BİR DİLİN İKİ DUASI
Türkiyədə bir qadın «yavrum» deyəndə
Azərbaycanda içimdəki uşaq çevrilib baxır.
Bəzi sözlər sərhəd tanımır —
ananın səsi
pasportsuz keçir dünyanı.
Sən çörəyə «ekmek» deyirsən,
mən sənin süfrəndə
bir tikə də qəriblik dadmıram.
Duzluğu uzadan əlin
uzaqlığı götürür aramızdan.
Mən «ürəyim» deyirəm,
sən «yüreğim» —
bir hərf yol gedir o birinə,
iki sinənin arasında
döyünməyə yer tapır.
Xəritədə ayrı rənglərə boyayıblar bizi,
amma bir uşağın çəkdiyi günəş
ikimizin də damına çatır.
O uşaq hələ bilmir:
böyüklər torpağı böləndə
işığı bölə bilməyiblər.
Azərbaycan, Türkiyə —
sizi yanaşı yazanda
arada vergül qoymağa əlim gəlmir.
Birinizdə axşam düşsə,
o birinizdə yanan çıraq
evə gecikən adamı gözləyir…
Səadət Qərib
