TÜRKMAN MİLLİ KİMLİYİ XOYRAT VƏ AZƏRBAYCAN BAYATILARI
Ləman Vaqifqızı (Süleymanova)*
Özət
Bayatı türk poetik təfəkkürünün ən önəmli qəliblərindən biridir. Bu janrın spesifik xüsusiyyətlərindən biri budur ki, ancaq türk folkloruna aiddir. Türklərlə birgə yaşayan xalqlar bayatını ancaq türk dilində oxuyurlar. Şifahi xalq ədəbiyyatının bu janrı müxtəlif adlar altında müxtəlif türk xalqlarında mövcuddur. Bayatı poetik qəlibinin adları müxtəlif olsa da, funksiya eynidir. Bu forma istər bayatı adlandırılsın, istər xoyrat, istərsə mani və s. mahiyyət dəyişmir. Bayatının konteksti, funksiyası, musiqi ilə bağlılığı kimi məsələlər bütün türk xalqlarında eynidir. Bu yazımızda Azərbaycan bayatıları ilə İraq türkmanlarında mövcud olan xoyratlar tədqiqata cəlb edilir və onların spesifik cəhətləri təhlil edilir.
Açar sözlər: Azərbaycan, Türkmaneli, bayatı, xoyrat, mani
Giriş. Türk dünyasının hər bir bölgəsində mövcud olan bayatı janrı həm İraq türkman folklorunda, həm də Azərbaycan şifahi xalq ədəbiyyatının ən aktiv janrlarından biri hesab edilə bilər. Tarixin müəyyən kəsimində eyni dövlətin tərkibində yaşayan Azərbaycan türkləri ilə İraq türkmanları vahid bir xalq olmaqdan çıxıb parçalansalar da, müxtəlif dövlətlərin əhalisinə çevrilsələr də, ortaq dəyərlər baxımından ayrılmamış, dil, folklor, etnoqrafiya və s.-də hələ də vahidliklərini qoruyub saxlaya bilmişlər. Onları birləşdirən dəyərlərdən biri də bayatı janrıdır.
Xoyrat və bayatı. Türkman şifahi xalq ədəbiyyatının geniş yayılmış janrlarından biri xoyratdır. Xoyrat türkmanlar arasında hər kəsin bildiyi, söylədiyi, sevdiyi şifahi xalq ədəbiyyatı janrıdır. Necdet Yaşar Bayatlının fikirləri bu baxımdan yerinə düşür. “Xoyrat İraq türkman ədəbiyyatının şah damarıdır. İraq türkmanlarının sözlü ədəbiyyatında və hətta gündəlik həyatında xoyrat olmazsa olmazların arasındadır. Uşaqdan böyüyədək hər kəs xoyrat söyləyə bilər.” (Bayatlı: 18) İraq türkmanları üçün ana dili və folklor onların varlığını şərtləndirən əsas amillərdir. Əslində türkman dilinin qorunmasında və gələcək nəsillərə ötürülməsində də folklorun, eləcə də xoyratların önəmli rolu vardır. Türkmanelinin bütün bölgələrində xoyrat mövcuddur, hər türkmanın hafizəsində xoyrat vardır, amma Kərkük bölgəsi bu baxımdan xüsusi seçilir. Necdet Yaşar Bayatlı Erol Aydilə istinadən yazır: “Xoyrat deyincə ağla Kərkük, Kərkük deyincə xoyrat gəlir. Kərkükə xoyrat, xoyrata Kərkük necə yaraşır. Bu kiçik nəzm parçasına bütün dünyanı sığışdıra bilənlərin dilində türkün sevinci, inamı, vətən və millət sevdası, azadlıq eşqi bir gözəllik olub göyə buxarlanar, sonra bir rəhmət buludu olaraq türk dünyasına yağar.” (Bayatlı: 18)
Xoyrat janrı Azərbaycan bayatılarına çox bənzəyir, bu, xüsusilə də, bizdəki kəsik bayatların eynidir. Azərbaycanda xoyrat kəlməsi birbaşa janrın adı olmasa da, bizdə də bu sözə təsadüf edilir. Xoyrat sözünə elə bayatılarda da rast gəlirik:
Qızıl üzük döyülmü?
Qızın nazik döyülmü?
Vermə xoryət[1] oğlana,
Qızın yazıq döyülmü? (Şəki folklor örnəkləri 2014: 286)
Bu bayatını qeydə aldığımız Şəki-Zaqatala bölgəsində gündəlik danışıqda xoyrat sözü xoryət formasında tələffüz edilir və bu gün də işləkliyini qorumaqdadır. Amma bayatı şeir şəklinin adlarından biri kimi Azərbaycan ərazisində bu sözə təsadüf etmədik. Xoyrat adlı bayatıya rast gəlməsək də, xoyrat formalı bayatı şeir şəkli Azərbaycanda da yayğındır. “Qərbi azərbaycanlılardan[2] folklor toplayarkən iki dənə də kəsik bayatı qeydə aldıq:
Dərd əkərəm,
Dərd əkif, dərd biçərəm.
Qoşaram dərd cütünü,
Özümə dərd əkərəm.
Qara bağı,
Gəncənin Qarabağı.
Bir tərlan itirmişəm,
Boynunda qara bağı.” (Vaqifqızı 2012: 42)
Prof. Q.Paşayev M.H.Təhmasib və A.Məmmədovaya istinadən daha çox Kərkük folklorunda rast gəlinən xoyrat adlı bayatı növünün vaxtilə Azərbaycanda da geniş yayıldığı qənaətindədir. (Paşayev 1998: 29)
Bəzi folklorşünasların fikrincə, Azərbaycan bayatıları daha çox “əzizinəm”, “eləmi”, “mən aşıq” kimi kəlmələrlə başlanır. Folklorşünas alim V.Vəliyev yazır ki, “Azərbaycan bayatılarında başqa türkdilli xalqlarda olmayan formal bir əlamət vardır: bizim bayatılarımız əsasən “əzizinəm”, “eləmi”, “mən aşıq” kimi şablon kəlmələrlə başlanır (Vəliyev 1979: 4). Hörmətli alimimizin ruhunu sayğıyla andıqdan sonra deyək ki, “türkdilli xalqlar” ifadəsi kökündən yanlışdır. Türkdilli xalqlar yox, türksoylu xalqlar yazılması lazım idi, amma məqalənin 1979-cu ildə, yəni Sovetlər dönəmində yazılmasını nəzərə alsaq, V.Vəliyevi haradasa anlamaq olar. Qaldı Azərbaycan bayatılarının “əzizinəm”, “eləmi”, “mən aşıq” kimi şablon kəlmələrlə başlanması fikrinə, niyə Azərbaycan bayatıları digər türk xalqlarının bayatılarından bu cür fərqlənsin ki? Əslində bayatının ilk misrasındakı “nöqsanı” aradan qaldırmaq yalnız Azərbaycan bayatılarına məxsus hal olmayıb, türk dünyasının başqa bölgələrində də rastlaşdığımız haldır. Ziyat Akkoyunlu “Kerkük Ağzında Mani ve Horyata Dâir” adlı məqaləsində bu barədə yazır: “Xoyrat ilk misrası yeddi hecadan az bir kəlmə və ya kəlmə qrupu ilə qurulan, digər misraları yeddi heca olan cinaslı manilərdir. İlk misranın əskik hecalı olması maninin mətnində bir əskiklik, yaxud qüsur təşkil etməz. Bu heca nöqsanlığı icra zamanı Kərkükdə “baba bu gün”, “zalım”, Ərbildə “bile yoldaş”, Azərbaycanda “əzizinəm” kimi qəlibləşmiş, doldurma sözlərlə qapadılır” (Akkoyunlu: 4)
Azərbaycan folklorşünaslığında yazılmayan, amma şifahi olaraq səsləndirilən belə bir fikir yayğındır ki, Sovet dövründə bayatının yeddi hecalı olduğunu nəzərə alan bəzi folklorşünaslarımız birinci misrası yeddi hecadan az, yəni kəsik misralı olan bayatılardakı “yanlışlığı” aradan qaldırmaq üçün birinci misraya “əzizinəm”, “eləmi”, “mən aşıq” kimi şablon kəlmələr artırmış, bununla da həmin “əksikliyi aradan qaldırmışlar.” Bu fikirin nə qədər doğru olub-olmadığını bilmirik, amma bizim Azərbaycanın müxtəlif bölgələrinə folklor toplamlarına gedərkən qeydə aldığımız kəsik bayatılar sübut edir ki, bizdə də bu cür quruluşa malik bayatılar olmuşdur və hələ də öz mövcudluğunu qorumaqdadır.
Azərbaycan folklorşünaslığında oturuşmuş bir fikir vardır ki, bayatı daha çox qadınlar tərəfindən deyilir. Hərçənd ki, biz folklor toplamalarında olduğumuz zaman bu fikrin tam doğru olmadığını dəfələrlə müşahidə etmişik. Xüsusilə də, damburçularla görüşüb söhbətləşdiyimiz zaman onların repertuarının tamamilə haylalardan (dambur havaları üzərində oxunan bayatılardan) təşkil edildiyini gördük. Digər bir tərəfdən də aşıq yaradıcılığında bayatıya müraciət vardır ki, bu fakt da bayatının yalnız qadınlar tərəfindən istifadə edilən janr olmadığının göstərcəsidir. Kərkükdə də xoyratların kişilər tərəfindən söyləndiyi qabardan F.S.Bayraktar yazır: “Xoyrat Azərbaycandan Kərkükə qədər uzanan, üç dövlətin sərhədləri içərisindəki türkləri bir-birinə bağlayan çox önəmli və yayğın janrdır. Daha çox erkəklər tərəfindən söylənən xoyratlar xalqın yaşamının bütün sahələrində mövcuddur və digər janrlara nisbətən daha çox sevilməkdədir.” (Bayraktar 2013: 209). Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, bayatı janrının ifası yalnız qadınlara aid deyil, cinsindən asılı olmayaraq hər kəs bayatı deyə bilər.
Türkmanelindən toplanmış xoyratlara baxdığımızda onların bir qisminin atalar sözlərinin nəzmə çəkilmiş şəkli olduğunu müşahidə edirik. Türkmaneli bölgəsinin şeiriyyətə olan hədsiz aludəçiliyinə baxaraq bunun normal hal olduğunu söyləmək mümkündür. Digər tərəfdən də belə düşünmək olar ki, sözlərin axıcı bir biçimdə qafiyələnməsi onların daha asan yadda qalmasına kömək edir. Odur ki, İraq türkmanları atalar sözlərinin bir qismini nəzmə salaraq həm onların daha asan yadda saxlanmasına yardım edir, həm də xoyratların fəlsəfi fikirlərlə zənginləşməsinə, daha mükəmməl məna kəsb etməsinə səbəb olurlar:
Karıdı,
Bu iş adam karıdı.
Eyiliğe qarşı eyiliğ
Hər igidin karıdı. (Bayatlı: 19)
Seyran olu
Bahardı, seyran olu.
İki geyvil bir olsa,
Samanlığ seyran olu. (Bayatlı: 19)
Onu da qeyd edək ki, Türkmaneli xoyratları üçün səciyyəvi hal olan atalar sözlərindən istifadə Azərbaycan bayatıları üçün də xarakterik haldır. Azərbaycanda da bu cür bayatılar kifayət qədər vardır:
İstəkanın sarısı,
İçdim, qaldı yarısı.
Ay qız, insafdan çıxma,
İnsaf dinin yarısı. (AFA Qarabağ 2000: 154)
Əzizim dalda gəzər,
Gün gedər, dalda gəzər.
Mərdlər qabağı gözlər,
Namərdlər dalda gəzər. (AFA Qarabağ 2000: 154)
Yalnız Azərbaycan Respublikasının ərazilərindən toplanmış bayatılarda deyil, Arazın o biri tayından, İran dövlətinin sərhədləri içində qalmış ərazilərdən qeydə alınmış bayatılarda da bu halla qarşılaşmaq mümkündür:
Dağ üstə duman qalar,
Yağışa guman qalar.
Yağ-yağ üstə tökülər,
Yarmalar yavan qalar. (Güney Azərbaycan Folkloru 2021: 317)
Əslində bayatılarda atalar sözlərindən istifadə yalnız Türkmanelindən, yaxud da Azərbaycan türklərindən toplanmış bayatılara aid deyil. Türk dünyasının bütün bölgələrində oxşar hallarla qarşılaşmaq olar. Bu baxımdan Ziyat Akkoyunlunun fikirləri yerinə düşür: “İraq türkmanları atalar sözlərini mənzum hala gətirmə təmayülü göstərirlər. Bizə görə, bu təmayül bütün türk atalar sözlərində görülən ortaq haldır.” (Bayatlı: 17)
Xalq musiqisində ən çox istifadə olunan şeir şəkli bayatıdır. Xalq mahnılarımızın əksəriyyətinin sözlərinin bayatı mətnləri üzərində qurulduğunu görürük. Bayatı Azərbaycanın heç bir bölgəsində sadəcə şeir mətni kimi söylənilmir. O, hökmən müəyyən bir avaz, yaxud hava üstündə oxunur. Heç təsadüfi deyil ki, Azərbaycanda əksər bayatılar müəyyən bir musiqi alətinin – dambur, çağana, dəf və s.-in müşayiəti ilə oxunur. Bəzən söyləyicilərin sini döyərək bayatı oxuduqlarının da şəxsən şahidi olmuşuq. Yəni söyləyici bəzi hallarda özü də fərqinə varmadan bayatını avazsız deyə bilmir. Yaxud da bayatını şeir kimi dediyi üçün misraları unudan, ancaq avazla dediyi zaman xatırlayan söyləyicilərlə də az rastlaşmamışıq. Bütün bu söylənənlər bayatı mətnlərinin musiqi ilə birbaşa bağlılığından xəbər verir. Eyni hal Türkmaneli xoyratları üçün də xarakterik haldır. İraq türkman xoyratlarının bir özəlliyi də onun musiqi ilə birbaşa bağlılığıdır. Bu barədə müxtəlif tədqiqatçılar sanballı araşdırmalar aparmış, Türkmaneli xoyrat və bayatılarının musiqisi haqqında dolğun fikirlər söyləmişlər. Hətta Ziyat Akkoyunlu xoyratın musiqi ilə bağlılığından bəhs edərək “… xoyrat nəğmə tərzi olaraq musiqi xəzinəmizin qaynaqlarından sayılır” – deyə qeyd edir. (Akkoyunlu: 2) O, Kərkük mani və xoyratlarından bəhs edən tədqiqatında bu iki nümunəni bir-birindən ayıran əsas cəhətin də məhz onların musiqi ilə bağlılığında, oxu şəklində olduğunu qeyd edir: “… Digər mani kəlməsi ilə ədəbi tür olan mani dördlüyü nəzərdə tutulurkən, Kərkük yörəsində əzgi, nəğmə mənaları nəzərdə tutulur. “Me`ni çağırmaq”, “me`ni demək” mahnı oxumaq, yəni nəğmə ilə tərənnüm etmək mənasına gəlir. Ədəbi tür olan maniyə isə xoyrat, koryat, xoyrat və ya koyrat adı verilir. Bu türdəki düz manilər türkü, ağı, layla və s. qırıq havalar; kəsik mani isə daha çox uzun havalarda istifadə olunur. Buna görədir ki, kəsik mani türlərinə Kərkük yörəsində mani adı verilməz. Ancaq düz mani türünə, az da olsa, mani deyildiyi müşahidə edilir. … Mani, bilindiyi kimi, başlıca olaraq iki qismə ayrılır: düz mani və kəsik mani.” (Akkoyunlu: 2-3)
Azərbaycan türkcəsi və İraq türkmanlarının şivəsi demək olar ki, bir-birinin eynidir. Bəzən Azərbaycan ərazisindən toplanmış materiallarda elə sözlərə rast gəlirik ki, bunların izahını bugünki gənc nəsil bilmir. Həmin sözlərlə İraq türkmanlarından toplanmış materialların arasında da üzləşirik. Belə bir nümunəyə baxaq:
Düşmanımı yarımasın,
Yarısa da, qarımasın.
Göy gölgədə oturuf
Bağırdax sarımasın. (Şəki folklor örnəkləri 2014: 293)
Biz bu bayatını 2000-ci ildə Şəki rayonunun Cumakənd kəndində qeydə almışdıq. Burada işlənmiş “bağırdax sarımasın” ifadəsinin izahını söyləyicidən soruşanda məlum oldu ki, həmin ifadə “uşaq bələməsin” anlamına gəlir. Onu da qeyd edək ki, bu ifadə artıq işləkliyini itirmək üzrə olduğundan cavan nəsil arasında işlədilmir. Bağırdaq sözü İraq türkmanlarında da işlənir. Onlardan toplanmış laylalardan birində bu sözə rast gəldik:
Ay çıxdı yolda durdu,
Gör nə xəyalda durdu.
Bağırdağ saçaqları
Gözümə dalda durdu (AFA.İraq-türkman folkloru 1999: 203)
Kitabın sonunda verilmiş lüğətdə oxuyuruq: “Bağırdağ – beşik bağı /Azərbaycan dilinin Dərbənd, Quba, Gəncə, Nuxa və s. şivələrində də işlənir/” (AFA.İraq-türkman folkloru 1999: 427). Göründüyü kimi, bu kəlmə həm Azərbaycan şivələrində, həm də İraq türkmanlarının şivəsində eyni anlamda işlədilir və hər iki misalda bu sözə məhz bayatı mətnində rast gəlirik.
Sonuc. İraq türkmanlarında mövcud olan xoyratlarla Azərbaycan bayatılarını müqayisə etdiyimiz zaman onların həm quruluş, həm də ifa tərzi və musiqi ilə bağlılığı baxımından çox oxşar, bir sıra hallarda hətta eyni olduğunu müşahidə edirik. Bu oxşarlıq həm İraq türkman xoyratları, həm də Azərbaycan bayatılarının eyni təfəkkür tərəfindən yaradıldığının göstəricisidir.
* AMEA Folklor İnstitutunun Təhsil, şöbəsinin müdiri, fil.ü.f.d., dos.
Qaynaqlar
- Akkoyunlu Ziyat. Kerkük Ağzında Mani ve Horyata Dâir. Milli Folklor. Səh.1-6
https://turuz.com/book/title/Kerkuk+Aghzinda+Mani+Ve+Hoyrata+Dayir+Ziyad+Aghqoyunlu+42s
- Azərbaycan folkloru antologiyası: 23 cilddə, V c., Qarabağ folkloru / Tərtib edən: Abbaslı İ. Bakı, Səda, 2000, 414 s.
- Azərbaycan folkloru antologiyası: 23 cilddə, II c., İraq-türkman folkloru. /Tərtib edənlər: Paşayev Q., Bəndəroğlu Ə. Bakı, Ağrıdağ, 1999, 467 s.
- Bayatlı Necdet Yaşar. Türk Halk Edebiyyatında Manzum Atasözleri ve İrak Türkmenleri Arasında Atasözü İçerikli Hoyrat Örnekleri. Səh. 11-22
file:///C:/Users/User/Downloads/jcolang,+T%C3%BCrk+Halk+Edebiyat%C4%B1nda+Manzum.pdf
- Bayraktar Fatma Sibel. Elazığ / Harput Hoyratlarının Kerkük Horyatları İle Tematik Karşılaştırması. Fırat Üniversitesi Harput Uygulama ve Araştırma Merkezi Geçmişten Geleceğe Harput Sempozyumu, Elazığ 23-25 Mayıs 2013, səh.209-215
- Güney Azərbaycan folkloru. XI cild. Tərtib edən: fil.ü.f.d., dos. Mətanət Maşallahqızı (Abbasova). Bakı, Elm və təhsil, 2021, 340 səh.
- Paşayev Qəzənfər. İrak Türkmen folkloru. İstanbul: Kerkük vakfı, 1998, 320 səh.
- Şəki folklor örnəkləri. II kitab. Toplayıb tərtib edən: fil.ü.f.d., dos. Ləman Vaqifqızı (Süleymanova). Bakı, “Elm və təhsil”, 2014, 408 səh.
- Vaqifqızı Ləman. Şəki folklor mühiti. Bakı, “Elm və təhsil”, 2012, 248 səh.
- Vəliyev Vaqif. Folklorşünaslığın bəzi məsələləri haqqında // Elmi əsərlər. Dil və ədəbiyyat. Bakı, S.M.Kirov adına ADU, 1979, № 6, səh.3-6
[1] Xoryət – pis, yaramaz
[2] Qərbi Azərbaycan dedikdə müasir Ermənistan ərazisi nəzərdə tutulur. İndiki Ermənistan ruslar tərəfindən Şimali Azərbaycanın (yəni müasir Azərbaycan Respublikasının) tarixi torpaqlarında qurulmuşdur. Odur ki, həmin ərazi Qərbi Azərbaycan, oradan ermənilər tərəfindən XX əsrin müxtəlif illərində zorla qovulmuş əhali isə qərbi azərbaycanlılar adlandırılır.