“Həyatda elə insanlar, şəxsiyyətlər var ki, onlar yalnız bir xalqın, millətin, el-obanın yox, böyük məmləkətlərin taleyini həll edir. Mustafa Kamal Atatürk də bu şəxsiyyətlərdəndir. Onun tarixə qızıl hərflərlə yazılan əməlləri heç vaxt unudulmayacaq” fikirlərini səsləndirən Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Milli Mətbuat tarixi kafedrasının dosenti, filologiya elmləri doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı Mustafa Kamal Atatürkün fəaliyyəti, Əhməd bəy Ağaoğlu ilə dostluq münasibətlərindən danışıb.
“Mustafa Kamal Atatürk Türk Qurtuluş Savaşının baş komandiri, Türkiyə Cümhuriyyətinin qurucusu, ilk Cumhur başkanı olub. Atatürk 20-ci yüzilliyin əvvəllərindəki Türkiyənin siyasi həyatına canlılıq, bir həqiqi demokratik abu-hava gətirmək istəyib. Uzun çəkən mübarizədən sonra bu istəyinə nail olub”.
Atatürkün Əhməd bəy Ağaoğlu ilə dostluq münasibətlərinə gəldikdə müsahib qeyd edir ki, “Atatürkün bizim ziyalılarımıza çox böyük hörməti olub. Əhməd bəy Ağaoğlu ilə Atatürk arasında çox böyük dostluq əlaqələri olub. Bunu Əhməd bəyin xatirələrini oxuyanda görürük. Əhməd bəy Ağaoğlu yazırdı ki, “Atatürkün ölümü ilə həyatımda ikinci dəfə sarsılıram. Birinci dəfə anamın ölümü zamanı özümü dərin və qaranlıq bir uçurumun kənarında gördüm, başım fırlandı”. Atatürkün ölümü ilə bağlı yazırdı: “Onsuz həyat mənə mənasız və acı gəldi. Ölümünün mənə bu qədər təsir edəcəyini təsəvvür etməzdim. Bu gün də onun ölümünə heç cür inana bilmirəm”.
Jurnalist əlavə edir ki, “Əhməd bəyin xatirələrindən bəlli olur, Əhməd bəy Atatürkü bu qədər dərindən sevir, onun dünya tarixindəki rolunu yüksək qiymətləndirir. Əhməd bəy Atatürkün vəfatından sonra Atatürkün xidmətlərinə kölgə salan qərəzli fikirlərlə barışa bilmirdi. Həmin vaxtı Əhməd bəy xəstə olmasına, həyatının son vaxtlarını yaşamasına baxmayaraq bu yanlış fikirləri alt-üst edəcək dərəcədə dövrü mətbuatda məqalələr çap etdirib, çıxışlar edirdi”.
Q.Dünyaminqızı sonda təəssüf hissi ilə bildirir ki, Atatürkün ölümü bütün Türk dünyası üçün böyük itkidir. “Bu ölümdən yalnız Türkiyə deyil, bütün Türk dünyası sarsıldı”.
ÇİNARƏ MURADOVA