Türk birliyini terennüm eden
Azerbaycan şairi Yusif Neğmekar…
Qurban Bayramov*
Müasir mərhələdə Azərbaycan хalqının milli-ictimai düşüncə, əхlaq və mənəviyyat, bədii təfəkkür və intеllеkt siferasına məxsus sənət adamlarından biri də, şair, publisist, jurnalist Yusif Nəğməkardır… Onun qanadlı və rоmantik vətəndaşlıq amalı, bədii-еstеtik və fəlsəfi idеala хidmətdə miqyaslı məkanda yer tutmaq bacarığı, milli mеyarlar və hüdudlar aləmindəki mövqeyi Yusif Nəğməkarı ədəbi cameənin sevimlisi etmişdir…
Yusif Nəğməkarın yaradıcılığını uzun müddətdir ki, həmişə izləmişəm, haqqında yazmışam, indi də, bir neçə kitabı qarşımdadır… İlk olaraq onun illər öncə çıxan “Bəsirət gözəli” kitabını vərəqləyirəm. “Bəsirət gözü” anlayışı məlum-məşhur anlayışdır, amma “bəsirət gözəli” anlayışına ilk dəfə idi ki, rast gəlirdim. Bəri başdan deyim ki, Yusif Nəğməkar axtarıcı qələm əhlidir, yeniliyi, orjinallığı sevəndir və onun ədəbi dilimizə gətirdiyi xeyli belə, yeni, təzə, “qayçıdan çıxma” anlayışlar, obrazlar, bənzətmələr, ifadələr, hətta arxaizmlər, tarixizmlər mövcuddur. Və mən bunu sözarası xatırlatdım…
Bu kitab müəllifin şəkilaltı verdiyi bu misralarla açılır, özü də şairin öz xəttində, altında da öz imzasıyla (bunun da mənası var) :
Ömür azdır, lap yüz de;
Tanrı yarı bölməsin!..
Diriykən elə söz de,
Ölümünlə ölməsin.
Sonra onun digər kitablarını da vərəqlədim, oxudum, onun söz dünyasna, şeir aləminə, duyğular dənizinə daldım… Və gördüm ki, bu bənddə, bu misralarda deyiıən mətləb onun poetik amalı, bədii-estetik kredosudur… O, ölümsüz söz eşqilə yaşıyır, yaradır… Müasir Azərbaycan ədəbiyyatının – poeziyasının tanınmış, zəhmətkeş və fədakar nümayəndələrindən biri, hər bir əsəri ilə hadisəyə çevrilən, “təbinin odunu söndürəcək” hər şeyə qarşı çıxan, özünəməxsus, “minnətsiz” şair ömrünün daşıyicsıdır Yusif Nəğməkar…
Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu) – şair-publisistdir. Aran uşağıdır, yovşan ətrli çöllərdə, tərəkəmə ellərində – Beyləqan bölgəmizin I Aşıqlı kəndində, dinə-imana tapınan bir aiədə 1955-ci il, martın 22-də anadan olmuşdur. “Bədi əz-zaman” (“Zamanın möcüzəsi”) adlandırılan Məsud ibn Namdarın (Beyləqani) (XI), Xaqanidən təbli şair hesab edilən Mücirəddin Beylaqaninin (XII), Şəmsəddin Zəki ibn Hüseyn ibn Ömər Beyləqaninin (XIII) yerlisi, müasir mərhələdə – XXI əsrdə Beyləqanilər irsinin, Beyləqanilər nəslinin, deyərdim ki, ləyaqətli davamçısıdır – Yusif Nəğməkar…
Beyləqanım – bal sözüm,
Doğmaca, halal sözüm.
Babaların gur səsi,
Kökümün göyərməsi.
…Baş qaldırdı yer altdan,
Qürurum – Örənqalam.
…Mərd yuvam, ərən qalam.
Qaragöz Qarabağın
Göz üstündə qaşıdı,
Vətən gözlərin aydın –
Beyləqanım yaşadı.
Bu şeirini 18 mart 1989-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarə ilə Jdanov rayonunun yamama adının ləğv olunaraq taixi adının – Beyləqan adının bərpası xəbərindən vəcdə gələrək yazıbdır – Yusif Nəğməkar!! Ədalət naminə onu da bldirim ki, qondarma Jadanov adının ləğvindən sonra bu rayona yenə də qondarma adların verlməsi versiyası yaranmışdı. Yusif Nəğməkarın axtarışları, tarixi faktları lazımi distansiyalara ötürməsi, idarəetmənin müxtəlif səviyyələrində fərdi görüşləri, inadkar fəaliyəti nəticəsində tarixi ədalət bərpa edilmiş, bölgənin qədim, tarixi Beyləqan adı bərpa olunmuşdur…
Görkəmli şair, Yusiflə az qala “ata-oğul” münasibətində olan Bəxtiyar Vahabzadə onun adını “Nəğməkar Yusif” kimi təqdim edibdir, qələm dostu, istedadlı ziyalı Asif Mərzili isə ona “Nəğməkar şair – Yusif Nəğməkar” deyibdir! Olsun, məncə hər ikisi caizdir və mənə elə gəlir ki, bu onun şair təbiətinin imkanlarının əzəliliyi ilə əbədiliyinin funksiyonal vəhtətindən irəli gəlir…
Aşıqlı kəndində səggizillik məktəbi (1961-1969), Beyləqanda orta məktəbi (1969-1971) bitirmişdir. Uşaq yaşlarından poeziyaya həvəs göstərmiş, 5-ci sinifdə oxuyanda “Çıxıbdı” adlı şeiri Beyləqanın (o vaxtlar Jdanov rayonu adlanırdı) “Yüksəliş” qəzetində çap olunmuşdur. Orta məktəb illərində yazdığı şeirlərin bir çoxu həmçinin “Sürət” (Ağcabədi), “Qızıl ulduz” (İmişli) və digər rayon qəzetlərində işıq üzü görür…
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində ali təhsil almış, bununla yanaşı jurnalistika kursunu da bitirmişdir(1973-1977). Bir müddət (1977-1983) dil və ədəbiyyat müəllimi işləmiş, sonra Bakıya gələrək jurnalistika sahəsində fəaliyyətə başlamışdır. Xeyli müddət əsas iş yeri Azərbaycan Televiziya və Radio Verilişləri komitəsi olmuş, burada müxtəlif vəzifələrdə çalışmışdır (1983-2006).Yusif Nəğməkar AYB-nin “Qılınc və qələm” , Rəsul Rza və Şahmar Əkbərzadə adına Beynəlxalq Ali ədəbi mükafatları laureatıdır. O, hazırda qeyri – neft sektoru sahəsində mətbuat katibi işləyir.
Respublika miqyaslı, əsaslı bədii yaradıcılığa 77-ci illərdən başlamışdır. Burada – Bakıda ilk mətbu şeirləri xalq şairi Rəsul Rzanın “Uğurlu yol” xeyir-duası ilə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. Dövri mətbuatda bir müddət şeirlərini “Yusif Mədəd”, sonra isə “Yusif Nəğməkar” imzası ilə çap etdirmişdir. Ağdamda keçirilən respublika xalq yaradıcılığı festifalının laueratıdır (1981). Bütün simli alətlərdə (saz, tar və skripka) virtuoz ifaçıdır, qarabağlılara məxsus yatımlı səsi var…
İlk şeirlər kitabı “Sazın işığında” (1984) adlanır. Sonralar “Bilsəydim ayrılıqdır” (1986), “Mənə azadlıq verin” (1996), “Alın yazım” (2004), “Zal ağacı” (2007), “Vəslin edamı” (2008), “Çingiz çini”(2010), “Bəsirət gözəli” (2012), “Sevgim – mələklər yuxusu” (2013), “Qələm səsi”, “Sizli”, “Şər şənbə”, “Şahnaz”-ah naz”, “Oxu, bülbül”, “Adillik”, “Bəxtiyar”, “Beyləqan”, “Haqq yolçusu, haqq carçısı”, “Qurbannamə”, “Haqqın Qurbanı”, “Güllər atılmasın”, “Altmışın yuxusu” (2015), “Sevgi məbədi” (2020) təkin şeirlər və poemalardan ibarət kitabları çap olunmuşdur.
Maraqlı publisist yazıları ilə də diqqətdədir… Onun Baykal-Amur magistral tikintisində çalışan azərbaycanlılara həsr etdiyi “Ulkana uçan Zümrüd quşu” (1984) publisist silsiləsi, Sibir çöllərinə sürgün olunan represiya qurbanları həmyerlilərimiz barəsində “Bizim ellər yerindəmi?” silsilə tele-verilişləri rəğbətlə qarşılanmışdır.
Onun poeziyası, bədii-publisist yazıları “Azərbaycan”, “Çinar pöhrələri”, “Sabir poeziya gü nləri”, “Ana albomu”, və s. almanaxlarda, “Ulduz”, “Azərbaycan”, “Literaturnıy Azerbaycan” jurnallarında (rusca), “Ədəbiyyat və İncəsənət” – “Ədəbiyyat” və s. Yazıçılar Birliyinin orqanlarında müntəzəm çap olunmuş və olunmaqdadır. Yusif Nəğməkarın sözlərinə bəstəkarlarımız tərəfindən onlarca nəğmələr bəstələnib və onların əksəriyyəti dillər əzbərinə çevrilmişdir. Respublikanın xalq artitsti Niyaməddin Musayevin bəstələyib ifa etdiyi Ümummilli lider Heydər Əliyevə həsr olunmuş”El atası”,”Qurtuluş nəğməsi, Azərbaycan prezidenti cənab İlham Əliyevə həsr olunmuş”Azərbaycan prezidenti”kimi xalq arasında məşhurlaşmış və Azərbaycan radiosunun daimi-“Qızıl fond”una daxil edilmiş nəğmələrin söz yazarı da Yusif Nəğməkardır. Onun dünya ədəbiyyatından tərcümələri olduğu kimi əsərləri də dünya xalqlarının dillərinə tərcümə edilmişdir. O, 2015-ci ildə Çanakqala zəfərinin 100 illiyi münasibətilə Türkiyənin Bakıdakı Böyükelçiliyi ilə AYB-nin birlikdə keçirdikləri ədəbi müsabiqənin qalibi (“Çanakqala-Türkə qala” poemasina görə) olmuşdur.
Azərbycan Yazıçılar Birliyinin (1995), Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1989), “Qılınc və qələm”, Rəsul Rza adına Beynəlxalq ali ədəbi mükafatlar laueratıdır(2004). Şeirlərinə musiqi bəstələnmiş, əsərləri xarici dillərə tərcümə edilmişdir…
Bu əsərləri, kitabları, şeirləri, nəğmələri ilə oxucuya ürəyini açan, yurddaşlarına, dərddaşlarına köynək-köynək, göynək-göynək yaxın olan, doğma olan şairdir Yusif Nəğməkar! …
Bir də, onu deyə bilərəm ki, bəzi “yenilikçi” yazarlardan fərqli olaraq, ədəb-ərkana ciddi fikir verən qələm sahiblərindəndir, o!.. İntim çılpaqlığı, bayağı ehtirasçılığı bilmərrə sevməz. Kənd saflığı, dağ vüqarı, bulaq sərinliyi, çay harayı var Yusifin əsərlərində. Yazılarında bəzən publisistik yön ifratlanır. Bu da onun jurnalist fəaliyyəti ilə bağlıdır. Bu isə təbiidir. İki üslububun qovuşuğunda gerçəkləşir onun fikirləri, duyğuları…
Özünün orijinal üslubu və poeziyasında elat dilindən qaynaqlanan şirin misraları, şeirləri ilə seçilən, sevilən, müxtəlif ədəbi mükafatlara layiq görülən tanınmış şair Yusif Nəğməkarın müasir gerçəkliyimizdən süzülüb gələn ən müxtəlif mövzulara həsr etdiyi, daha doğrusu yurd yanğısından yazılmış neçə-neçə şeirləri, əsərləri həmişə diqqət mərkəzidə olubdur. Mənim üçün ən marqlı əsərlərindən biri, diqqətimi cəlb edən qələm dostlarımın stolüstü, göz qabağında olan bərcəstə kitablardan biri də “Qələmin səsi” (2014) adlanan onun kitabıdır və Yusif Nəğməkarın poeportretinin müəyyən cizgilərini bu topluda daha qabarıq görə bilirəm…
“Qələmin səsi!” yaxşı, orjinal tapıntı-ifadədir! Əslində qələmin səsi yoxdur, heç kağız üstündə gəzdirəndə xışıldamır da! Amma Yusif Nəğməkar səssizliyin səsini eşidə bilən şair olduğundan qələmin də səsini eşidə bilir! Qələmin səsi – S Ö Zdür. Yaxşı S Ö Zdür! Yusif Nəğməkar da bir şair kimi yaxşı söz sahibidir, daha doğrusu söz xridarıdır! Qələminin səsini ruhunda, təbində eşidən şairdir!
Özü bu barədə yazır: “Mən fikrimin səsini təbimdə, ruhumda hazır olandan sonra qələm vasitəsiylə kağızın sinəsinə çırpıb qulağına pıçıldayıram. Bu prosesdə qələmin qeyri-adi səsini duyuram. Heç bir musiqi sədası, heç bir çağrış, heç bir əzizləmə mənim üçün o həniri əvəz edə bilməz. O hənrin aurasında mən nizamlı, dolu və güclü oluram.”
Bax, budur şair psixologiyası! Bax, budur şairin yaradıcılıq mətbəxinin sirri! Həmçinin, şairin poeportretinin mühüm cizgilərindən biri… Onun poetik amalında məmləkətin bu başı – o başı, bölgüsü yoxdur. Bir meyarı var Bütöv Azərbaycan – Müstəqil Azərbaycan – Azərbaycan dövlətçiliyi… Bundan kənar nə varsa bu aləmdə ona dəxli yoxdu! Bu amala zərrə qədər, iynənin ulduzu qədər zərər gətirən hər şey ona bir dağ, həm də sinədağ görsənir, səsi, sözü, şeiri “Azərbaycan harayı”na çevrilir
Azərbaycan bir qaladır – daşı bölünməz,
Bölünəsı halal ruzi-bərəkətidir.
Vüqarının, qürurunun yaşı bilinməz,
Azərbaycan – namusumun məmləkətidir.
…Təbriz, Dərbənd, İrəvanla Borçalı – ah-zar,
Münəccimmi qəm yolunu belə tən bölən?!
Torpaq yarı, Vətən yarı, düsturu: “yar-yar…”,
Bir millətin həsrətinə Araz – tənbölən!..
O, canında Azərbaycançılıq yanğısı daşıyır. Nə qədər səbirli, təmkinli olsa da, yeri gələndə bir çınqıya bənddir ki, o yanğının alovunu görəsən. İstər şeirlərində, istər söhbətlərində, istərsə də sinəsinə basdığı sazın “Yanıq Kərəmi”sində!! Bu baxımdan, Yusif Nəğməkar, yeni təbircə – Vətənkeş şairdir!!
Yusif Nəğməkar axtarışda olan, günbəgün, ilbəil böyüyən şairdir. Onun qələmindən çıxan sözlər, duyğular 45 ildir ki, böyüyə-böyüyə böyüyür, inkişaf edir, dəyirman atı təkin dairə boyu hərəkət etmir, Alapaça təkin söz cıdırında üfüqlərə doğru şığıyır… Özü də torpağa, Vətənə, insana qədir-qiymət yükü daşıyır… Onun şeirləri həyati məna yükü ilə yüklüdür, uyumludur, duyumludur… Onun poeziyasının hərarətində, ətrində, qoxusunda Vətən, Vətəndaş – İnsan və torpaq yaşayır!.. Onun öz təbirincə desək: “Qələmin səsinin diapozonu xalqın səsinin diapozonuna uyğun olanda, o səs ictimailəşir və insanlar sevinəndə də, kədərlənəndə də, düşünəndə də, mübarizə aparanda da, o səsi dinləməyə ehtiyac duyurlar.”
O qənaətdəyəm ki,Yusif Nəğməkarın sözü, şeiri belə bir ehtiyacdan yaranır…
Sənət yolu əzab dolu dözümüm,
İlhamımla kainatı dolaşdım.
Od aradım işığında sözümün,
Füzulinin kölgəsində alışdım.
…Tutduğum yol ruh yoluymuş sən demə,
Yolçu sözüm bu yolda nə qazanmış
Yol gedirəm, müsafirəm qəlbimə,
Özümə yol bütün yoldan uzunmuş.
Dedim ki, Yusif Nəğməkar Beyləqanda, Aranda doğulub, əzab dolu dözüm köhləninə süvar olub, sənət yoluna çıxıb, qızılgül ətrindən çox yovşan ətrini ciyərlərinə çəkibdir. Yovşan ətri türkün yaddaşıdı, ulu yurda qayıdış çağırışıdır. Vətənsiz, yurdu yağmalanmış bir türk övladı üçün yovşan ətrinin qoxusu nədirsə, onun şeirlərinin oyatdığı duyğuların gücü də elə o yovşan ətrinin gücündə və sehrindədir…
Onun şeirlər aləminə daldıqca, həmçinin, nəşri bu yubiley ilinə təsadüf edən “Sevgi məbədi” adlandırdığı yeni kitabdakı şeirlərini oxuduqca yad bir nişana, saxta bir duyğuya rast gəlmirsən, təssüf etmirsən… Onun duyğuları sənə doğma gəlir, sənin öz duyğuna çevrilir… Onun ruhunda yaşayanlar yurd yanğısında petik yanğıya dönür, misra-misra çınqılanır, sonra ürəklərdə alova çevrilir, “Qarabağ qədər” şeirində olduğu kimi:
İndi fürsət kimi əlimizdən çıxıb,
Sinəmizdə dağ elədiyimiz,
Lap elə ağ elədiyimiz
“hələlik” kəlməsitək
dilimizə düşən Qarabağ!
Səbrli nisgilimizin
oyanmış gözlərində gecələyən,
gecəmizi heç eləyən
qara kədərdir.
Ya Qarabağ –
Ya qara baxt!
Ayrı ağ gün hədərdir!
Onun şeirlərində millətin qarabaxtına çevrilmiş Qarabağı ürəklərdə əbədi yaşada biləcək hisslər, duyğular tərənnüm olunur. İnsanı ötəri, müvəqqəti yurda bağlayan heç nə bu şeirdə anılmır. Yalnız uzunömürlü, insanlığı qürrələndirən və onu yaşadan dəyərlər, poeziya naxışlarına, ilmələrinə dönərək Qarabağ xalısı toxuyur, şeir şəklində həqiqi mənəviyyat hadisəsi kimi üzə çıxır. Şeir insanı həm itirilmiş yurd üçün ürəkdən göz yaşı tökməyə, həm də bu yurdun intiqamını düşməndən qəddarlıqla almağa səsləyir, şeirləri Qarbağa uzanan ağ yola, ağ arzuya, ağ yuxulara dönür…
Yusif Nəğməkarın daxili yanğısı və insanın mübarizə amalını birləşdirən bu cür şeirləri həqiqətən ecazkar Qarabağ mənzərələrinə çox oxşayır. Elə bil ki, bu şeirlər Şuşanın, Kəlbəcərin, Laçının, Qubadlının, Cəbrayılın hansısa bir parçasıdı, hansısa dağının bir ətəyidi, hansısa çəmənin bir üzüdü, hansısa bulağın bir gözüdü, sadəcə poeziyanın ayna sularında durulub, cilvələnib bu sətirlər, düşüncələr…
Yurdsuz, vətənsiz yaşamağın mənasızlığını, bir heç olduğunu dərk edən müəllif yaradıcılığını izləyən yüzlərlə oxucusunu da bu mətləbdən halı etmək üçün daha çox vətənpərvər şeirlər yazmaqla bəlkə də təsəlli tapır, yoxsa yox, həqiqətdə isə bu, yaradıcı bir insanın döyüş xəttidir. Belə şeirlər – torpaqla , yurdla, nəfəs alan misralar yeri gələndə barıt qoxuyur, yeri gələndə güllə olur, qurşuna dönür düşmən sinəsində… “Qalx ayağa, türküm mənim!” – deyə hayqırır:
…Qarabağım talan yerdə;
Yağı torpaq bölən yerdə
Tək hənirin gələn yerdə
Yoxdur qorxum-hürküm mənim,
Qalx ayağa, türküm mənim!
…Hər an düz yolda-haqdasan,
Haqqa dirək bayraqdasan,
Silah kimi ayaqdasan;
Varlığımı dərkim mənim –
Qalx ayağa, türküm mənim!
“Haqqa dirək bayraqdasan” misrası Yusifin başqa, lap sonar bir şeirini yadıma saldı – “Azərbaycan – Türk bayrağı” şeirini. Poeziyamızda Azərbaycan bayrağına onlarla saytal şairin saytal şeirləri həsr edilib. Bu şeirlərin hərəsinin öz məziyyəti var, xüsusən Bəxtiyar Vahabzadənin, Ramiz Qusarçaylının “Bayraq” şeirləri mənə bir tənqidçi kimi yaxşı, özü də fərqli təsir bağışlyıbdır… Amma “Bir millət, iki dövlət” müdrik kəlamına uyğun gələn iki qardaş dövlətin bayraqlarına Azərbaycan Türkiyə qardaşlığı motivasiyasında birgə poetik baxış Yusif Nəğməkarın bu şeirində ilk dəfədir ki, belə mükəmməl şəkildə ehtiva edildiyindən onu da,
ən çox sevdiyim əsərlər cərgəsinə daxil etdim:
Məğrurluğu tərk edilməz
Sis sançılan yurd yenulməz ,
Ey tanrısal, vəsvə gəlməz,
Azərbaycan – Türk bayrağı!
Atlas zəmin, üstə qumaş,
Qoşa namus, qoşa ardaş ,
Qoşa sirdaş ,qoşa qardaş,
Azərbaycan – Türk bayrağı!
Müstəqillik rəmzləri içərisində bayraq nə qədər önəmlidirsə, həmin bayrağa münasibət və verilən dəyər bir o qədər əsasdır, önəmlidir. “Azərbaycan – Türk bayrağı” şeiri isə qələbənin, zəfərin türkün birliyində olduğunu vəsf edir… Şeirin məzmunca möhtəşəmliyi də buna bağlıdır. Əhəmiyyətli olan cəhətlərdən biri də budur ki, tarixin dərinliklərindən üzübəri türk qövmünün bayraqları sırasında da, müasir mərhələdə Azərbaycan – Türk bayraqlarının yanaşı dalğalanması ümumtürk həmrəyliyində olduqca böyük ictimai-sosial, siyasi əhəmiyyət kəsb eləyir. Burada bütöv TURAN var, əslində bütün soytürk ruhu şeirdə camü-cəm olubdur:
Ozandan əzana gələn,
Yazandan, yozana gələn,
Dürüst bir mizana gələn,
Azərbaycan – Türk bayrağı!
Zaman-zaman zülmü tərkmən,
Yer üzündə göyə görkmən,
Ulu səlcuq, Təkə türkmən,
Azərbaycan –Türk Bayrağı!
Şeirin bədii-emosional tutumu, bədii leksikasının təbiiliyi və yeniliyi, obrazların orjinallığı, bənzərsiz qafiyə sistemi,deyərdim ki, bədii söz yaradıcılığı nümunəsidir və şeir oxucusuna tutumlu vətən sevgisi, sarsılmaz döyüş ruhu, qardaşlıq məhəbbəti aşılayır, bədi-estetik, ictimai-sosial mətləbləri bütün incəliklərinə qədər çatdırır, yurdumuzun, eləcə də, türk dünyasının uğur çağrışına, sözün tükənən yerinin tükənməzliyinə çevrilir:
Doğma yurdların can səsi,
Cümhuriyyət iradəsi,
Məslək, amal təntənəsi,
Azərbaycan – Türk bayrağı!
Təsadüfi dеyil ki, bir bədii mеtafоra kimi Azərbaycan – Türk bayrağı Yusifə qədər hələ hеç bir şеirdə bu qədər bütöv, bu qədər tam оlmamışdı. Hеç kim bu iki türk dövlətinin milli-dövlətçilik rəmzlərinin əbədi vəhdətinin sarsılmazlığını bu qədər bədiiliklə, inamla, hərarətli məhəbbətlə bənzərsiz poetik təqdimatını etməmişdir.
Sancıl qüdrət dərgahında,
Yerin, göyün cinahında,
Ucal tanrı pənahında,
Azərbaycan – Türk bayrağı!
Kökdə nə dayanır? Bayraq birliyi Turan birliyinə yol açmalı, üzü Qarabağdan, Dərbənddən, Göyçədən – İrəvandan keçən döngələrdən keçib, zirvələrdə dalğalanmalıdır… Müəllifin təqlin etdiyi istək, amal, ideya budur…
Milləti, xalqı ruhdan düşməyə poetik duyğuları ilə sipər çəkən, qaçqın şəhərciklərini döyüş səngərlərinə daşımaq istəyən Yusif Nəğməkar Qarabağın mədəniyyət beşiyi Şuşa haqqında çox şeir yazıb. Bu şeirlərin hər biri məhəbbətlə, sözün həqiqi mənasında, Vətənini yurdunu sevib-oxşayan bir insanın ən gözəl duyğuları ilə süslənib.
Qarabağ həsrətli şeirlərinin yazılmasında təbii ki, əsas məqsəd yurd itkisilə barışmazlıqdır. O cümlədən, Şuşaya həsr etdiyi bədii nümunələrdə də eyni hisslər misraların, sətirlərin arasından boy göstərərək insanı səfərbər etmək, doğma yurd uğrunda mücadiləyə qaldırmaq kimi təsirli mənzərələr yaradır. Fikirlər, düşüncələr arasından sanki qəfil bir şimşək oynayır, düşmən boynuna enmək üçün sıyrılmış ovxarlı qılıncın parıltısı göz qamaşdırır, o yandan Həkəri, bu yandan Qarqar, Xaçın, Tərtər Dəli dağın dəli kəhəri kimi kükrəyir, döyüş gərənaylarının həyəcanı və nizami ordunun eyni ahənglə vuran zəhmli ayaq səsləri eşidilir. Bütün bunlar bəzən Yusif Nəğməkarın yaradıcılığında birbaşa ifadə olunmasa da, onun şeirlərinin ruhunda aydın görünür…
Dünyamızı ah götürüb,
Çox zülmü Allah götürüb…
Ahlarım silah götürüb,
Basılacaq qoşun dərdlər.
Xoşa gələn cəhətlərdən biri də budur ki, onun hər hansı şeirində düşüncənin təzyiqinə məruz qalması hiss olunmur. Onun şeirləri rəvan və oxunaqlıdır. Aşıxsayağı sadəlikdədir. Bu şeirlərdəki bəndlər asanlıqla, cəmi bir-iki dəfə oxunmaqla yaddaşa köçə bilir. Həmçinin məni qane edən bir cəhət də, budur ki, şair görünənləri tamam fərqli anlayır, fərqli qəbul edir və ən ümdəsi, bu fərqliliyi fərqli bir tərzdə təqdim edə bilir. Məsələn, “Yanıq Kərəmi”yə oynama, qardaş” şeirində olduğu kimi. Bu şeirdə böyük bir epoxanın dərdi-kədəri müasir dövrün dərdinə-kədərinə qovuşaraq mənəvi-əxlaqi, hətta sosial dərsliyə çevrilir və ona görə də, şeiri oxucularıma bütöv təqdim edirəm, çünki dərsliyi kəsib-doğramazlar:
Yandırıb, sındırıb qol-qanadını
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Amandır, at getsin kor inadını,
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Hicran köhləninin yatıb yalına,
Ziyadxan oğlunun ağla halına,
Oyna bu dünyanın qeylü qalına,
“Yanıq Kərəmi”yə oynama, qardaş.
O, yükdür – bir dəvə çəkəni olsa,
Böyükdür – önündə çökəni olsa,
Eşqin lap zəlzələ təkanı olsa,
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Alış Kərəm kimi, əri ər kimi,
Yaşat qürurunu, qoru ərkini,
Nərd üstdə fırlanan sürtük zər kimi
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Həsrətsən elinə – Göyçə gölünə,
Qol aç “Vağzalı”ya, “Heyvagülü”nə.
Əl vurma Kərəmin sönmüş külünə,
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Dəyişdi yüzilin ədasını hey,
Soldurdun güllərin butasını hey,
Yandırdın Kərəmin atasını heyy!
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Bu qədər əttökən, qalib oynama,
Əlacın Allaha qalıb, oynama,
Dünyanı gözümdən salıb oynama,
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Axtar bir dərə tap, dolan, bir dag tap,
Bir Cıdır düzü tap, bir Qarabağ tap,
Oğulsan, oynayan bir keyfiçağ tap…
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Kökündən ayrılsan, yarpaqla oyna,
Götür başındakı papaqla oyna,
Oyunda satılan torpaqla oyna…
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Eloğlum, nə yaman yanağan oldun?!
Millət bu qədərmi oynağan oldu?!
Sən elə oynadın qəlbim qan oldu!..
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Yananlar oynamır, yaxılır elə,
Yanıb külə dönür, yıxılır elə,
Oyun oynayanlar çoxalır elə,
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Uzandı sözüm də sənin boyunda,
Bu el şənliyində, bu el toyunda,
Oyundankənarsan sən bu oyunda,
“Yanıq Kərəmi”yə oynama, qardaş.
Yusif Nəğməkarın şeir, poeziya aləmində min illərdən bəri tərənnüm olunan sevginin, məhəbbətin özünün də özünəməxsus, özünün olan çalarları mövcuddur. Onun şair fəhmilə dediyi “Sevgim mələklər yuxusu” obrazı, ifadəsi fikrimə əsas verir. Məsələn, Yusif “Sənin gözəlliyin nəyimə gərək” şeirində olduğu kimi sevgili obyektinə tamamilə başqa bir bucaqdan baxmağı bacarır. Yusif Nəğməkarın yeni “Sevgi məbədi” kitabında toplanmış şeirlərində, ümumilikdə, saf, bütöv, kamil insan sevgisindən bəhs olunur. Müəllifin fəlsəfi-psixoloji aspektdə qələmə aldığı lirik səpkili əsərlər toplusunda yer alan “Güllər atılmasın…” poeması ilə aktual bir mövzuya – müasir gənclərin ailə-məişət problemlərinə həsr olunub. Əslində, bu kitab Yusif Nəğməkar yaradıcılığının mühüm qollarından birini təşkil edən məhəbbət lirikasının “sevgi buketi”dir, dərk olunmuş məhəbbətin poetik sözlə təcəllasıdır.
Hər an işıldayıb Aylanan gözəl,
Sənin gözəlliyin nəyimə gərək?!
Dəmadəm yüz yerə paylanan gözəl,
Sənin gözəlliyin nəyimə gərək?!
Bu əda yanlışdır, ya da yalandır,
Axırı əvvəldir, əvvəli sondur.
Madam gözəllik on, doqquzu dondur,
Sənin gözəlliyin nəyimə gərək?!
Bu şeir insanın mənəviyyat aləminə təzə bir baxışdır. Şair gözəlliyi gözdən salanlara qarşı çıxır, mənəviyyat pozğunları hər cür gözəllikdən məqsədləri üçün istifadə edəndə insanın, insanlığın özünə zərbə dəyir, “gözəl görsənən” gözəlliyə çevrilmir, gərəksiz bir şeyə dönür:
…Ey ulu gözəllik, sənin balanam,
Sanma gözəlliyi gözdən salanam.
Əsil gözəllərdən ilham alanam!..
Sənin gözəlliyin nəyimə gərək?!
Və yaxud, “Gələcəkən, bilirəm” şeirində olduğu kimi:
Yalandır bu gedişin,
Gələcəksən, bilirəm.
Küsmək – köhnə vərdişin,
Gələcəksən, bilirəm.
Ömür-gün hesabında,
Vüsal adlı kəmim var.
Səndən ayrı nə günüm?!
Səndən özgə kimim var?!
Gələcəksən bilirəm.
Necə də zərif duyğulardır, incə (“Tellərindən incəmi??”) hisslərdir… Tarmar olmuş “qəlb evinin” sahman məqamıdır… Zahirən adi görsənən bu cür adi mövzular Yusif Nəğməkarın qələmində lirik-psixoloji, hissi-emosional məqama yüksəlir. Onun “könül qapıları” həmişə zərif duyğular, incə hisslər axınına taybatay açıqdır… Ümumiyyətlə, onun yaradıcılığında vətənpərvərlik mövzuları, lirik-psixoloji-fəlsəfi duyum, saf məhəbət, əxlaqi-etik dəyərlər, humanizm, sədaqət, etibarlılıq, xəyanətlə barışmazlıq, ülvü gözəlliyin tərənnümü xüsusi yer tutur. Bütün bu şeirlərdə onun bir şair kimi poetik şəxsiyyəti – poetik “mən”i aşkar görsənir.
Mənim qənaətimə görə, şair öz şeirinə, şeiri isə şairin özünə oxşayır. Yusif Nəğməkar da istedadlı bir şair kimi yaradıcılığı ilə bu postulatı təstiqləyi. Elə ona görə də, pafossuz-zadsız “Mən vətənə oxşayıram” – deməyə onun haqqı çatır!
Doğrudan da belədir, Vətəninə oxşamayan şairi, loru dildə deyəsi olsaq, apar qaytar. Yusifin şeirlərini oxuduqça, kitablarını vərəqlədikcə, aşkar gördüm ki, Yusif Nəğməkar “Mən Vətənə oxşayıram” şeirində olduğu təkin bütün mənəviyyatı ilə Vətəninə-Azərbaycana oxşayır və bu şeirində o Azərbaycanın dərd yükünü poetik şeir bükümünə çevirib:
Gözlərimdən həsrət baxır,
Mən Vətənə oxşayıram.
İçimdən qara qan axır,
Mən Vətənə oxşayıram.
Ağ günüm qara bağlanıb,
Gümanım hara bağlanıb?!
Vücudum Qarabağlanıb,
Mən Vətənə oxşayıram!
Bənzərim yaz-qış bir az,
Otu bir az, daşı bir az…
Alnımın qırışı – Araz,
Mən Vətənə oxşayıram.
Bu qəbildən şeirlərində Yusif Nəğməkar lirik “mən”i özünəməxsus poetik həssaslığı ilə diqqəti çəkir. Bu da təsadüfi deyil, şair fitrətinin mühüm əlamətlərindəndir. Yusif Nəğməkar fitrətən şairdir və onun emosional duyğular axarı həmişə ictimai mühitə yönəlik olduğundan istər fərdi, istər təbiət, istərsə də cəmiyyət hadisələrindən nəşət edən duyğuları həmişə dinamik, fəal münasibətdə, hərəkətdə olur. Onun şeirlərindəki lirik dinamizm və romantik dalğalanma, havacat, ovqat da buna bağlıdır, buna yönəlikdir. Onun poetik obrazlarının hərəkətveici gücü-qüvvəsi özünün könül çırpıntılarından enerji alaraq lirik söz döyüntülərinə çevrilir.
Belə ki, Yusif Nəğməkar lirik şairdir, nəğməkar şairdir və nəğməkarkıq onun lirizmindən süzülür… Amma bu gözəl lirik şairin satira və yumor, eyhamla cilvələnən şeir nümunələri də tutarlıdır. Mənə elə gəlir ki, Yusif bu motivli şeirləri ilə böyük Səməd Vrğunun “Çil toyuğun tək yumurtası”, “Dargöz”, “Əhli-qələm”, “Çörək dostu”, “Tikanlı sözlər”, “Şeir və xaltura”, “Xeyirə-şərə yaramaz”, “İncə xanım” qəbildən satirik-yumoristik şeir ənənəsinin ruh daşıyıcısıdır. Onun “Sabir gülüşü”, “Get, sabah gəl”, “Sən, şeir yazmağı, tərgit, Füzuli”, “Ətək”, “Boyundurux”, “Yanıq Kərəmi”yə oynama, qardaş!”, “Papaqçı” təkin bu qəbildən olan şeirlərinin bir çoxu dillər əzbəridir. Lap, bu günlərdə qələmə aldığı digər bir nümunəyə, “Ələkçinin qıl verəni” satirik-yumoristik şeirinə diqqət yetirək. Sadə olduğu qədər də ağıllı məntiqə söykənən və illərin sınağından çıxan ” Ələkçinin qıl verəni” deyimindən poetik açar kimi istifadə edərək müasir mənəvi-əxlaqi problemlərə, ictimai-sosial dərdlərimizə ironik-yumoristik münasibətini bildirir, mühitin gözə-görünməz qaranlıqlarına işıq tutur:
Bir dilək var, bir diləkçi,
Bir bələk var, bir bələkçi…
Bir ələk var, bir ələkçi,
Bir də ələ əl verəni —
Ələkçinin qılverəni.
… Kal olanlar kalan olub,
Kalanlar da talan olub…
Ələkçilər yalan olub,
Əsas — onun dil verəni —
Ələkçinin qıl verəni.
Hələ uşaqlıq çağlarımızda böyüklərdən, ağıllı adamlardan ” Ay bala, sən kimsən, ələkçinin qılverənisən?” deyimini eşitmişik.”Ələkçinin qıl verəni” metaforunda yaramaz, yaltaq, araqızışdıran adamların obrazı göz önündə canlanır və Yusif bu obraza məxsus tipik xasiyyətələri çalarları ilə yumoristik-satirik bir tərzdə bu şeirində verə bilibdir: “Durar fələyin yanında, Küyün, kələyin yanında”; “Uduzduruban mərdləri, Namərdlərə xal verəni”; “Ağu qatar aşımıza, Od ələyər başımıza” – “Ələkçinin qıl verəni”…
Belə baxanda poeziyanın məlum, ənənəvi bir obrazlar sistemi var və şairlər bu sistemdən həmişə istifadə edirlər. Lakin, bu sistem istedadlı şair qələmində yeniləşir, təzələnir, təravətlənir. Bu ondan irəli gəlir ki, istedadlı sənətkar bu obrazlara hələ işlədilməmiş yeni məna çalarları verir, onları yeni situasiyada işlədir…
Sənət yolu əzab dolu dözümüm,
İlhamımla kainatı dolaşdım.
Od aradım işığında sözümün,
Füzulinin kölgəsində alışdım.
Yol gedirəm tanımağa özümü,
Bu addımın ilki – səhər, sonu – dan.
Beşik-qəbir – bir talein düzümü,
Düzdən düşər düzümünü unudan.
Təbiət həmin təbiətdir, məhəbbət min illərin məhəbbətidir, amma onu görən, onu mənalandıran, onu yaşayan əvvəlki insan deyil, yeni insandır, yeni zamanın insanıdır! Təbiət, mühit nə qədər əsrarəngiz, nə qədər gözəl və füsunkar olur-olsun onu görən, duyan, mənalandıran, sevən, oxşayan, ona ruh verən insandır, şairdir, şairin qələmi və şeiridir…
Şeirin cazibəsi onun ifadə sadəliyindən, obrazlılığından, ahəngdarlığından, ritmikasından çox asılıdır. Bu məsələ hər şairdə alınmır. Yusifdə isə bu baş tutur. Onun sözlə davranış tərzi, bəli, məhz davranış tərzi mövcuddur. Elə bil o bir şair kimi sözlə, söz də bir şair kimi onunla dil tapır, bir-birlərini qəribə bir tərzdə duyurlar. Başqa sözlə, Yusif Nəğməkar sözə ehya verməyi bacarır, onun yeni məna çalarlarını, yeni ifadə tərzini tapır, lakonik təşbih və ibarələrdən istifadə edir, sözə yeni, ibrətamiz, heyranedici poetik yozumlar verməyi bacarır… Qeyri-adi poetik ümumiləşdirmələr aparır, yeni məna yozumları əldə edir… Elə bu sənətkarlıq meyarlarına görə də, Yusif Nəğməkarın lirikasının əksər nümunələri “ovqat”, əhval-ruhiyyə lirikasına çevrilir, təsirsiz ötmür, “Daş yağışı” şeirində olduğu kimi. Burdakı “daş” obrazı Əli Kərimin, Məmməd Arazın, Musa Yaqubun təxəyyülündə daşıaşan obrazın uğurlu, yeni yozumda, bənzərsiz davamıdır:
Başları daşa tutarlar,
Tutqu üşənmək üçündür.
Daşı daşlığa atarlar,
Baş ki, düşünmək üçündür.
…Əyən dillər nalədəndir,
Dərdlə məni qoşa əydi…
Başa gələn taledəndir,
Bəxtim başdan daşa dəydi.
Hey daş atıb, başı yardı,
Bu dünyanın baş mərəzi.
Daşımız elə ağırdı,
Çəkə bilməz daş-tərəzi.
…Göy kişnər daş harayından,
Bulud gözdən yaşlar yağar.
Ömrün qəflət sarayından,
Başımıza daşlar yağar.
Bu mənada Yusif Nəğməkarın şeirlərində daxili bir yanğı, daxili bir enerji onu həmişə dediyim ovqat səviyyəsində izləyir… Onun şeirlərinin axarında yolu yarpızlı dumduru bulaqların şırıltısını, yovşanlı düzlərin meh dolu hənirtisini, Aran düzlərinin səmasında nizamla havalanan durnaların qaqqıltılı avazını, Xəzərin mavi ləpələrnin pıçıltısını, Salvartının, Qırxqızın, Dəlidağın zirvələrində, yamaclarında, dolaylarında qartal qanadlarının şaqqıltısını, ceyran balalarının mələrtisini bir-birini əvəz edən rəng çalarlarını duyur, hiss edir, hətta görə bilirik…
Xoşagələn cəhət budur ki, Yusif Nəğməkar Beyləqani həyatın zərif notlarını rübabi avazla xüsusi bir həssaslıq və incəliklə canlandırmağı bacaran müəllifdir. Ona görə də, onun güclü melodik ahəngə malik olan bir çox şeirlərində bəstəsiz musiqi ladı, musiqililik mövcuddur. Bu şeirlərdə hər bir söz, hər bir misra poetik sərrastlıqla, alliterativ taktla seçildiyindən melodik nüfuzetmə gücü qazanır…
Onun şeirlərindəki melodik ahəng, qafiyə ritmililiyi, rədif sərrastlğı, gözəl, mənalı təşbehlər silsiləsi emosionallığı artırır, ritmi tənzimləyir, səslərin və sözlərin təkriri və təkrarı, növbələnməsi – modulyasiyası, alliterasion uyuşma adi oxunuşda belə şeirə mahnı ahəngi verir, notsuz mahnıya çevrilir…
Böyük Nazim Hikmət demiş, elə şeirlər var ki, o özlüyündə tam, bütöv musiqidir. Ona bəstə lazım deyil, musiqi, bəstə şeirin özündədir. Yusif Nəğməkarın əksər şeirləri belədir, bu şeirlər şairin qəlbinin incə tellərindən bəstəsini alıb, varağa köçür… Elə buna görə də, istedadlı bəstəkarların, demək olar ki, hamısı Yusif Nəğməkarın onlarla rübabi şeirlərinə mahnı bəstələmişlər və bu mahnılar məşhur ifaçıların ifasında el arasında, xalq arasında daha da məhşurlaşmış, adi adamların da dodaqlarında zümzüməyə çevrilmişlər.
Sözün yaxşı mənasında, Yusif Nəğməkarda həyata, ətrafa, mühitə hər şairə nəsib olmayan bir heyranlıq, bir vurğunluq mövcuddur. O, ətrafında baş verən hadisələrə, gördüyü həyati detallara – çiçəyə, ota, qayaya, daşa-quşa heyran-vurğun şair gözü ilə baxmağı bacarır, heç kimin görmədiyini görür, heç kimin duymadığını duyur və ən ümdəsi, bunları təbii axarı ilə şeirinə gətirməyi bacarır… Bu həmin vurğunluqdan və heyrətdən irəli gəlir… Dediyim heyrət və vurğunluq olmasa o da hamının gördüyünü görərdi, hamının bildiyini bilərdi, hamının dediyini deyərdi, olardı hamı kimi…
Şair hamı kimi olanda, o şair olmur…
Yusif Nəğməkarın şeirlərində diqqətimi cəlb edən əsas xüsusiyyətlərdən biri də onun şeirlərindəki nikbin, mojor ovqatdır. Lap ən minor vəziyyətdə də, o bir mojor not taparaq ovqatı dəyişə bilir…
Hamı kimi onun da şeirlərində müasir gerçəkliyimizin dərdi-səri, ağrısı-acısı, xüsusən işğal edilmiş torpaqlarımızın nisgili Mil düzünə səhər ertən coban yapıncısı təkin örtülən duman-çən var… Lakin bütün bu dərdlərin, ağrının qovuşağında, onda bir həyat eşqi, həyata, gələcəyə nikbin bir baxış daha qabarıqdır, öndədir. Yusif Nəğməkar səadət, sevgi, qarşılıqlı məhəbbət, dostluq, həyat nəğməkarıdır, insan eşqinin tükənməzliyinə bağlı duyğuların nəğməkarıdır… Sadəliyin, səmimiyyətin, insaniliyin nəğməkarıdır… Nəcib və ülvi hisslərin nəğməkarıdır…
Həmçinin, Yusif Nəğməkar Azərbaycan epik şeir ənənələrinin də layiqli davamçısıdır. Müsir ədəbi prosesdə məni ən çox narahat edən cəhətlərdən biri epik təfəkkür tərzinin, monumental düşüncə tərzinin zəifləməsi, daha doğrusu, yoxluğudur. Poemalar yazılır, amma, janrın ritual çərçivəsində qalır, hətta janrın imkan və tələblərini də, ödəmir, ideya-estetik cəhətdən hadisəyə çevrilmir, əksinə, olduqca dəyərli, vacib mövzuları korlayırlar, sönük ifadə faktı olaraq qalırlar…
Yusif Nəğməkarın”Çingiz çini”, “Vəslin edamı”, “Zal ağacı”, “Ah-Naz – Şahnaz”, “Şər Şənbə” poemaları onun epik təfəkkürünün imkanlarının ürəyəyatan sədalarından xəbər verir və bu istiqamətdə onun yaradıcılıq imkanlarının gələcəkli olmasının əks sədalarıdır…
Bu poemaların bir çoxu haqqında Yusif Nəğməkarın qələm dostları, tanınmış alimlər, tənqidçilər söz söyləmiş, boy-boylamış, xoş təəssuratda olmuşlar. Bunun da səbəbini onda görürəm ki, Yusif Nəğməkar bu poemalarında real gerçəklikdən götürdüyü mövzuları qələmə almış, bu poemaların qəhrəmanları da həyatda yaşamış, real qəhrəmanlardır, daha doğrusu, Yusif Nəğməkarın qəhrəmanına çevrilmiş, amma, onun müasirləri olan insanlardır.
Onun “Zal ağacı” poemasının qəhrəmanı da belədir, real həyatda yaşayan zəhmət adamıdır, təbiəti müdriklikdən yoğrulmuş çoban Zal kişidir. Necə Səməd Vurğunun Bəstisi, Sarvanı, Manyası… Yusifin qəhrəmanı da belədir. Müəllifin özü belə yazır: “Cəbrayıl rayonunun tərəkəmə elatı Xəlfəli kəndinin hünərvər oğlu, hər gecə üzü qibləsi Xəlfəliyə sarı yatan, sübh çağı gözünü açanda ön kəlməsi Xələfli olan müdrik el ağsaqqalı Zalov Zal Əziz oğluna və onun simasında Qarabağdan – doğma yurd-yuvalarından zorla didərgin salınmış soyadlarımıza həsr edirəm.”
“Zal ağacı” poeması bu kövrək, amma olduqca düşündürücü, mənalı misralarla başlayır:
Bəllidir taleyim, bəxtim dünyaya,
Neyçün şimşək olub çaxa bilmirəm?!
A kəndim, gözündən baxdım dünyaya,
Dünyayadan gözünə baxa bilmirəm.
Poemaya ön söz əvəzi yazan akademik Teymur Bünyadov bu məqaləsini haqlı olaraq “Kişilik qalalar” adlandırıbdır. Doğrudan da, Yusif Nəğməkar çoban Zalın şəxsində qalaya dönən, mentallığın daşıyıcısına çevrilən azərbaycanlı kişisinin obrazını yarada bilmişdir. Bu cür kişilərin hərəsi bir qaladır, özü də əbədi qalan qaladır! Hərhalda, bunu Yusif Nəğməkar belə təqdim edir…
Xalqşünas, etnoqraf akademik, şair ruhlu Teymur Bünyadovun bu poema barəsində təəssuratından bir məqamı təqdim edirəm: “Yusif Nəğməkarın “Zal ağacı” poemasını təkrar-təkrar oxudum. Məzmununa, məqsəd-məramına vaqif oldum. Sirli-sehrli aləmlə üzləşdim, əfsanəyə, nağıla büründüm, həqiqətlərlə qabaq-qənşər gəldim. Hikmətlərini nəzərdən keçirdikcə Dədə Qorqudlu dünyamızın izlərinə düşür, cığırlarına yol alırsan, təzələnir, hünərlənirsən. Qoç Koroğlunun əhdi-peymanından, düz ilqarından, qəhrəmanlığından özünə qeyrət çələngi hörür, qürurlanırsan. Aşıq Ələsgərin sazından-sözündən qəlbinə nur, gözlərinə işıq saçılır. Qoca Şəhriyarın, ucadan-uca Şəhriyarın “Heydər babaya salam” təkrarsızlığında mənən zənginləşir, saflaşırsan. Qədim və əbədi türk əxlaqı, yurd sevgisi, insan sevgisi, fədakarlıq, igidlik, kişilik, ərlik görürsən. Elat dünyasına, tərəkəmə həyatına qovuşursan, şairə əhsən deyir, uğur diləyirsən.”
Şeir, poeziya, musiqi –saz-söz, qələm Yusif Nəğməkarın tale yazısıdır, alın yazısıdır. Onun kitabının birinin “Alın yazısı” adlanmasını da mən təsadüfi hesab etmirəm. Çünki, elə nəsnələr var ki, o alın yazısına çevrilməyəndə bu dünyada əllərin də, ürəyin də boş qalır! Yusif Nəğməkar bu sarıdan bəxti gətirmiş ziyalıdır, qələm əhlidir. Onun əli də, qəlbi də doludur, özü də limhalim doludur! “O, hadisələrə, gördüyünə fəlsəfi yanaşmağı bacarır.Fəlsəfi mənanı tapmaq və onu şeirləşdirmək hər şairin işi deyil! Bu şairliyin birinci əlamətidir. Yəni, şair onu əhatə edən mühitə fəlsəfi gözlə baxır və onun daxili mənasını açmağı bacarır. O, baxmır, görür. Bax, bu mühüm məsələdir şairlikdə.” (Xalq şairi Bəxtiyar Vahabzadə.)
Qızıl gülün budağında
tikan bitib,
Qaratikan kolunda
yaşıl, sığallı yarpaq.
Zərifliyi qoruyan sərtliyə,
Sərtliyi gizlədən
zərifliyə bax!..
Yusif Nəğməkar zərifliyi qoruyan şairdir. Onun üslubunda, şeirlərinin nüvəsində meditativlik həmişə üstünlük təşkil edir və fikrin profanasiyası ilə ruh məbədgahının ətrafında dolaşmağı bacarır. Bu keyfiyyətlər onun yaradıcılığına şəxsiyyətindən süzülüb gəlir. Belə olmasaydı Bəxtiyar Vahabzadə bu qədər məhəbbətlə gerçəyi yazmazdı:
“Mən bu tanıdığım müddət ərzində Yusifdə şairliklə yanaşı, ilk növbədə nəciblik görmüşəm, insanpərvərlik görmüşəm, sədaqət görmüşəm, insana xas olan ən gözəl keyfiyyətləri mən Yusifdə görmüşəm. Ona görə mən bu cavan şairi çox istəyirəm!” Mənə də elə gəlir ki, təkcə Yusif Nəğməkarı tanıyanlar deyil, onun poeziyasının sehrinə düşənlərin hamısı bu kəlmələrin altından ürəklə, inamla imzasını qoyarlar!..
Yusif Nəğməkarın və Bəxtiyar Vahabzadənin bu qarşılıqlı münasibətlərinin nəticəsi olaraq monumental “Bəxtiyar” poeması yaranmışdır. Azərbaycan poeziya tarixində klassik sənətkarlarımızın, şairlərimizin – Füzulinin, Nəsiminin, Xətainin, Vaqifin, Səbuhinin, Sabirin. Səmədin, Şəhriyarın və s. və s. onlarla dahilərimizin həyatına, şəxsiyyətinə, amalına həsr edilmiş, müxtəlif janrlarda yazılmış xeyli dəyərli ədəbi-bədii nümunələri burada xatırlamaq mümkündür. Yəqin ki, bu silsilədən hələ çox-çox əsərlər yazılacaq.
Akademik Bəkir Nəbiyev poeziyaya həsr etdiyi məqalələrinin birində yazırdi: “Oxucu hiss edəndə ki, müəllif sözün sərrafı və sahibidir, bədiiliyin, estetik inikasın yazılmış və yazılmamış qanunlarına yüksək dərəcədə əməl edir, ifadələri dəqiq və sərrastdır, ahəngdar və poetikdir – şairinə inanır, onun əsərlərindəki mətləb dərinliyinə getməyə can atır, beləliklə də, müəlliflə oxucu arasında əsil ünsüiyyət binası qoyulur”.
Onun şeiriyyət aləminə nəzər salanda belə bir nəticəyə gəlirsən ki, Yusif Nəğməkar poeziya vurğunudur, Vətən, soysevərliyinə, və humanist ruhuna görə təqdirəlayiqdir. İnanırıq ki, “sözünün sərrafı və sahibi” olan, “dilsizliyin dilin bilən”, “qəlbinin qapıları” sevgiyə, məhəbbətə və səmimiyyətə həmişə açıq qalan, 65 yaşının dolaylarında gərdiş edən Yusif Nəğməkarın “Qələmin səsi” daima gələcək, oxucularını sevindirəcək, poeziyamızı zənginləşdirəcək, “qələminin səsi” həmişə gur olacaqdır…11.06. 2020.
*Azerbaycan Yazıçılar Birliyinin 1984-cü ilden üzvü,
Azerbaycan Milli Elmler Akedemisinin
Nizami Gencevi adına Edebiyyat İnstitutunun
aparıcı elmi işçisi, dokt.professor, tenqidçi-edebiyyatşünas.