Toprağa qan qarışanda Vətən olur

Toprağa qan qarışanda Vətən olur
Fuadin anasi, atasi, bacısı ve qardaşıdı fotodakılar
Vətən müharibəsinin igidlərindən biri kimi adı tarixə düşən şəhid Fuad Məhərrəmli də qanı ilə “Qarabağ Azərbaycandır!” yazdı
Azadlıq, müstəqillik, babalardan miras qalan torpaq uğrunda oğul-qızını şəhid verən xalq xoşbəxtdir. Şəhidlik isə müqəddəs məqsəd üçün canından keçməkdir. Vətən uğrunda oğullarımız məhz bu amal uğrunda ömürlərini fəda etdilər.
Onlardan biri də Fuad Məhərrəmli idi. Əslən Kəlbəcərdən olan Fuad daim Vətən sevgisi ilə yaşayıb. Elə hərbi xidmətdə olarkən Vətən müharibəsinin başlaması da onun ürəyincə olub. Cəbrayıl uğrunda gedən döyüşlərdə şücaət göstərib və həmin istiqamətdə də şəhidlik zirvəsinə ucalıb. Anası deyir ki, o, Kəlbəcərdə, Murovdağda döyüşmək və Kəlbəcəri azad edib şəhidlik zirvəısinə ucalmağı arzu edirdi.
Şəhidlərimizin örnək ömür və döyüş yolu gənc nəslin yaddaşına yazılır, əbədiləşdirilir. Onun adına açılan bulağın açılış tədbirində söylənilənlər də bir daha Fuadın vətənpərvərliyini təsdiqləyirdi…
Maraqlıdır, sanki şəhid anaları da övladları kimi, sayılıb-seçilirlər. Hər biri kasıb olsa da, övladlarını necə çətinliklərə qatlaşaraq böyütdüklərini dilə gətirsələr də, onlar ilk növbədə qürurları ilə yadda qalırlar.
Şəhidin anası Orucova Xurşud Həsən qızı da balasının uşaqlığından, ailənin kasıbçılığından söz açsa da, sonda vətəndaşlıq borcunu, vətənpərvərliyin haradan qaynaqlandığını da dilə gətirdi: “Mənə yüzlərlə insan sual verir ki, ehtiyacınız varmı? Deyirəm: mənim bir ehtiyacım var, o da vətəndi, vətən… Ancaq elə ehtiyac içərisində yaşayan şəhid ailələri var ki, illərdir böyüdüb, boya-başa çatırdığı övladına bir cüt corab belə almağa imkanı-pulu olmayıb. Mənim ailəm kimi, ehtiyac içərisində yüzmin əziyyətlərə qatlaşaraq kasıbçılıqla böyüdüb övladlarını. Fuad 5-ci sinifdə oxuyurdu. Bir gün gəlib dedi:
-Ana, mənə 20 manat pul ver.
Dedim ki, nəyinə lazımdı, bala?
-Dedi:
-Kareteyə yazılmışam, məşq üçün ağ rəngdə dəst sifariş vermişəm. Dedim ki, ay bala, axı, yoxdu pulumuz. Yazıq balam, nə desə yaxşıdı:
– Eh, necə anasan ki, 20 manatın yoxdur verəsən?!.
Almağa imkanımız olmasa da, balamın istəyini yerinə yetirdik: borc-xərc edib, o paltarı alıq. Həmin karate kostyumunu saxlamışam. Fikir verin, heç bir övladımın deyil, amma, nədənsə, Fuadın kiçik yaşlarından pal-paltarlarının hamısını yığıb saxlayırdım. Axı, haradan biləydim ki, o, böyüyəndə şəhid olacaq?! İndi isə həmin paltarlarının iyini hər gün sinəmə cəkib, balamın qoxusunu onun əşyalarından alıram.
Bu ailənin də taleyinə qaçqınlıq-köçkünlük yazılmışdı. Kəlbəcər rayonunun bir vaxtlar çal-çağırlı olması ilə məşhur Qamışlı kəndindən perik düşüb, Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramanı qəsəbəsində müvəqqəti məskunlaşmaqdan özgə çarəsi yox idi. 10 nəfərlik böyük bir ailə burada müvəqqəti məskunlaşıb. Ailənin sevimlilərindən biri olan İxtiyar Məhərrəmli ömrünün çiçəkli bahar fəslində, 2018-ci ildə avtomobil qəzasında həlak olub.
Ailənin digər oğlu Məhərrəmli Fuad Füzuli oğlu isə 10 may 2001-ci ildə Tərtər şəhərində anadan olub. 2007-ci ildə Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində fəaliyyət göstərən Fərrux İsrafil oğlu Mehtiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinifinə gedib. Orta məktəbi bitirdikdən sonra, 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən əsgərliyə çağırılıb. O, hərbi xidmətdə olduğu müddətdə öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
Azərbaycan Ordusunun əsgəri olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunmasında böyük şücaət göstərib.
Cəmi bircə gün… 28 sentyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuş Fuad subay idi. Yenə də bir gün sonra… 29 sentyabr 2020-ci il tarixini Fuad da silinməz hərflərlə hərb tarixinə yazdı. O, Göygöl şəhərindəki Şəhidlər xiyabanında dəfn edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə F.Məhərrəmli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Məhərrəmli Fuad Füzuli oğlunun xatirəsinə Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində inşa edilən abidə-bulaq kompleksinin açılış mərasimi keçirilidi.
Tədbirin təşkil olunmasında əməyi keçən, məzunu olduğu F.İ.Mehtiyev adına Qubadlı rayonunun Qaralar, Kəlbəcər rayonunun 108 saylı tam orta məktəblərinin müəllim və şagird kollektivi, bulağın tikilib ərsəyə gəlməsinə maddi dəstək göstərən “APPRO” MMC Hospital rəhbərliyi, “Zəka işığnda” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin üzvləri, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Kəlbəcər RİH başçısının birinci müavini Eldəniz Mehtiyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı böyük Zəfərdən danışıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, şərəfli döyüş yolu keçən qəhrəman oğullarımızın əziz xatirəsi heç zaman unudulmayacaq. Eyni zamanda qeyd edilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır.
Şəhidimizin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə, bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə təşəkkürlərini bildiriblər.
Cəmilə Çiçək İsbəndiyarova,
Tədqiqatçı-jurnalist,
Prezident təqaüdçüsü