
EGE SAHİLİNDƏYƏM
Təranə Turan RƏHİMLİ
Ege sahilindəyəm, Balkandan ŕüzgar əsir,
Dalğa-dalğa ruhumu alıb aparır dəniz.
Lap uzaqdan bir gəmi gözüylə məni kəsir,
“Kirpik qırpır” fənəri, çağırır səssiz-səssiz.
**
Ege sahilindəyəm, ulduzlar ətəyimdə,
Ayağımın altından qaçır şıltaq ləpələr.
Ay işığı sərilib adaların üstünə,
Dənizin laylasıyla mürgüləyir təpələr.
**
Ege sahilindəyəm, türkü var Rumelindən,
Selanikdən bu taya üzüb keçib dənizi.
Yenə düşdü yadıma Atatürkün xiffəti,
Tufan qopdu yenə, “Bir fırtına tutdu bizi”.*
**
Ege sahilindəyəm, dünya ovuclarımda,
Üfüqlər qıpqırmızı, yavaşca sökülür dan.
Boşalır barmaqlarım, zaman axıb tökülür,
Gecə sıyrılıb çıxır Rodosun qucağından.
**
Ege sahilindəyəm, fikrim kim bilir harda,
Lövbər salıb xəyalım yaxın-uzaq sularda.
Araba təkərləri xışıldadır qumları,
Oyanır şəlaləsaç söyüdlər də bulvarda.
**
Ege sahilindəyəm, ömür nağıl kimidi,
Səhərin nəfəsində ilk sevgi qoxusu var.
Sübhə kimi yatmayıb şəhərin hay-küyündən,
Korpikləri yumulur, dənizin yuxusu var.
Ege sahilindəyəm… Ege sahilindəyəm…
**
18 iyun, 2025
*”Bi fırtına tutdu bizi” qədim Selanik türküsüdür.