DAHİ AZƏRBAYCAN ALİMİ MUSTAFA BƏY TOPÇUBAŞOVUN ELMİ VƏ İCTİMAİ FƏALİYYƏTİNİN BİBLİOQRAFİYALAŞDIRILMASI

Təranə Saleh Rüstəmova*
Mustafa Ağa bəy oğlu Topçubaşov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, akademik, Əməkdar elm xadimi, Elmlər Akademiyasının həmtəssisçilərindən biridir.
Akademik Mustafa bəy Topçubaşov öz əməli və elmi fəaliyyətindən danışarkən qeyd edirdi ki:“İş vaxtımın başlanğıcı və sonu yox idi. Gündüzün və gecənin nə vaxtı olursa-olsun xəstə gətirirdilər, yaxud xəstə üstə çağırırdılar. Mən həm terapevt, həm cərrah, həm nevropatoloq, həm epidemioloq, həm vərəm həkimi, həm yoluxucu xəstəliklər həkimi işləyirdim. Həkimsən, demək loğmansan, bütün dərdlərə əlac qılmalısan”.
Akademik M.Topçubaşov ona şöhrət qazandıran “Analgezin” adlanan efir-yağ ağrıkəsicisini, ondan istifadə üsulunu kəşf etməsini özünün “Sənət övladı” adlandırmışdır.
Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev 1995-ci ildə Mustafa Topçubaşovun 100 illik yubileyinə həsr olunmuş təntənəli məclisdə çıxışı alimin həyat və yaradıcılığı haqqında danışaraq maraqlı məqamlara toxunmuşdur: “Xalqımız istedadlı xalqdır, ağıllı xalqdır. Xalqımızın istedadlı, ağıllı, elmli, zəkalı olmasını biz Mustafa bəy Topçubaşov kimi adamların şəxsiyyətində görürük, bunu dünya da görür. Mustafa bəy Topçubaşov ömrünün 30 ilini Azərbaycan Elmlər Akademiyasının yaranmasına və inkişafına sərf edibdir. O, böyük bir məktəb – cərrahlıq məktəbi, təbiblər məktəbi, alimlər məktəbi yaradıbdı. Mənim Mustafa bəy Topçubaşovla uzun illər şəxsi tanışlığım, bizim yaxşı münasibətimiz olubdur. Onu yaxından tanımışam. Xüsusən 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığım gündən mən Mustafa bəy Topçubaşovla əməkdaşlıq etmişəm. Bizim çoxlu görüşlərimiz olubdur. Azərbaycan elminin səhiyyəsinin, mədəniyyətinin inkişafına dair onunla çoxlu fikir mübadiləsi aparmışam. O insanda mən həmişə nuranilik, alicənablıq, yüksək ziyalılıq gördüm. Bəzən mənə elə gəlirdi ki, – yəqin, bu bir həqiqətdir, – Mustafa bəy Topçubaşov anadan ziyalı kimi doğulubdur. Çünki o, əsl ziyalı adam idi. Onun ziyalılığı təkcə elmində də yox, xasiyyətində, davranışında, insanlara münasibətində idi – hər bir sahədə onun ziyalılığı, alcənablığı özünü parlaq surətdə göstərirdi. O həm də olduqca təvazökar bir adam idi. Mustafa bəy Topçubaşov haqqında şübhəsiz ki, onunla bir yerdə işləyənlər, tələbələri çoxlu xatirələr yazıblar və indən sonra da yazacaqlar. Mənim də çoxlu xatirələrim var. Ancaq vaxtınızı çox almaq istəmirəm. Xatirimdədir, bir dəfə bir nəfər mənim yanıma gəlib dedi ki, Mustafa bəy Topçubaşov akademiyada özünü elə aparır ki, elə bil heç vitse-prezident deyildir. Mən dedim nə olubdur ki? O dedi ki, Mustafa bəy Topçubaşov akademiyanın bufetində oturur, kefir, bir dənə də peraşki götürür və camaat, hamı ilə birlikdə orada yemək yeyir. Mən dedim burada nə var ki? O dedi: akademikdir, professordur, akademiyanın vitse-prezidentidir, hamı ilə bərabər gəlib bufetdə oturur. Mən təəccübləndim. Demək, insanlar başqa cür də düşünürlər. Ancaq eyni zamanda – mən Mustafa bəy Topçubaşovun təvazökarlığını bilirdim – bu, mənim xatirimdə qaldı. Nə qədər təvazökar adam idi o! Bu, onun alicənablığının, ziyalılığının, təvazökarlığının parlaq təzahürüdür. İnsanlar var ki, bir xırda vəzifə tutan kimi ya evində, ya dövlət işində özlərinə xüsusi xidmət tələb edirlər, özləri üçün cürbəcür şərait yaratmaq istəyirlər, işdən əvvəl və ya sonra ancaq bununla məşğul olurlar. Lakin xalqına bu qədər xidmət etmiş adam, həmin o Elmlər Akademiyasının bünövrəsini qoyanlardan biri bu cür təvazökar həyat keçirirdi. Mustafa bəy Topçubaşov 1981-ci ildə vəfat etdi. Biz onu böyük təntənə ilə son mənzilə yola saldıq. Xatirimdədir, – bunu da deməyi lazım bilirəm, çünki belə şeylərdən ibrət dərsi götürmək lazımdır – bəziləri gəlib deyirdilər ki, Mustafa bəy Topçubaşov artıq qocalıbdır. Bəlkə o, istefaya getsin, yaxud kafedra müdirliyini başqa adama tapşırsın? Çünki belə adət var ki, kafedra müdirləri müəyyən bir yaşdan sonra kafedrada professor vəzifəsinə keçirlər və kafedraya rəhbərliyi başqa adama verirlər. Onun ətrafında belə sözlər danışan, belə təkliflər verən adamlar var idi. Akademiyanın vitse-prezidenti olduğu vaxt da deyirdilər. Bunların hamısı mənim xatirimdədir. Mən bunları eşidərkən həmişə bir cavab vermişəm: o dediyiniz qanun-qaydalar Mustafa bəy Topçubaşova aid deyil. O elə bir insandır ki, elə bir fədakar adamdır ki, həyatının, yaşının son dəqiqəsinə qədər göstərdiyi fəaliyyət bizim üçün gərəkli və əhəmiyyətlidir. Bəli, Mustafa bəy Topçubaşov həyatının son dəqiqəsinə qədər fəaliyyətdə oldu. Xalqına xidmət etdi və şərəflə də dünyasını dəyişdi.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 1 may 2025-ci il Qərarına əsasən Mərkəzi Elmi Kitabxana tərəfindən tərtibçisi T.Rüstəmova olan “Mustafa Ağabəy oğlu Topçubaşov: biblioqrafik göstərici: (Azərbaycanın Respublikasının elm və mədəniyyət xadimləri)” adlı şəxsi biblioqrafiya hazırlanmışdır. Qeyd edək ki, bügünədək Mustafa Topçubaşovun 2 biblioqrafiyası (1965, 1995) çapdan çıxmışdır.
Sayca 3-cü biblioqrafiyası olan akademikin şəxsi biblioqrafik göstəricisi onun tibbi-cərrahiyyə, elmi-pedaqoji və ictimai fəaliyyətinin 1926-1982-ci illərini əhatə edir.
Biobiblioqrafik göstəricidə Mustafa Ağa bəy oğlu Topçubaşovun həyatı və əmək fəaliyyətinin əsas tarixləri, elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında oçerk, elmi-tədqiqat işləri, əsərləri və onların praktiki tətbiqi, görkəmli şəxsiyyətlərin akademik haqqında söylədiyi fikirlər və s. haqqında məlumatlar verilmişdir.
Eyni zamanda M.A.Topçubaşovun elmi rəhbərlik etdiyi və opponenti olduğu doktorant və dissertantlar, redaktorluq fəaliyyəti, rəy verdiyi əsərlər, habelə həyatı və yaradıcılığı haqqında ədəbiyyat siyahısı da öz əksini tapmışdır.
Akademik Mustafa Topçubaşovun elmi kəşflərinin, Azərbaycan səhiyyəsində, xüsusilə cərrahiyyə sahəsində böyük problemlərin həll edilməsində və ictimai-siyasi fəaliyyətindəki uğurları saysız-hesabsızdır:
- Topçubaşov uzun müddət cərrahi ağrısızlaşdırma problemi üzərində işləyib və məqsədinə nail olmuşdur. Bu sahədə apardığı elmi axtarışlar nəticəsində “Analgezin” adlanan efir-yağ ağrıkəsicisini, ondan istifadə üsulunu kəşf etmişdir. “Analgezin”nin kəşfi sayəsində cərrahiyyədə nisbətən təhlükəsiz keyləşdirmə metodu (narkozunu) kimi tətbiq edilməyə başladı;
- Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların — dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s. halların aradan qaldırılmasına imkan verdiyinə görə, cərrahlar tərəfindən geniş tətbiq edilmişdir;
- Mustafa bəy Topçubaşov tərəfindən icad olunmuş inyeksion analgeziya narkozunun əsasını təşkil edən analgeziya ideyası (fizioloji yuxuya yaxın) bu gün dünyada tətbiq olunan bütün narkoz növlərinin işlədilməsində istifadə edilir. Bu inyeksiyon narkozun tərkibi 3:1 nisbətində efirlə şaftalı və ya zeytun yağı qarışığından ibarətdir;
- Təklif edilən efir-yağ qarışığı inyeksiyalarından həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma halları zamanı müalicə və eləcə də doğuş proseslərində ağrısızlaşdırma vasitəsi kimi istifadə edilmişdir;
- İkinci Dünya müharibəsi dövründə ilk dəfə olaraq professor M.Topçubaşov hospitallar sistemində hərbi-səhra cərrahlığının profilləşməsini tətbiq etmiş və bunun sayəsində ixtisaslaşmış evakohospitallar (torakal, neyrocərrahlıq, uroloji, travmatoloji) yaradılmışdır;
- O, SSRİ-də ilk dəfə evakohospitalların ixtisaslaşdırılma və növbələşdirilməsinin təşəbbüskarı və yaradıcısı olub. Müharibə illərində bundan hərbi-səhra cərrahlığı işinin təşkilində müvəffəqiyyətlə istifadə edilmişdir;
- Topçubaşovun ideyası əsasında bədəndə olan yad cisimlərin lokalizasiyasını təyin etməyə imkan verən universal cihaz quraşdırıldı və müvəffəqiyyətlə neyrocərrahiyyə hospitallarda tətbiq edilmişdir;
- Topçubaşovun təklif etdiyi abdominotorakotomiya, lumbal diafraqmatomiya kimi cərrahi müalicə növləri təxirəsalınmaz cərrahlıq praktikasını yeni və effektiv üsullarla zənginləşdirmişdi. Onun təklif etdiyi periferik sinirlərin zədələnməsi zamanı tendomioplastika və kranioplastika üsulları, efir-yağ inyeksiyaları vasitəsi ilə uzun müddətli anesteziya və başqa metodlar böyük şöhrət qazanmış və geniş istifadə olunmuşdur;
- Akademik Mustafa Topçubaşov Bakı Dövlət Universitetinin tibb fakültəsində cərrahlıq fənnindən dərs ilk azərbaycanlı həkim olmuşdur;
- Elmi-Tədqiqat Klinik və Eksperimental Təbabət İnstitutu (indiki akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi) M.Topçubaşovun rəhbərliyi altında tikilərək fəaliyyətə başlamışdır;
- Topçubaşovun təşəbbüsü və geniş təşkilatçılığı sayəsində “Naftalan Elmi-Tədqiqat Problem Laboratoriyası” təşkil edilmişdir.
- Mustafa Topçubaşov Azərbaycan Cərrahlar Cəmiyyətini yaratmışdır;
- Elmlər Akademiya şəhərciyi onun rəhbərliyi ilə salınmışdır;
- Elmlər Akademiyasının nəşriyyatı və mətbəəsi də M.Topçubaşovun təşəbbüsü ilə yaradılmışdır.
Akademik M.Topçubaşov elmi pedaqoji fəaliyyəti ilə yanaşı, görkəmli ictimai xadim və bacarıqlı təşkilatçı idi. O, Azərbaycan SSR Ali Sovetinin bütün çağırışlarında deputat seçilmiş, uzun müddət respublika Ali Sovetinin sədri vəzifəsində çalışmışdır. Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü, Respublikada Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri olmuşdur.
Bununla yanaşı, həm də SSRİ Böyük Tibb Ensiklopediyasının redaktorlarından biri, “Abdominal cərrahiyyə” jurnalının redaktoru, respublika və İttifaq miqyaslı elmi-tibb jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur.
Akademikin araşdırdığı tədqiqatların nəticələri Azərbaycan, Rusiya, Bolqarıstan, Almaniya və başqa xarici ölkələrdə çap olunmuşdur.
“Nobel Elm Mükafatı”na layiq görülmüş, lakin məkrli xainlər tərəfindən namizədliyinin qarşısı alınan dünya şöhrətli akademik M.Topçubaşovun əsl qiymətini Azərbaycan dövləti və höküməti vermişdir. Belə ki, Azərbaycan Prezidentləri Heydər Əliyev akademikin 100 illik yubileyi haqqında 31 iyul 1995-ci ildə, İlham Əliyev isə 10 iyun 2025-ci ildə 130 illik yubileyi münasibətilə Sərəncam imzalamış və bu tədbirlərin dövlət səviyyəsində keçirilməsinə göstəriş vermişlər. Milli Elmlər Akademiyasının Rəyasət Heyətində, Azərbaycan Dövlət Tibb Universitetində və s. müəssisələrdə bununla əlaqədar olaraq elmi sessiya, konfranslar, tədbirlər təşkil edilmişdir. Alimin adı Respublika Elmi Cərrahiyyə Mərkəzinə, Azərbaycan Dəniz Gəmiçiliyində sərnişin gəmisinə, Bakı və rayonlarda küçəyə, Azərpoçt markası və s. verilmişdir.
Bundan əlavə kitabda akademik M.A.Topçubaşovun AMEA Rəyasət Heyətinin tərkibində “Elmi İrs” Mərkəzində 2 nömrəli Fondda qorunub saxlanılan “Şəxsi Arxiv”inin siyahısı və fonda daxil edilmiş əsərlərin bütünlükdə təsviri verilmişdir.
Son texnoloji nailiyyətləri əsas tutaraq şəxsi biblioqrafiyda “Veblioqrafiya: İnternet Resursları” adlı bölmə hazırlanmışdır. Bölmədə M.Topçubaşovun həyat və yaradıcılığına dair elektron resurslar əhatə olunmuşdur.
“Akademik Mustafa Topçubaşov haqqında televiziya və radio verilişləri, video-filmlər” adlı bölmədə isə professorun bütün həyati dövlərinə həsr olunmuş süjetlər, veriliş və filmlər haqqında informasiya verilmişdir. Məsələn, dövlət sifarişi əsasında çəkilmiş “Mustafa Topçubaşov. Əsrin fonunda portret” adlı sənədli film və s.
Biobiblioqrafiyada akademikin müxtəlif illərdə çəkilmiş (ailə, elm, səhiyyə, tədris, tədbir və s.) şəkillər əsasında foto-albom da tərtib olunmuşdur. Burada M.Topçubaşovun “Tibb Elmlər Doktoru” alimlik dərəcəsi və “Professor” elmi adı alması haqqında diplomlarının surəti, özünün şəxsi imzası olan sənədlər, keçmiş SSRİ rəhbəri İ.Stalinin M.Topçubaşova teleqramı, cərrah-alimin əməliyyat masasında xəstəni əməliyyat edərkən, təltif edildiyi döş nişanı, orden və medallar, Kiyev Tibb İnstitutundda təhsil aldığı tələbəlik illəri, İrəvan Kişi Gimnaziyasında oxuduğu illər, Ümummilli lider Heydər Əliyevlə birlikdə olan şəkillər, rəhbərlik etdiyi Elmi Cərrahiyyə İnstitutunda çalışdığı iş otağında yaradılmış “Xatirə Muzeyi” və bir sıra nadir fotolar əksini tapmışdır.
Biblioqrafiyaya daxil edilmiş mənbələr ümumilikdə 14 əsas bölmə, 6 yarım bölmə içərisində əlifba prinsipi əsasında, daxildə isə xronoloji qaydada qruplaşdırılmışdır.
Kitabın sonunda biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə soraq axtarış aparatı (SAA) tərtib edilmişdir.
Bu il ölkəmizdə 130 illik yubileyi geniş şəkildə qeyd olunan akademik Mustafa bəy Topçubaşovun yubileyinin yüksək səviyyədə keçirilməsi haqqında 2025-ci il 10 iyun tarixində imzaladığı Sərəncamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev alimin fəaliyyətini bu cür qiymətləndirmişdir: “Akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuza malik şəxsiyyətdir. O, Azərbaycan tibb elminə mühüm nailiyyətlər qazandırmış, tibb təhsili və səhiyyə sisteminin müasir əsaslar üzərində qurulması işinə misilsiz töhfələr vermişdir. Mustafa Topçubaşov respublikada cərrahlıq elmi məktəbinin banilərindəndir. Təbabətin müxtəlif sahələri üzrə müalicə texnologiyalarının və cərrahi problemlərin kompleks şəkildə öyrənilməsi yenilikçi alimin fundamental araşdırmalarının başlıca istiqamətlərini təşkil etmişdir. Praktiki cərrahiyyədə geniş yayılmış orijinal müalicə üsullarının tətbiqi və beynəlxalq miqyasda Azərbaycan cərrahiyyəsinin layiqincə təmsil olunması Mustafa Topçubaşovun adı ilə sıx bağlıdır”.
*Azərbaycan Milli Elmlər Akademiyası: E-mail: terane.mirzeyeva.rustemova@gmail.com
Fotoğraflar için tiklayın Topçubaşov şəkillər
