“… Kərkük bir məmləkətdir, Anahtarı – Qəzənfər”
Dr. Şəlalə Ana Hümmətli,
Elə ilk günündən mənimçün olduqca yaddaqalan və dəyərli olan “Günlərdən şeir” layihəsinin bu cümə günü – 28 iyulda artıq dördüncü tədbiri keçiriləcək. Və layihə rəhbəri Xəyal Rzanın sözləri ilə desək, “şeirli dünyaya düşmək istəyən hər kəs dəvətlidir”. Üç şeir günü isə artıq tarixə çevrildi. İkincisində, Rusiyada yaşayan şairimiz Nəsib Nəsiboğlu və onun qonağı şair Adil Cəmillə görüşdə iştirak edə bilməsəm də (Tədbir iş saatlarımda keçirildiyi üçün hər həftə iştirak etmək çətindir.
Məncə, keçirildiyi saat bir qədər dəyişdirilsə, gözəl olardı), ötən həftəki üçüncü şeir günündə İraqdan gələn Kərkük şairi Faruk Faiq Köprülüylə görüşdə iştirak etmək imkanım oldu. Kərküklü şair və onun hörmətli qonaqlarını bizə tanınmış ədəbiyyatşünas alim, İraq-Kərkük ədəbiyyatının, folklorunun yorulmaz tədqiqatçısı kimi tanınıb sevilən professor Qəzənfər Paşayev təqdim etdi. Uzun illər öncə “Altı il Dəclə-Fərat sahillərində” adlı kitabıyla tanıyıb sevdiyimiz bu dəyərli alimi İraq türkmənləri haqlı olaraq “Kərkükün oğlu” adlandırırlar. Elə “Günlərdən şeir”in qonağı Faruk Faik bəyin də böyük bir şövqlə söylədiyi şeirlər, xoyratlar içərisində bir neçəsi məhz Qəzənfər müəllimə həsr olunmuşdu.
“… Kərkük bir məmləkətdir,
Anahtarı – Qəzənfər.”
Yazdığı bayatılardan birinin, təəssüf ki, təkcə son misraları yadımda qaldı. Amma bayatının əsas fikri, canı, özəyi də elə son misralarda olur, axı… “Kərkük məmləkəti”ndəki qardaşlarımızın həyatını, mənəvi dünyasını özündə əks etdirən İraq-Kərkük folklorunun, ədəbiyyatının – söz dünyasının qapısını açan bu gözəl tədqiqatçı-alim özü isə xalq şairi Rəsul Rzanın da bu sahədəki əməyini dəyərləndirərək onu hörmətlə yad etdi. Faruk Faiq bəyin şövqlə və coşğun bir tərzdə oxuduğu şeirlərilə yanaşı, Qəzənfər müəllimin həzin bir tərzdə səsləndirdiyi Kərkük xoyratları şeir gününün gözəlliyinə xüsusi rəng qatdı.Tədbirin sonunda alim əsərlərinin yeddicildliyini şair qonağımıza hədiyyə etdi. Milli kitabxana tərəfindən də Kərküklü qonaqlara milli-mədəni tariximizi əks etdirən kitablar bağışlandı. Faruk Faik Köprülünün şeirsevərlərə hədiyyə etdiyi kitablardan biri də mənə çatdı. “Türk dünyasına selam (Destan)” adlı bu kitabı şair “Türk dünyası şairlerinə və özəlliklə Təbrizli şair Şəhriyarın ruhuna ithaf” edib.
Şehriyarım, bu benim şeker dilim,
Naziri yok, dünyaya değer dilim,
Dost yolunda mühübbet eker dilim,
Barış sever,ötüşü sevgi kuşu,
Güzel okur, güzel türkçe konuşu.
* *
… Şehriyarım yaseminler açanda,
Misk kokusun yere göge saçanda,
Size doğrü sevgi kuşu uçanda
Selam etsin Köprülüden sizlere,
Kanat açsın güneş dek gündüzlere.
“Günlərdən şeir” layihəsinin tədbirlərində mənə hədiyyə olunan iki kitabın hər biri ayrıca bir tədqiqat və məqalə mövzusu olmağa layiqdir. “Günlərdən şeir”i Türk şeirini, şairlərini tanıtmaqda, türkcəmizi, ədəbiyyatımızı qorumaqda – Türk birliyini yaşatmaqda gözəl bir addım kimi dəyərləndirir, bu gözəl layihənin rəhbəri şair Xəyal Rzaya, bu işdə əməyi olan hər kəsə bir daha uğurlar arzulayır və yazımı Mehmet Nuri Parmaksızın “Bencileyin sözler”iylə bitirmək istəyirəm:
Şeirin məktəbinə hər dövrdə bir çox tələbə qeydiyyat olunur, amma bu məktəbdən məzun olan çox azdır.
Şeirin faydasızlığından bəhs edənlərin özlərinə faydaları varmı, yoxmu – araşdırmaq gərəkdir.
* *
Bir hədiyyə min qapı aça bilər, lakin ən dəyərlisi könül alandır.
ədəbiyyatşünas-şair, filologiya üzrə fəlsəfə doktoru