Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə təkcə dərin ağrı və matəm günü kimi deyil, eyni zamanda bir millətin azadlıq iradəsinin qanla sınağa çəkildiyi gün kimi həkk olunub. Həmin gecə Bakı küçələrində axıdılan qan yalnız günahsız insanların həyatına son qoymadı, sovet sisteminin çürük mahiyyətini də bütün çılpaqlığı ilə üzə çıxardı. “Qanlı Yanvar” adlanan bu faciə Azərbaycanın müstəqillik yolunda ödədiyi ən ağır bədəllərdən biri oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Qazi Universitetinin müəllimi Şəhla Aslan bildirib.
Onun sözlərinə görə, 1980-ci illərin sonlarında Azərbaycanda milli oyanış dalğası sürətlə güclənirdi. Xalq öz taleyini müəyyənləşdirmək, ərazi bütövlüyünü qorumaq və illərlə məruz qaldığı ədalətsizliklərə qarşı səsini ucaldırmaq üçün meydanlara çıxmışdı. Qarabağ məsələsi ətrafında baş verən hadisələr və Moskva rəhbərliyinin ikili standartlara əsaslanan siyasəti cəmiyyətdə qəzəbi və qətiyyəti daha da artırmışdı. Lakin bu haqlı tələblər sovet rəhbərliyi tərəfindən təhlükə kimi qiymətləndirildi.
Çıxış yolu dialoq deyil, silah oldu. Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya yeridildi. Tanklar küçələri tapdaladı, güllələr silahsız, dinc sakinlərə tuşlandı. Qadınlar, uşaqlar, qocalar — heç kim hədəf olmaqdan xilas olmadı. Rəsmi məlumatlara görə, 147 nəfər həlak oldu, yüzlərlə insan yaralandı və itkin düşdü. Həmin gecə Azərbaycan azadlıq yoluna şəhidlərinin qanı ilə imza atdı.
Lakin bu vəhşilik Azərbaycan xalqını sındırmadı. Əksinə, milli birlik və müqavimət ruhunu daha da möhkəmləndirdi. 20 Yanvar müstəqillik mübarizəsində geri dönüşü olmayan bir mərhələyə çevrildi. Bu həqiqəti dünyaya ilk dəfə hayqıran şəxs Ulu Öndər Heydər Əliyev oldu. Hadisələrin ən gərgin çağında Moskvada verdiyi cəsarətli bəyanatla qətliamı açıq şəkildə pislədi, onu insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirdi.
Bu gün 20 Yanvar şəhidləri Azərbaycanda dərin ehtiramla anılır. Şəhidlər xiyabanına axışan insanlar təkcə yas tutmur, eyni zamanda mövqelərini ifadə edirlər. Çünki həmin şəhidlər müstəqil Azərbaycan dövlətinin təməl daşlarıdır.
İllər göstərdi ki, 20 Yanvarda ortaya qoyulan iradə yarımçıq qalmadı. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi bu iradənin qələbə ilə taclandığı tarixi mərhələ oldu. Bir zamanlar tankların qarşısına yalın əllərlə çıxan xalq bu dəfə güclü dövlət və müasir ordu ilə tarix yazdı. İşğal altında olan torpaqların azad edilməsi 20 Yanvarda canından keçənlərin ruhunu şad etdi.
Bu tarixi prosesin tamamlanmasında Prezident İlham Əliyevin liderliyi xüsusi yer tutur. Dövlətimizin başçısının “20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı” fikri həm tarixi ədalətin bərpasının, həm də milli iradənin güclü ifadəsidir. Güclü dövlət konsepsiyası, müasir ordu quruculuğu və qətiyyətli siyasi iradə nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı, ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.
Bu gün Qarabağda dalğalanan üçrəngli Dövlət bayrağı, həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri və Böyük Qayıdış proqramı həmin liderliyin real nəticələridir. Görülən işlər təkcə şəhər və kəndləri deyil, illərlə yarımçıq qalan ümidləri də dirçəldir. Beləliklə, 20 Yanvarda başlanan azadlıq mübarizəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı dövlət uğuruna çevrilib.
Bu gün gəlinən mərhələdə 20 Yanvar Azərbaycan xalqı üçün yalnız keçmişin acısı deyil, bu günü anlamlandıran və sabahı formalaşdıran tarixi irsdir. Qarabağda ucaldılan hər bina, geri qayıdan hər ailə və dalğalanan Azərbaycan bayrağı 20 Yanvarda göstərilən mübarizənin bugünkü təcəssümüdür. Bu həqiqət Azərbaycan xalqının heç vaxt boyun əymədiyini və öz taleyini daim öz iradəsi ilə müəyyən etdiyini bir daha bütün dünyaya bəyan edir.
