DEME
Arzu Hüseyin
Demə, illər boylanırmış saçımdan,
Yandırıbmış tüstü məni, qor məni.
Darıxanda barmağının ucundan,
Əllərinin yaddaşından sor məni.
Bu nə yuxu, bu nə röya gördüyüm?
Sovurubdur sevincimi küləklər.
Küsüb məndən çəmənlərdən dərdiyim,
Kitablarda qurutduğum çiçəklər.
Zaman belə aparmadı izini,
Daş altında xatirələr yatırlar.
Heç olmasa gülüşümü, səsimi
Məndən ötrü darıxanda xatırla.
Sarı örpək geyinəcək yamaclar
Şeirlərim dil açanda sinəmdə.
Mürgüləyər bağçamızda ağaclar
Son yarpağı budağından enəndə.
Demə, illər boylanırmış saçımdan,
Yandırıbmış tüstü məni, qor məni.
Darıxanda barmağının ucundan,
Əllərinin yaddaşından sor məni.