İNSANDIR DEMƏ!
Çərçivə gəzmirəm adam salmağa,
Adam axtarıram çərçivəm üçün.
Hər üzdə bir insan görmək olmur ki,
Bir ruh axtarıram mən ürəyimçün.
Hər parlaq görünən qızıl deyilmiş,
Hər baxan göz ruhun sirrini duymaz.
İnsanı tanımaq asan deyilmiş,
Hər gözəl surətdə gözəl ruh olmaz!
Mənə surət deyil, mənalar gərək,
Sözündə, özündə bir olan ürək.
Üzündə təbəssüm, içində işıq,
Vicdanı özünə bir ayna gərək.
Bəzən bir təbəssüm min yalan gizlər,
Bəzən bir sükutda min həqiqət var.
İnsan var, üzündə mələklər gəzər,
İnsan var, ruhunda şeytanlar yaşar.
Çərçivə dar deyil, ruhlar kiçilib,
Dünyanın ölçüsü kiçik sən demə,
Adam çox, adamlıq azalıb, heyif,
Hər gördüyün üzə insandır demə!
Səadət Qərib ✍️
