
Kərkükün bayraq övladı Şəmsəddin Kuzəçi
Prof. Dr. Elçin İsgəndərzadə
Həyatı və milli kimliyimizi dərk edəndən, Təbrizi və Kərkükü doğulub boya-başa çatdığım Şuşa şəhəri qədər özümə doğma bilib, hər ikisinə Şuşam qədər aşiq olmuşam. Səbəbini hələ də tam dərk etmirəm. Təbii ki, şərti olaraq, oxuduğum dastanları, bayatıları, nənəmin söylədiyi nağılları və digər səbəbləri misal çəkə bilərəm. Ancaq mənə elə gəlir ki, sadaladığım bu və digər səbəblər mənim Təbriz və Kərkük sevgimin qarşısında çox az görünürlər. Tələbəlik illərində görkəmli ədəbiyyatşunas alimimiz Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” kitabını oxuduqdan sonra səmimi söyləyim ki, o dönəm üçün Kərkük sevdası, Şuşa və Təbriz sevdasından ürəyimdə daha qutsallaşdı. Sonralar Ata Tərzibaşı və Əbdüllətif Bəndəroğlu yaradıcılığı ilə tanış olduqda, Kərkük sevgimin miqyası daha da genişlənməyə başladı.
Kərküklə ilk fiziki tanışlığım isə 20 il bundan əvvəl Kərküklü şair-yazar, jurnalist, ictimai xadim Şəmsəddin Kuzəçi ilə başladı. Dünya Gənc Türk Yazarlar birliyinin dəvətlisi olaraq, Ankarada gerçəkləşən Məhəmməd-Füzuli şeir yarışması və ədəbiyyat simpoziumuna qatıldım. Həyatımın dönüş nöqtələrindən biri kimi hafizəmdə qalan Ankaradakı fizuli günlərində ömrümün ən böyük qürurlarından birini də yaşamaq şərəfinə nail oldum. Bu tədbir çərçivəsində əfsanəvi İhsan Doğramacıya, Türkiyə Cumhuriyyətinin xüsusi xidmət orqanının rəhbəri Hakan Fidana və mənə “Türk Dünyasına Xidmət” mükafatı verildi. Bu tədbirə İraq türkmənlərindən çoxsaylı dəyərli ziyalı qardaşlarımız, şairlər və jurnalistlər dəvət olunmuşdular. Onların içərisində ilk andan Şəmsəddin Kuzəçi ilə mənəvi qan qrupluğumuz diqqətimi çəkdi və elə ilk dəqiqələrdən aramızda 100 ilin dostu-qardaşı kimi çox səmimi və sıcaq münasibət yarandı. Tanışlığımızın demək olar ki, ilk saatında Şəmsəddin bəy qoluma girərək mənə həsr etdiyi bir hoyrat səsləndirdi:
Əziziyəm Elçinə,
Uzatmışıq əl Çinə,
Bu canım fəda olsun
Ürək dostum Elçinə
Hoyrat etkinliyə qatılan həm Türkmən elindən olan qardaşlarımız, həm də digər iştirakçılar tərəfindən çox xoş qarşılandı, və sonralar həm Şəmsəddin bəyin kitablarında yer aldı, həm də mənim haqqımda yazılan beşcildlikdə nəşr olundu. Şəmsəddin bəylə başlayan bu ilk gözəl xatirəli görüşümüz son 20 ildə həqiqi ürək və ailə dostluğuna çevrildi. Bu müddət ərzində Şəmsəddin bəylə neçə dəfə görüşdüyümüzü sayıb bitirmək olmaz. Ankarada, Bakıda, Türkiyənin fərqli vilayətlərində və digər türkdilli ölkələrdə çoxsaylı görüşlərimizdə həmişə Şəmsəddin Kuzəçinin böyük vətən və yurd sevgisinə, millət sevgisinə, yorulmadan əzmkarcasına çalışmalarına, insanlar arasında usanmadan böyük bir dostluq körpüsünə çevrilməsinə həmişə qürur və fəxr hissi ilə şahid oldum. Onun heç şübhəsiz ki, hal hazırda yaşadığı Türkiyədə və digər ölkələrdə tanıdığı insanlardan “Haralıdır?” deyə soruşsalar, öncə azərbaycanlı sonra kərküklü cavabını alacaqlar.
Şəmsəddin bəyin son 20 illik fəaliyyətlərinə diqqət yetirsək, həqiqətən onun Azərbaycan sevgisini və Azərbaycan xalqına olan doğmalığını heç də Kərküklü qardaşlarımıza olan doğmalıqdan az olmamasına şahid olacağıq. Şəmsəddin bəy bu müddət ərzində Türkməneli ədəbiyyatı üzərinə çox fenomen araşdırmalar apararaq, böyük tədqiqat işləri ortaya qoydu. Özünün də başçılıq etdiyi müxtəlif dərgi və qəzetlərdə, türk dünyası basınında yüzlərlə unikal məqalələr yayınladı. Onlarla beynəlxalq miqyasda, nəhəng ədəbiyyat şölənləri, festivalları və tədbirləri keçirdi. Bir an da olsa yorulmayan, usanmayan qardaşımızın bu titanik əməyi bütün türkdilli ölkələr tərəfindən yüksək səviyyədə dəyərləndirildi. Mənim rəhbərlik etdiyim Vektor Beynəlxalq Elmlər Akademiyası uzun illər öncə Şəmsəddin bəyə Fəxri doktor ünvanı, Türk dünyasına xidmət beynəlxalq mükafatı, Şahmar Əkbərzadə adına beynəlxalq ədəbiyyat mükafatı və digər ödüllər təqdim etdi. O, eyni zamanda bizim akademiyanın İraq üzrə rəsmi təmsilçisidir.
Azərbaycanda Şəmsəddin bəyi həm də gözəl ailə başçısı kimi də sevirik. Şəmsəddin bəyin xanımı, oğlu və qızı onun hər bir dostları tərəfindən onların ailə üzvləri kimi tanınır və ehtiram duyulur. Xüsusilə də, Şəmsəddin bəyin yolunun davamçısı olan Aybəniz qızımızın Azərbaycanla bağlı olan fəaliyyətləri, atasının böyük işlərinin davamçısı olaraq bizlərə daha böyük ümidlər və qürur verir. Özümə doğma və əkiz qardaş bildiyim Şəmsəddin Kuzəçinin bütün fəaliyyətlərini ürəkdən təqdir və təbrik edir, onun gələcək böyük və çoxşaxəli fəaliyyətlərinə uğurlar arzulayıram.
Kərkük şairləri deyiləndə ağlımıza ilk olaraq Ata Tərzibaşı, Əbdüllətif Bəndəroğlu və Şəmsəddin Kuzəçi gəlir. Məlumdur ki, Kərkük İraqın 18 vilayəti içində ən başı bəlalı şəhərdir. Zəngin neft yataqları ilə dünyanın diqqətini özünə çəkən Kərkük təkcə nefti ilə deyil, tarixi, mədəniyyəti, sənəti, teatrı, ədəbiyyatı və idman növlərində fərqlənməyi ilə İraqda Türkmanların mədəniyyət mərkəzi hesab olunur.
Səlcuqilər dövründə inşa edilmiş Kərkük Qalasında 1991-ci ilə qədər 200 minə yaxın Türkman yaşayırdı. Qalada yerləşən şair Məhəmməd Füzulinin ata evi və Füzuli məscidi də həmin ərazinin ən məşhur tarixi abidələrindəndir. Bunlardan başqa Qırmızı Kilsə, Bağdad Xatun Türbəsi, Ulu məscid, Kilçilər çarşısı, Üryan məscidi, Osmanlı şəhidlərinin məzarlığı və Daniyal peyğəmbər türbəsi adıyla blinən Daniyal, Hüseyn və Üzeyir peyğəmbərlərin türbələri də səyyahlar tərəfindən səyahətnamələrdə qeyd edilən önəmli tarixi abidələrdir.
Azərbaycan xalqı Kərkükün adını kitablardan, mətbuat orqanlarından eşitmişdi. Azərbaycanın ustad qələmləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Kamil Vəli Nəriman və Qəzənfər Paşayev kimi ədiblərin Kərküklə bağlı qələmə aldıqları əsərlərlə də oxucuların Kərkükün ədəbiyyatına, sənətinə, mədəniyyətinə olan maraqları daha da artdı.
Rəsul Rzanın 1969-cu ildə Bağdadın “Qardaşlıq” dərgisində 6 hissədən ibarət “Uzaq ellərin yaxın töhfələri” adlı silsilə məqalələri çap olundu. Ardınca isə 1970-ci ildə həmin dərgidə professor Məhəmmədhüseyn Təhmasibin qarşılıq olaraq qələmə aldığı tənqidi məqalələri işıq üzü gördü. Professor Qəzənfər Paşayevin 1985-ci ildə qələmə aldığı və ilk nəşri 10 min, 2-ci nəşri isə 120 min tiraj olan “6 il Dəclə və Fərat sahillərində” kitabı da Kərkükün mədəniyyət və ədəbiyyatını tanıdan önəmli əsərlərdəndir. Kərküklü yazıçılar Ata Dərzibaşı, Əbdüllətif Bəndəroğlu və Şəmsəddin Kuzəçinin əsərləri isə Kərkükün bizim bir parçamız olduğunun aydın sübutudur. Heydər Əliyev də 1998-ci ildə “Qardaşlıq” dərgisinə verdiyi müsahibəsində belə demişdir: “Tarixi araşdırdığımda gördüm ki, Quzey Azərbaycan, Güney Azərbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır.”
Şəmsəddin Kuzəçi ilə 2004-cü ildəki ilk tanışlığım, eyni zamanda, Kərküklü bir ədiblə ilk tanışlığım oldu. Onun Azərbaycandakı ilk kitabı olan “Xoyratlarım” Vektor nəşriyyat evində çap olundu. Mərhum professor İsa Qayacanlı ilə birlikdə qələmə aldıqları “İçimizdəki Kərkük” adlı ikinci kitabı da həmin nəşriyyatda işıq gördü.
Beləliklə, Kərkükü, onun şairlərini, Türkmanelini və Şəmsəddin Kuzəçini daha yaxından tanımış olduq.
Azərbaycan və Kərkük Türkmanları arasındakı əlaqələrimiz gün keçdikcə inkişaf edir. Şəmsəddin Kuzəçinin Bakıya səfərləri və burada gördüyü möhtəşəm işlər iki cəmiyyəti bir-birinə daha çox yaxınlaşdırmışdır. Yuxarıda adlarını qeyd etdiyimiz şəxsiyyətlərin qurduğu mədəniyyət körpüsünü artıq Şəmsəddin Kuzəçi, Əkbər Qoşalı, Qənirə Paşayeva, Azər Həsrət, Güllü Yoloğlu, Rəsmiyyə Sabir, Elçin İskəndərzadə kimi daha çox ziyalılar var gücləriylə gücləndirməyə davam edir.
Kərkük Şairləri Antologiyaları
Kərkük şairləriylə bağlı kitablara gəldikdə isə, Ata Tərzibaşından sonra bu yolda ən böyük addımı atan şəxs dostumuz Şəmsəddin Kuzəçidir. Ata Tərzibaşının ərəb əlifbasıyla 13 cild, türk əlifbasıyla isə 4 cild şəklində işıq üzü görən “Kərkük şairləri” kitabı, həqiqətən, bir xəzinə mahiyyəti daşıyır. Lakin bu kitaba Ərbil şairlərindən əlavə, sadəcə vəfat etmiş şairlər daxil edilmişdir. Müasir və həyatda olan şairlərdən bəhs edilməmişdir. Əbdüllətif Bəndəroğlu da 1989-cu ildə Bağdadda ərəb əlifbasıyla nəşr edilən 2 cildlik “İraq Türkman ədəbiyyatına bir baxış” adlı əsərində Kərkük şairlərinə yer vermişdir.
Şəmsəddin Kuzəçi isə Türkiyə türkcəsi ilə vəfat edən, həyatda olan, yaradıcılığına davam edən, İraqdan kənarda yaşayan, gənc, yaşlı, qadın – hər kəsə kitabında yer vermişdir. O, Tərzibaşı və Bəndəroğlunun etmədiyini etmişdir.
Bundan əlavə, Kuzəçi kitabını ingilis və azərbaycan dillərində də nəşr etdirmişdir. Kitabın ingilis dilində olan variantı 2014-cü ildə Kərkükdə Füzuli mətbəəsində, daha sonra isə Ankarada işıq üzü görmüşdür. Kuzəçinin 2 cildlik “Kərkük şairləri” kitabının Azərbaycan dilində olan nüsxəsi isə 2021-ci ildə Arzu Novruzovanın tərcüməsi, “İraq Türkman Poeziya Antoloji” adında Qəzənfər Paşayevin önsöz ilə Bakıda çap olunmuşdur. Bunlardan əlavə, şair “Təlafər şairləri (2010), İraq Türkman qadın şairləri (2010) və Novruz Çiçəkləri – Türk Dünyası Qadın şairləri (2015) adlı kitablarında, ümumilikdə, 300-ə yaxın İraq Türkman şairinə yer vermişdir.
“Kərkük Şairləri”nin hazırlıq mərhələsi
Kərkük şairləri – İraq Türkman şairlərinin əsərləri, əsasən, əski türk dilində qələmə alınırdı. Buna görə də, 2003-cü ilə qədər bir neçə şair xaricində İraq Türkman ədəbiyyatı və şairləri Türk dünyasında, demək olar, tanınmırdı. Kuzəçi isə əvvəlcə onların adlarını müəyyənləşdirmiş, nəşr edilən kitablarını toplamış, mətbuatda işıq üzü görən əsərlərini araşdırmış, vahid bir hala salmış və bioqrafiyalarıyla birlikdə Türkiyə türkcəsinə tərcümə etmişdir. Deyə bilərik ki, bu araşdırma mərhələləri bir doktorantura tezisi yazmaqdan daha çətin və məşəqqətli bir işdir.
Şairlərin və şeirlərin seçimi isə ayrı bir məharət tələb edir. Türkman ədəbiyyatında qələmə alınan şeirlərin əksəriyyəti sevgi və milli mövzularda olduğu üçün onların arasından seçim etmək heç də asan iş deyil. Kuzəçinin sahib olduğu zəngin arxiv məlumatları isə ona bu işi müvəffəqiyyətlə yerinə yetirməkdə çox kömək olmuşdur. Bu kitabların hazırlanma prosesi belə uzun və çətin mərhələlərdən keçir. Bir şeiri tərcümə etmək tərcüməçiyə asan iş kimi görünə bilər. Lakin o şeirin tapılmağı, seçilməyi və düzgün tərcümə edilməyi üçün həmin cəmiyyətin fəlsəfəsini və sosyologiyasını bilmək də önəmli bir məsələdir.
Azərbaycanda Kərkük şairləri
İraqlı və Kərküklü şairlər 2003-cü ildən sonra Azərbaycana tez-tez gəlməyə başladılar. Hər gəlişlərində də Azərbaycan Yazıçılar Birliyiylə sıx əlaqələr qurdular. Bəzi şairlərə Fəxri üzvlük verildi. İclaslar keçirildi. Beləcə, Azərbaycan xalqı və mətbuatı onları daha yaxından tanımağa başladı. Təbii ki, bütün bunların baş verməyində, iki cəmiyyətin bir-birinə yaxınlaşmağında Şəmsəddin Kuzəçinin böyük zəhməti və əməyi vardır. Əlinizdəki bu kitab da Kuzəçinin zəngin yaradıcılığına bir əlavədir. Kitabın Azərbaycan dilində olmağı Türkman şairləri və ədəbiyyatının daha yaxından tanınmağında bir vasitəçi olacaqdır. Kuzəçi qardaşımızı təbrik edir, müvəffəqiyyətlər arzulayırıq.
Prof. Dr. Elçin İSGƏNDƏRZADƏ
Azərbaycan Elmi-Tədqiqat
Aerokosmik İnformatika İnstitutunun direktoru,
“VEKTOR” Beynəlxalq Elmlər Akademiyasının prezidenti
Bakı, 2023
[1] Elçin İskenderzade, Azerbaycan Sevdalısı Şemsettin Küzeci, Kerkük Gazetesi. www.kerkukgazetesi.com 1 Temmuz 2023