İstiqlalın Kərkük Varisləri
Aydan Rüstemli
Tarix arxiv səhifələrində toz basmış kağız parçası deyil, insanın damarında axan qanın donduğu andır. Tarixin bəzi məqamları var ki, orada diplomatik masalar susur, siyasi manevrlər aciz qalır.
Kərkük övladları: Xurşid oğlu Zeynalabdin, Dəvri Məhəmməd oğlu Tərfik əfəndi, Həsən Saki oğlu İbrahim, Abbas oğlu Əli Qalib əfəndi, Abdulla oğlu Məhəmməd əfəndi, Hacı Süleyman oğlu Siddiq, Məhəmməd oğlu Tərfik əfəndi.
Kərkükdə doğulub Qafqaz cəbhəsində, Bakı, Şamaxı, Göyçayda son nəfəsini verən bu aslanlar Azərbaycana “müttəfiq” kimi gəlməmişdilər. Onlar bura qonaq da gəlməmişdilər.
Siyasi baxımdan bu, tarixdə az görülən bir hadisədir: insan doğulduğu torpaqdan minlərlə kilometr uzaqda, heç vaxt görmədiyi bir şəhərin küçəsində “mən azadam” deyə bilmək üçün can verir.
Əslində 1918-ci ildə parçalanmaqda olan bir coğrafiyanın “vahid müqavimət mərkəzi” kimi Bakını seçməsinin ən kəskin sübutudur. Bu, bir kömək deyil, bu, eyni damarın fərqli qollarının bir nöqtədə birləşib yumruğa çevrilməsidir.
“Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan?” misraları sadəcə bir poeziya nümunəsi deyil, Bakının xilası uğrunda canından keçən minlərlə şəhidin qanı ilə imzalanmış siyasi bəyanatdır.
Siyasi baxımdan bu məzarlar Azərbaycanın hər qarış torpağının necə böyük fədakarlıqlarla qorunduğunun diplomatik pasportudur.
2001-ci ildə İraq Türkman Cəbhəsinin bu məsələni yenidən gündəmə gətirməsi və Bakıda Şəhidlər Xiyabanında onlara xüsusi yer ayrılması müasir Azərbaycan–Türkiyə və İraq türkmanları arasındakı münasibətlərin tarixi təməllər üzərində qurulduğunu təsdiqləyir.
Kərkük şəhidlərinin siyahısı bizə xatırladır ki, coğrafi uzaqlıq strateji və mənəvi birliyin qarşısında acizdir. Onların ruhu qarşısında baş əymək həm də müasir türk birliyinin vacibliyini bir daha dərk etmək deməkdir.
