Sabah Türkiyə Cümhuriyyətinin qurulduğu gündür. Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti 29 oktyabr 1923-cü ildə qurub.
“29 oktyabr Türkiyənin deyil, bütün Türk dünyasının bayramıdır. Türk dünyasını bu bayramla bağlı təbrik edirəm. Uca tanrıdan bu birliyin, qardaşlığın əbədi olmasını arzu edirəm” cümlələri ilə sözlə başlayan Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti, filologiya elmləri doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı Türkiyə Cümhuriyyətinin qurulması haqqında, Azərbaycan-Türkiyə dostluğu barəsində açıqlama verib.
“Birinci Dünya müharibəsi illərində Osmanlı İmperiyası özünün tarixi ərazilərini, hətta Türkiyənin böyük ərazilərini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Bu zaman Türk dünyasının böyük lideri Mustafa Kamal Atatürk Osmanlı ordusunun vətənpərvər, millətsevər zabitləri ilə birliktə Türkiyənin qurtuluşu uğrunda ölüm-dirim savaşına qalxdılar. Ağır mübarizədən sonra 1923-cü il oktyabrın 29-da mübarizə milli qüvvələrin qələbəsi ilə başa çatdı, Cümhuriyyət elan edildi. Türkiyə Cümhuriyyətinin qurulması Türk dünyasında yeni səhifənin yazılmasıdır”.
Həmsöhbətçimiz Azərbaycan-Türkiyə münasibətlərinə gəldikdə qeyd edir ki,
“tarixə nəzər yetirsək çətin günlərimizdə qan qardaşımızı-Türkiyəni yanımızda görmüşük. 1918-ci il hadisələrində belə Nuru Paşa Qafqaz ordusu ilə Azərbaycana köməyə gəlib Bakını azad edib”.
Q.Dünyaminqızı 44 günlük müharibə savaşında Türkiyənin bizə dəstəyini, yanımızda olmağını vurğulayıb.
“2020-ci il 44 günlük Vətən müharibəsindəki qələbəmizin bütün dünyaya bəyan edilməsi, bir daha bu qardaşlığın, birliyin nümayişi olub”.
ÇİNARƏ MURADOVA