
Zaman
Ümidlərdən, arzulardan,
Əl çək,- deyir yavaş-yavaş.
Gəlib çatıb sona karvan,
Budur mənzil, düş, a qardaş.
Neçə arzu, diləyini,
Bük qəlbinə, götür apar.
Zaman yetib yelkənini,
Bu dünyadan çəkib qopar.
“Kaş ki”ləri ağır-ağır,
Daşı indi özün ilə.
Ölçüləcək hesabların,
Mələklərin gözü ilə.
Əməlinlə qazandığın,
Öz yükünü çiynində sən.
Alıb burdan həmişəlik,
Qəbr evinə köçəcəksən.
Tərəziyə qoyulacaq,
Hesabların, kitabların.
Günahınmı çox olacaq,
Kara gələn savabların?
Leyla Mətin Sefereliyeva