YAZARAQ DANIŞIRAM
Zeynəb Cəmaləddin
Yalançı ümidlərin taxtını devirmişəm,
Səssizliyin mənə xas aləminə girmişəm,
Qırıldıqca üzümü özümə çevirmişəm,
Susaraq danışıram.
Xəzrilərə çevrilib daha bahar nəsimi,
Hər üzünü görmüşəm mənə “əziz” kəsimin.
Qayalara toxunub duyulmayan səsimi,
Qısaraq danışıram.
Eh… Məni sevməyənlər, yığışın bir araya,
Kam almaqdı qəsdiniz, di düzülün sıraya,
Əlimi qəlbimdəki o görünməz yaraya
Basaraq danışıram.
İstəmirəm bıçaqtək iti kəsən söz dəyə,
Bağlamışam qəlbimi, görünməsin özgəyə.
Sükutu gözlərimdən pərdəlik olsun deyə
Asaraq danışıram.
Dəyişilir tərkibim¹, qəm çoxalır gilimdə,
Əriyirəm, bişirəm hələ yanan külümdə.
Ürəkdə çağlayan söz düyün düşür dilimdə,
Yazaraq danışıram.
24.04.2026
¹ İnsan torpaqdan, gildən yaranıb. Orqanizmdə (tərkibdə) maddə və mineralların balansının dəyişməsindən əhval dəyişir.
