GÜCÜNDƏN YORULAN QADIN
Yatağına ulduz səpib,
Gecənin gözündən öpüb,
Buludu üstünə örtüb,
Gücünə sarılan qadın.
***
Beynində min sorğu-sual,
Susdur o səsi, olsun lal,
Gözləsin hamı, nəfəs al,
Gücündə qıvrılan qadın.
***
Gözündən yuxu tökülür,
Yol bitmir, dizin bükülür,
Yağış yağır, dan sökülür,
Gücündə durulan, qadın.
***
Qürurundan yaralandın,
Öz içində daldalandın,
Neçə yerə parçalandın,
Gücündən qırılan qadın.
***
Barına yetən daş atdı,
Kin qusdu, nifrət boşaltdı,
Gör sənə nələr yaşatdı
Gücünə darılan, qadın.
***
Ümidlərin baltalandı,
Kim bilsin necə talandın,
Səbrindən nişan alındın,
Gücündən vurulan qadın.
***
Tərəzilər düzgün ölçməz,
Fələk haqq, nahaqqı seçməz.
Keçər dedikləri keçməz,
Gücündə barınar, qadın .
***
Çölündə yarpaq tökümü,
İçində bir dağ çökümü.
Soyun, at bütün yükünü,
Gücündən yorulan qadın.
***
Təranə Turan Rəhimli
