
DÜNYADA HAMI TƏKDİ
Dünyada hamı tənha,
Hamı qəlbi kövrəkdi.
Neçə milyard adam var,
Kimi dindirsən təkdi.
**
Hər kəs bir az ərköyün,
Hər kəs bir az şıltaqdı.
Azad insan görmədim,
Hərə bir cür dustaqdı.
**
Öz gözündə hamı mərd,
Hamı yaxşı adamdı.
Baş açmırsan bu qədər
Cəllad, zalım hardandı.
**
Hamı şəfqət doludu,
Hamı ürəyiyumşaq.
Hər tərəfdə savaş var,
Hər gün ölür gənc, uşaq…
**
Bir-birini yox etdi
Adamların nifrəti.
Dostlar var, dostumuz yox,
Unutduq o ülfəti.
**
Ayaqlar baş olandan
Başlar ayaq altında.
Qala quran, ev tikən
Daşlar ayaq altında.
**
Könüllərə dolmayan
Sevgi ürəyə yükdü.
Özünə yadlaşanda
İnsan hər yerdə təkdi.
Təranə Turan Rəhimli