Vəd Olunmuş Azadlıqdan Mədəni Soyqırıma
Aydan Rüstemli
İraqın siyasi tarixində etnik azlıqlarla münasibətlər hər zaman mərkəzi hökumətin sağ qalma strategiyasının bir parçası olub.1970-ci il 24 yanvar qərarına nəzər saldıqda, bunun bir islahat deyil, totalitar BAAS rejiminin “parçala və idarə et” taktikası olduğu aydın görünür.
Taktiki Geriçəkilmə: 89 Nömrəli Qərar
1970-ci ildə İraq İnqilabi Komandanlıq Şurası tərəfindən türkmənlərə mədəni hüquqların tanınması, əslində rejimin şimaldakı kürd hərəkatına qarşı türkmənləri neytrallaşdırmaq və ya öz tərəfinə çəkmək cəhdi idi. İbtidai məktəblərdə ana dili təhsili, media və mədəniyyət qurumlarının yaradılması vədi bir növ siyasi rüşvət xarakteri daşıyırdı. Lakin bu “bahar havası” çox qısa sürdü. Rejim türkmən milli şüurunun sürətlə oyandığını və bunun Türkiyə ilə mənəvi bağlar üzərindən gücləndiyini gördükdə, strategiyasını dərhal repressiya ilə əvəzlədi.
BAAS-ın Repressiv Mexanizmləri
Qeyd olunan üç əsas maddə BAAS-ın dövlət terroru metodologiyasını ifşasını edir:
İnformasiya Blokadası:
1)“Qardaşlıq” jurnalında türk dilinin qadağan edilməsi ilə intellektual ünsiyyət kəsildi.
2.Demoqrafik və Kadr Manipulyasiyası: Türkmən müəllimlərin ərəb əyalətlərinə sürgünü, təhsil ocaqlarını milli kimlikdən təmizləmək məqsədi güdürdü.
3.Saxta Hüquqi Zəmin: Valideynlərin adından yazılan saxta ərizələr, dövlətin öz cinayətlərinə “xalqın istəyi” donu geyindirmə cəhdi idi.
Sənətin Siyasi Müqavimətə Çevrilməsi və Qırmızı Xətt
Siyasi tarixdə sənət çox vaxt gizli müqavimət dili funksiyasını daşıyır. Türkmən Milli Dəstəsinin (TMD) fəaliyyəti və Hüseyn Dəmirçinin (Tənbəl Abbas) səhnə fəaliyyəti rejim tərəfindən bir “mədəniyyət hadisəsi” deyil, “siyasi üsyan” kimi qəbul edildi. Hüseyn Dəmirçinin işgəncə ilə qətlə yetirilməsi, BAAS rəhbərliyinin türkmən milli kimliyinin kütləviləşməsindən duyduğu qorxunun ən bariz göstəricisidir. Bir aktyorun şəhadəti, türkmən davasının teatr səhnəsindən siyasi mübarizə meydanlarına keçidinin rəsmi sənədinə çevrildi.
Məqalənin ən ağrılı, lakin siyasi baxımdan ən uca nöqtəsi Hüseyn Dəmirçinin işgəncələrlə sonlanan ömür yoludur. Bir aktyorun səhnədən çıxıb şəhadət zirvəsinə ucalması, İraq türkmənlərinin davasının nə dərəcədə sarsılmaz təməllər üzərində durduğunun bəyanatıdır. Dəmirçinin qətli sənətin gücünü deyil, rejimin bu güc qarşısındakı acizliyini nümayiş etdirdi.
Yekun:
1970-ci illərin təcrübəsi sübut edir ki, İraqın o dövrkü rəhbərliyi üçün türkmənlərə verilən hüquqlar yalnız bir idarəetmə aləti idi. Vəd edilən azadlıqların qısa müddətdə sistematik təqibə çevrilməsi, mərkəzi Bağdad hökumətinin “türkmən varlığını” özü üçün ekzistensial təhlükə hesab etdiyini təsdiqləyir.
Bu hadisələr eyni zamanda onu sübut etdi ki,heç bir siyasi manevr, heç bir sistemli repressiya və heç bir işgəncə, kökü tarixin dərinliklərinə dayanan bir millətin ana dilini və azadlıq eşqini yox edə bilməz.
