Dünənimdə elə həmin adamsan,
Məhv elədin ikimizi gül kimi!
Bilirəm ki, mənim üçün haçansa
Tökəcəksən göz yaşını sel kimi.
**
Mən yenə də sevinmirəm o qəmə,
Ürəyinə daş dəyməsin sabah da.
Baxmayaraq acımadın sən mənə,
Demədin ki, qəlb sındırmaq günahdı.
**
Şeirlərim ağladıqca sevindin,
Dedin: “Mənəm o ocağın tüstüsü.”
Yazdıqlarım şeirlər tək dərindi,
İçimdəki inadların bəstisi.
**
Nə günəşəm, nə küləyəm, nə yağış,
Havadadır duyğularım, hisslərim.
Məndən səni soruşdular dost-tanış,
Usanmadan, dayanmadan pislədim.
**
Lənətlərim parçalandı min tikə,
Əsəblərim söyüşlərdə bağırdı.
Az qalırdım hönkürərək diz çökəm,
Hamı bildi sənsiz necə ağırdı…
**
Necə aciz, necə yorğun, yaralı…
Görən gördü, cəhənnəm ol, get indi!
Qulağına gəlib çatdımı barı,
“Yaxşı oldu bu axmağa” dedinmi?
**
Dünənimdə elə həmin adamsan,
Məhv elədin ikimizi gül kimi!
Bilirəm ki, mənim üçün haçansa
Tökəcəksən göz yaşını sel kimi…
**
