Home Azerbaycan Yaşamağa Səsləyən Ölüm və yaxud Mahirə Nağıqızının yaradıcılığındakı poetik gerçəklik

Yaşamağa Səsləyən Ölüm və yaxud Mahirə Nağıqızının yaradıcılığındakı poetik gerçəklik

YAŞAMAĞA SƏSLƏYƏN ÖLÜM

və yaxud

Mahirə Nağıqızının yaradıcılığındakı poetik gerçəklik

Faiq BALABƏYLİ

…Təkcə bir bayatısındakı DİZİN CƏLLAD KÖTÜYÜM, QOY ÖLÜM DİZİN ÜSTƏ misralarını götürüb Mahirə Nağıqızının poeziyası haqqında ruhən doyunca yazmaq olar. Çünki bədii təsvirindəki ölmək istəyi yox, ilahi bir sevginin ölümlə ölümsüzlüyü təsdiqləməsidir. Əslində bu, yaşamağa səsləyən ölümdür. Adamın yadına qeyri-ixtiyari, yüz illərdir dilimizdən düşməyən BAŞIM CƏLLAD ƏLİNDƏ, DİLİM SƏNİ HARAYLAR düşür. Hər iki ilahi deyim bir-biri ilə necə də səsləşir.

… Onun yaradıcılığında tədqiq olunası məqamlar çoxdur. Çoxşaxəli fəaliyyətinin bir hissəsi elmlə, bir hissəsi ictimai qayğılarla bağlı olsa da, bir oxucusu olaraq, deyə bilərəm ki, poeziyası  adamı daha dərinliklərə çəkib aparır. Hələ o dərinliklərdə, bir vaxt xalq yaradıcılığı kimi sevə-sevə oxuduğumuz, müəllifi naməlum nənələrimiz, babalarımız olan bayatılar ola… Amma… Bu bayatıların müəllifi bəlli…

Hər şeydən əvvəl və sonra ortada bir gerçəklik var: Bu, Mahirə Nağıqızının tapındığı poetik gerçəklikdir. Bəlkə o da nə vaxtsa bu bayatıları və yaxud buna bənzər fikirləri öz ulularından eşidib. Bütün bunlara baxmyaraq, Mahirə Nağıqızının bayatıları ayrıca araşdırılmağa ehtiyac duyulan yaradıcılıq nümunələridir:

Etməyin sinə dağları,

Dərd görə, sinə dağları.

Hər dağa dərman tapılar,

Sağalmaz sinə dağları.

Bayatıdakı deyim əsrlərdən bəri gələn həqiqətin poetik ifadəsidir; söz yarası, sinəyə vurulan dağlar sağalmaz, hardasa ağrısı toxtayar, amma qübar verər, qaysaq bağlamaz, incidər. Başqa bir bayatısında dediyi kimi:

Yoxam, yeri, varam, yeri,

Yeri, aram-aram yeri.

Başını qaldırıb baxma,

Kösöv olur yaram, yeri.

Bir az əvvəl nümunə gətirdiyimiz bayatıdakı SAĞALMAZ SİNƏ DAĞLARInın nədən pərvəriş tapdığını sanki bu bayatı nişan verir.  Bax, bu həmin sinədəki sağalamaz dağların yeridir. Bayatıların necə yaranması, dörd misrada böyük bir dərd, sevgi hekayətinin tərənnüm edilməsi və ən çox da şifahi xalq ədəbiyyatından bu günə süzülüb gəlməsi, zamanında kimlərinsə şifahi yaradıcılğı olması hər kəsə bəllidir. Yazılı ədəbiyyatda bayatıların yaranması, yaradanın əlbəttə ki, xalqa bağlı olması, xalq yaradıcılığına bələdçiliyi, ruhunun xalqın ruhundan uzaq olmamasındadır. Mahirə xanımın da bütünlüklə xalqın qutsal ruhu ilə ilahi təmasından yoğrulan bayatıları bunu deməyə imkan verir.

Hər misrası yüklüdür, hər misrası hisslərinin bədii dərinliyindən, saflığından, hunmanizimindən xəbər verir:

Nə özgəyəm, nə yadam,

Ovun gəzən səyyadam.

Yatan gördüm ovumu,

Qıymadım ki, oyadam.

Nə gözəl… Axtardığın ovu tapırsan, yatmış olduğundan ovlamağa belə qıymırsan. Və bu bayatını oxuduqca düşünürsən, yəni doğrudanmı ovçu qismində olan müəllif ovuna qəsd edər, onu ovlardı?…Yox, əlbəttə. Gözəlliyinə qıymazdı…

Mahirə Nağıqızının misralarının arxasından bir qadın, ana dayanır, görünür, boy verir, oxucunu ana duaları, təsəllisi, məsləhəti ilə izləyir. Həyatın hər acısını, şirinini ürəyindən keçirə bilən ana, ağbirçək tövsiyyəsi, xəbərdarlığıdır “Pərvanə” şeiri:

Pərvanə, qanadın zərif,

Toxunma oda, yanarsan.

Elə kövrəksən ki, vallah,

Gedərsən bada, yanarsan.

İnsan bəzən özü özünü tanımır. Keçdiyi, yaşadığı həyatın dolanbac yollarında qarşılaşdığı, qarşılaşacağı və bundan dərs ala biləcəyin mümkünsüzlüyünü yaşayar. Ona yol göstərən, məsləhət verən, əlindən tutan olmasa daha böyük ağrılarla, əzablarla inləyər:

Bəxtinə düşən zülmətdi,

Gözünü açdın, inlətdi.

Qismət göydən əmanətdi,

Yazılar ada, yanarsan.

Bir şeirin hikmətidir bunlar. Hər bəndini sanki Mahirə Nağıqızının bayatısı kimi oxuyursan. Oduna yanmaq, isinmək, od-ocaq sahibi olmaq xoşbəxtliyin bir ünvanıdır, əlbəttə. Amma olur ki, işığına tərəf getdiyin məkanın acıları daha çox olur, nəinki göz oxşayan, ürək istəyən işartısı:

Hansı gücdü, səni çəkir,

Ürəyində ümüd əkir.

Çəkil, yavrum, oddan çəkil,

Yetişməz dada, yanarsan.

İşıqlı günlərin sorağında, işıqlığa çıxmaq uğrunda mübarizə və aydınlığın özündən də ehtiyatlanmaq, qorunmaq instinktidir bu:

İşıq da bivəfadırmı

Salmaz da yada, yanarsan.

Mahirə xanımın mövzu kasadlığı yoxdur. Nədən yazmağı oxucu üçün önəmli deyil, necə yazmağı adamı özünə çəkir. Dünyanın faniliyi də, aliliyi də onun qələmindən eyni zövqlə, hissiyatla oxucu ürəyinə yol tapır. “Qalım” qoşmasında deyildiyi kimi:

Bu dünya deyilən nə idi, bildim,

Istəməm büksə də qumaşa qalm.

Baş alıb göylərə çoxdan gedərdim,

Dedim bitənəcən tamaşa, qalım.

Taleyin qəzavü-qədəri, alın yazısı, tanrı diqtəsi var. Yaradan hər şeyi yerinə qoyub, qismətdən uzaq qaçmaq da olmaz axı. Şairə xanım məhz həmin məqamlardan bəhs edir:

Payı paylayan var, quru ürək ver,

Uzaqdan-uzağa arzu, dilək ver.

Nə mən əl uzadım, nə sən bilək ver,

Qalım, qismətimlə baş-başa qalım.

Mahirə xanımın şeirlərindən qüssəni də sezməmək olmur. Ötən illərin, körpə və yeniyetmə çağların yaddaşda qalan xatirələri sonradan özünün poetik ifadəsini tapdıqca, o, bu günün titullarının arxasında durmur, uzaqlara köklənir. Şeirlərindəki ağrı-acı da təkcə müəllifin özünün həyatının hansısa məqamı olmaya bilər. Amma əminliklə demək olar ki, o anları yaşayıb; müşahidələri, eşitdikləri, gördükləri də onun şair ürəyinin, yaradıcı təxəyyülünün tam iç qatında “yuvalayıb”. Və hər olacağı öz könlünün həmdərdi, həmsöhbəti bilir,

Yenə qübar bağlayıbsan,

Eləmə, könlüm, eləmə.

Dünya fani, fələk zalım,

Diləmə, könlüm, diləmə – deyir və  zalımdan, amansızdan nələrisə diləməyin lüzumsuz olduğunu yaşatmaq, başa salmaq… Budur şairin qüdrəti…

“Eləmə, könlüm, eləmə” şeirindən nümunə olaraq  gətirdiyim misraların hər birində bir ibrətamiz öyüd, nəsihət var:

Ömür-tikdiyin saraydı,

Kim qədər-qiymətin saydı?
Və ardınca Tanrı verənə şükranlıq etməyin, asi olmamağın heç vaxt unudulmamağını deyir:

Göydən gələn nə var, paydı,

Ələmə, könlüm, ələmə.

Mahirə xanımın anasına həsr elədiyi şeirlərin aurası o qədər genişdir ki… Bu ana sevgisinin özünəməxsusluğu nə qədər çoxdursa, bəşəriliyi də o qədərdir. Analar bütün məqamlarda ali hisslərin daşıyıcısıdır. Ana ürəyi, ana baxışı, təbəssümü, təbəssümün alt qatındakı kədər, balaları, yurd-yuvası, ev-eşiyi üçün rahatsızlığı və daha nələr, hər birində eynidir. Bir də ana əlləri;

Könlüm bir yavru quş, yuvası çatmır,

Qalxa ha dağlara, havası çatmır.

Ömrümün dərmanı, davası çatmır,

Məlhəmdir, dərmandır ana əlləri.

Şairə əfəndimizin “Əllərin” şeirində ana fədakarlığı ifadə olunur. Bizim tərəflərdə bir qədər kobud səslənsə də, deyərlər ki, kişini kişi edən, evi yurd edən qadındır, anadır. Yetər ki, qarşılıqlı sevgi, bir-birinə bağlılıq, bu bağlılıqdan dünyaya gələnlər və bütün bu zəncirvari ardıcıllığı ayaqda saxlamaq üçün ana fədəkarlığı:

Qoymadın tək yükü Ağam daşıya,

Dayandın fələklə qarşı-qarşıya.

Qorxmadın istidə bişə, qarsıya,

Ayazda, şaxtada dona əllərin.

Bu şeirlərin bu qədər oxucu qəlbinə yol tapmasının bir səbəbi də ondadır ki, həyatda anasından gördüyü fədəkarlıq, xanım şairənin özündə davam edir. Sözsüz bu hisslər ona hakim kəsilməsə, illərin arxada qoyduğu o anlar şair qəlbinə hopub qala bilməzdi. Mahirə xanımın yaradıcılığında təkcə layiqli övlad və cəfakeş  ana olması oxucu diqqətində qalmır. O, həm də bacı kimi, bibi kimi özünün məhrəm hisslərini yazır və inanıram ki, qardaşlarına bacı, qardaşı balarına bibi doğmalığı göstərən xanımlar həmin şeirlərdə öz hisslərini görə bilər. Necə ki, o qardaşlarına və onların övladlarına, nəvələrinə sevərək şeirlər həsr edir.

Bəlkə də yazının əvvəlində deməliydim, gecikdim, amma bu şeirlərin, ümumiyyətlə poeziyanın mənim üçün nə olduğunu həmişə deməyə çətinlik çəkmişəm. Təkcə onu bilmişəm ki, şeir olmasa susuz balıq kimi ola bilərəm və bu, doğurdan da belədir. Bu baxımdan Mahirə xanımın da poeziyası mənim sərbəst üzə, özümü rahat hiss edə bildiyim bir söz dənizidir, dəryasıdır. Özümü anlayandan nənəmin laylasını, anamın həsrətli hekayətlərini dinləmişəm, düşüncələrimin köməyi ilə özümü o laylaların, bayatıların, həyat hekayətlərinin əsiri və içərisində görmüşəm. Mahirə xanımın şeirləri mənim o günlərimin davamını mənə yaşadır; sən busan, bunu yaşamısan, bunu düşünmüsən, bunu fikirləşmisən, mən isə sənin düşüncələrini yazıram… Sənin üçün, sənin kimi yüzlərlə insan üçün, uşaqlıq dövrünü halal və çətinliklə qazanılan çörəyin hesabına dolanan, yaşayan adamlar, oxucular üçün yazıram. Mən belə düşünürəm…

Uşaqlığımın nağıl dolu günləri yadıma düşür və mənə dünyamı nağıllaşdıranlarım gözlərimin önünə gəlir. Mahirə xanımın “Nağılın yolu” şeirinin misraları ilə fikirimi ifadə edim:

O vaxtlar sən mənə nağıl deyərdin,

Nə nağıl tükəndi, nə alma düşü.

Halna yandığım Məlikməmmədin,

Dərdiyi almalar ağlıma gəldi.

 

Qara qoç, ağ qoçdu seçim yolumuz,

Biri işıq idi, o biri zülmət.

Nağılda kəsilər devin qolları,

Zümrüd qanadında gələr ədalət.

 

Öyrətmək yoluymuş bu xeyir, bu şər,

Hardan kəsəcəkmiş onda huşumuz.

Böyüyəndən sonra biləkdik ki,

Ağamla səslənmiş zümrüd quşumuz…

 

Ay ana, o bağlar hardadır, dedim,

Dinmədin, göstərdin lap uzaqları.

Sonra biləcəkdik, elmimiz imiş,

Çatmalı, sehirli alma bağları.

Ulu Yaradanın can verdiyinin, yaratdıqlarının içərisində ən çox dərdə, qəmə tab gətirəni insandır. Dünyanın əşrəfi olan insan nəyə qadirdi? Zülm etmək və zülmə dözmək, xoş günə sevinmək, sevmək – sevilmək, yaratmaq, yaradılanları bir anda yerlə-yeksan etmək də insan xislətində cəmlənib. İnsan hər dərdə dözər, sevincin də gətirdiyi fəsadlar yaşanar… Sevgidən də əzablar çəkilər… Bütün bunlara dözmək, tablamaq zor bir iş. Onda da ola ki, bu, xanım ola, kövrək ürəyin sahibi ola, şair ola. Hərdən bezə də bilir:

Qolumu atmaq istədin,

Sinəmdə yatmaq istədin.

Sonuma çatmaq istədin,

Bu qədər də azar olmaz.

Və son  anda insanlarımızın bir-birinə mehr salmaları, yaxın, doğma olmaları bir birlərinə havadar olmaları tövsiyyəsi də var yuxarıda bir bəndini nümunə göstərdiyim “Olmaz” şeirində:

Axmaz, göz yaşlarım durar,

Əldə göy daşlarım – durar.

Dayaq qardaşlarım durar,

Onlar məndən bezar olmaz.

Mən bu şeiri şəxsi konteksdən çıxarıram, bəşəri bir anlamda dərk edirəm: dünyada insanlar bir-birinə asi olmasa, doğma olub, dayaq dursalar bütün naqisliklərdən uzaqlaşarlar.

Sonda məni özünün isti aurasında saxlayan bayatılara üz tuturam və hər dörd misrada bir hekayət qədər məna yükü daşıyan ürək titrəməsindən, hiss və duyğunun, ruhun təcəllasından yoğrulan saf, duru poeziya nümunələri ilə baş-başa qalıram:

Gördünmü gülə yolları,

De mənə, dilə yolları.

Getsəm, yanımda olmasan,

Neynərəm belə yolları.

Və yenə də ürək sızladan misralar, yenə də yol,- bizi ayrılıqlara, vüsala çatdıra biləcək yol;

Yol tutub kəsəmi gəldin,

Dərdlə bəhsəmi gəldin.

Nə bildin dərddən ölürəm,

Eşitdin səsəmi gəldin.

 

Və ilahi bir hiss:

Ay ruhu incə, səni,

Sevdim görüncə səni.

Bilmirsən gözləyən var,

Burda ölüncə səni?

Şeirləri, bayatıları oxuduqca şairə əfəndinin poetik dünyasından çıxmaq olmur. Doğmalaşır, şirinləşir, yaşantılar yaşantıların, iztirablar iztirabın, sevincləer sevincin olur. O, inandıra bilir hər kəsi və sanki oxucusunun halını görür, ana, bacı qayğısı ilə onun könlünü də alır:

Sil gözünü, ağlama,

Teli-telə bağlama.

Bir kədrli kitabam,

Məni çox varaqlama – deyir. Amma dediyim kimi, varaqlamamaq, oxumamaq olmur, O, bizi və bizlərin ürəyinə hakim ola biləcəkləri yazır…

RELATED ARTICLES

Türkiye’den Kerkük’teki nüfus hareketliliğine ilişkin açıklama

Türkiye Dışişleri Bakanlığı Sözcüsü Öncü Keçeli, Irak'taki nüfus sayımı bağlamında Kerkük'e yönelik gerçekleşen nüfus hareketliliğine ilişkin, "Söz konusu nüfus sayımında etnik kökene dair veri...

Azerbaycan’ın Halk Şairi Zalimxan Yakub’dan “Halin Necedi Kerkük” şiiri

Halin Necedi Kerkük  Zalimxan Yakub-Azerbaycan Atılanlar, atılmış, satılanlar satılmış, Ağı zeher katılmış, balın necedi Kerkük El verdin el kestiler, yeridin yol kestiler Danıştın dil kestiler, lalın necedi Kerkük Yamaç yandı,...

Tebrizli Şair Xosrov Barışan’den Şiirler

Tebrizli Şair Xosrov Barışan’den Şiirler QUŞ Öncəsi bir sorğu idim, Namaz qılınırdım hər səhər! Sonrası bir quşam, Gözlərinin qəfəsində! Baxışına vurulmuşam. Bax..., Bax.., Kirpık çal, Çal, yellə, İçimdəki bu anarşi köz, Alışsın Eşiyimdə göz-göz. Şeirə dönüşsün söz-söz gördüklərim. Və...

Most Popular

Türkiye’den Kerkük’teki nüfus hareketliliğine ilişkin açıklama

Türkiye Dışişleri Bakanlığı Sözcüsü Öncü Keçeli, Irak'taki nüfus sayımı bağlamında Kerkük'e yönelik gerçekleşen nüfus hareketliliğine ilişkin, "Söz konusu nüfus sayımında etnik kökene dair veri...

Azerbaycan’ın Halk Şairi Zalimxan Yakub’dan “Halin Necedi Kerkük” şiiri

Halin Necedi Kerkük  Zalimxan Yakub-Azerbaycan Atılanlar, atılmış, satılanlar satılmış, Ağı zeher katılmış, balın necedi Kerkük El verdin el kestiler, yeridin yol kestiler Danıştın dil kestiler, lalın necedi Kerkük Yamaç yandı,...

Tebrizli Şair Xosrov Barışan’den Şiirler

Tebrizli Şair Xosrov Barışan’den Şiirler QUŞ Öncəsi bir sorğu idim, Namaz qılınırdım hər səhər! Sonrası bir quşam, Gözlərinin qəfəsində! Baxışına vurulmuşam. Bax..., Bax.., Kirpık çal, Çal, yellə, İçimdəki bu anarşi köz, Alışsın Eşiyimdə göz-göz. Şeirə dönüşsün söz-söz gördüklərim. Və...

Zafer Partisinden Kerkük Protostosu

"Kerkük Türk'tür, Türk Kalacaktır" dediğimiz için polis müdahale etti! Bugün, Zafer Partisi İstanbul İl Başkanımız Hakan Akşit, il yöneticilerimiz ve ilçe teşkilatlarımızla birlikte Kerkük için...

Recent Comments