Vəliyev və Azad Nəbiyevin tələbələri də İraqdakı soydaşlarımızın ləhcəsi və folklorundan kurs və diplom işi yazmağa böyük həvəs göstərirdilər.

Hətta Tibb İnstitutunda professor Səyyarə Mollazadənin tələbələri İraq Türkman ləhcəsindən kurs işi yazırdılar.

Yeri gəlmişkən, Məhəmməd Mehdi Bayat professor Elman Quliyevin rəhbərliyi ilə M.H.Şəhriyar və İraq Türkman ədəbiyyatı mövzusunda dissertasiya yazırdı. Təəssüf ki, ömrü qısa oldu.

Mənim rəhbərliyimlə Səkinə Qaybalıyeva Əbdüllətif Bəndəroğlunun həyat və yaradıcılığından dissertasiya müdafiə etdi. Disertantım Orxan İsayev Ədəbiyyat İnstitutunda “Əta Tərzibaşının ədəbiyyatşünaslıq fəaliyyəti” mövzusunda dissertasiyasını tamamlayır.

Folklor İnstitutunda isə dissertantım Ülkər Dadaşova “İraq Türkmanlarının mərasim folkloru” adlı çox maraqlı dissertasiya işini tamamlayıb. Dissertant soydaşlarımızın “xalq mərasim və nəğmələri, məişət mərasim və nəğmələri, yas mərasim və nəğmələri, toy mərasim və nəğmələri”ni müqayisəli şəkildə tədqiqat süzgəcindən keçirib.

Əlamətdar hadisələrdən biri də odur ki, Yazıçılar Birliyinin sədri Anarın təklifi ilə 2017-ci ildə İraq Türkman ədəbiyyatı üzrə müşavir təyin olundum və ədəbi əlaqələrimiz təşkilati status qazandı və onun daha geniş vüsət alması üçün çeşidli tədbirlər həyata keçirməyə mənəvi stimul oldu.

Təqdimatımla son illərdə 14 İraq Türkman yazarı Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

Təqdimatımla Nəsrin Ərbil Yazıçıların sonuncu qurultayında iştirak və çıxış etdi.

Dr.Şəmsəddin Kuzəçi isə “Ədəbiyyat qəzeti”nin Redaksiya Şurasına üzv seçildi.

Azərbaycan Sovet Ensiklopediyasında İraq Türkmanları və ləhcələri barədə, eləcə də Əta Tərzibaşı və Əbdüllətif Bəndəroğlu haqqında oçerklər vermişəm. Nəsrin Ərbil və Ədüllətif Bəndəroğlu haqqında “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” Ensiklopedik məlumat kitabında oçerklər vermişəm. Təqdimatımla  Ə.Bəndəroğlu Bakı Dövlət Universitetinin fəxri doktoru seçilib.

AMEA-nın Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli ilə qərara gəlmişik ki, Azərbaycan–İraq ədəbi əlaqələrinin möhkəmlənməsində xüsusi xidmətləri olan Dr.Şəmsəddin Kuzəçini Ədəbiyyat İnstitutunun fəxri doktoru seçək.

Kərkük yazarlarının və alimlərinin mətbuatımızda və kitablarda tez-tez məqalələri çıxır. Kərküklü Sinan Səid, həyat yoldaşı Raidə Bağır qızı, Əli Bəndəroğlu Azərbaycanda namizədlik dissertasiyası müdafiə ediblər. Əli Bəndəroğlunun həyat yoldaşı Pedaqoji İnstitutun filologiya fakültəsini bitirib.

Kərküklü yazar Bahəddin Salehi həyat yoldaşı ilə oğlu Əhmədi Bakıya müalicəyə gətirmişdi. Hər  iki ailənin maddi yardıma ehtiyacı vardı. Görkəmli ədəbiyyatşünas alim və qeyri-adi şəxsiyyə Abbas Zamanovun təşəbbüsü ilə hər iki ailəyə maddi yardım edirdik.

Kərküklü yazarların kitablarını hazırlayıb çap etdirməyi də vəzifə olaraq qarşıya qoymuşduq.

Ə.Bəndəroğlunun “Göylər unutmuşdu yağacağını” adlı şeirlər və poemalar toplusunu Xalq şairi B.Vahabzadənin ön sözü ilə çap etdirmişdik.

Eləcə də şairin Azərbaycana həsr etdiyi “Qərənfil” poemasını dərc etdirmişdik.

Ə.Bəndəroğlu ilə birgə “Çağdaş İraq şeirindən seçmələr” kitabını ön sözlə dərc etdirmişik.

Azərbaycan, türk, ərəb, ingilis, rus dillərində  500-dən artıq elmi və publisistik məqaləm çıxıb. ABŞ-də Los-Anceles şəhərində çıxan “Azerbaijan İnternational” dərgisində “İraq azərbaycanlıları, az tanınan elat”  adlı məqaləm çap olunub. İstanbulda çıxan “Qardaşlıq” dərgisində ingiliscə “İraq Türkman tarixinə, ləhcəsinə və folkloruna bir baxış” adlı silsilə məqalələrim şıxıb.

İraq Türkman tarixinə, ləhcəsinə və folkloruna həsr olunan aşağıdakı monoqrafiyalarım işıq üzü görüb:

“İraq Türkman folkloru”, “Kərkük dialektinin fonetikası”, “İraq Türkman folklorunun janrları” (azərbaycanca), “İraq Türkman folklorunun janrları” (rusca), “İraq Türkman ləhcəsi” (ortaqlı, Elm, 422 səh.), “Seçilmiş əsərləri”m (12 cilddə), “Nəsimi. İraq divan nüsxəsi”, “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti”, “Azərbaycanda və İraqda Bayatlar”.

Göstərilən monoqrafiyaların bəzisi İraq, İran və Türkiyədə də çap olunub.

İraq türkmanlarına dair tərtib və ön sözlə 20-dən artıq kitab çap etdirmişəm. Onlardan bəzisinin adını burada verməyi münasib bildim:

“Kərkük bayatıları”, “Arzu-Qəmbər dastanı”, “Kərkük mahnıları”, “Kərkük folkloru antologiyası”, “Nəsiminin İraq Divan nüsxəsi”, “İraq Türkman nağılları”, “İraq Türkman poeziya antologiyası” (2 cilddə) və s.

Azərbaycanda İraq Türkman ləhcəsinə, folkloruna və ədəbiyyatına ilk gündən maraq o qədər böyük olub ki, dilçiliklə, folklorla, ədəbiyyatla məşğul olan elə bir mütəxəssis tapmaq çətindir ki, bu sahəyə məqalələr həsr etməsin, araşdırmalar aparmasın. Onlardan bir neçəsinin adını çəkməyi münasib bildim: Bəxtiyar Vahabzadə, M.H.Təhmasib, Yaşar Qarayev,  Tofiq Hacıyev, Vaqif Vəliyev, Musa Adilov, Azad Nəbiyev, Əzizə Cəfərzadə, Vasim Məmmədəliyev, İsa Həbibbəyli, Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, Qəzənfər Kazımov, Əli Şamil, Məhərrəm Qasımlı və s. Kərküklü alimlərdən: Əta Tərzibaşı, Əbdüllətif Bəndəroğlu, Mahir Naqib, Suphi Saatçı, Ərşad Hürmüzlü, Mövlud Taha Qayaçı, Şəmsəddin Kuzəçi, Mustafa Ziya ve  Türkiyəli professorlar Mustafa Arqunşah, İsa Özqan və s.

Keçən əsrin 80-ci illərindən 2012-ci ilə qədər Kərkük folkloruna, ləhcəsinə və ədəbiyyatına həsr olunmuş azərbaycanlı tədqiqatçıların araşdırmaları “Ömrün əbədiləşən illəri” (Bakı, “Təhsil”, 2012, 672 səh.) adlı kitabımda toplanıb.

Əcnəbi alimlərin araşdırmaları isə “Kərkük sevdalı elm adamı” (Bakı, “Təhsil”, 2013, 232 səh.) adlı kitabımda toplanmışdır.

Araşdırmalar, kitablar və monoqrafiyaların çapı davam edir.

Nəticə olaraq onu demək istəyirəm ki, müəyyən tarixi-siyasi səbəblər üzündən ayrı düşmüş soydaşlarımızla birliyimizi zehinlərdə möhkəmləndirmək, milli kimliyimizi unutmaqnan və mənəvi birliyimizi təmin etmək üçün aşağıdakıları həyata keçirməyi tövsiyə edirəm:

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi nəzdində “Kərkükşünaslıq” bölümü yaradılsın. Dilçilik İnstitutunun “Dialektologiya” şöbəsində və İncəsənət İnstitutunun “Musiqişünaslıq” şöbəsində İraq Türkman ləhcəsi və musiqisindən tədqiqat aparmaq üçün ştat ayrılsın. Mədəniyyət Nazirliyinin tabeliyində olan Azərbaycan Ədəbiyyatı Muzeyində “İraq Türkman ədəbiyyatı və mədəniyyəti ekspozisiyası” bərpa olunsun. Humanitar yönlü dövlət universitetlərinin tədris planında İraq Türkman ədəbiyyatı, folkloru və tarixinin tədrisi nəzərdə tutulsun. Azərbaycan Yazıçılar Birliyində İraq Türkman ədəbiyyatı üzrə rəsmi müşavir ştatı ayrılsın. Azərbaycan Radiosunda hər cümə günü İraqdakı soydaşlarımıza ünvanlanmış bir saatlıq veriliş təşkil edilsin. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbbiyyat, Tarix, Dilçilik və Folklor İnstitutlarında iraqlı gənclərə doktorantura və aspiranturaya yer ayrılsın. Bakı Musiqi Akademiyasına və Milli Konservatoriyaya istedadlı İraq türkman gəncləri cəlb edilsin. Dövlət universitetlərində İraq türkman gənclərinə dövlət hesabına təhsil almaq imkanı yaradılsın. Qəzet və dərgilərdə İraq Türkman ədəbiyyatı və mədəniyyətinin təbliğinə geniş yer verilsin.  Kərkükdə Azərbaycan adına qəzet və dərgi təsis edilsin. Kərkükdə ədəbiyyatımızı, musiqimizi, tariximizi nümayiş etdirən televiziya kanalı yaradılsın. Bakıda və Kərkükdə vaxtaşırı birgə ədəbi-musiqili verilişlər, gecələr təşkil edilsin. Kərkükdə Azərbaycanın konsulluğu açılsın.

Əminəm ki, göstərilənlər yerinə yetirilməyə başlayanda ayrılığa son qoyulacaq.

QƏZƏNFƏR PAŞAYEV

İraq–Türkman araşdırmaları üzrə Əlaqələndirmə Şurasının sədr müavini, professor, Əməkdar elm xadimi