BİR GÖZƏL GEDİBDİ BİZİM DAĞLARA
Talış dağlarından salam aparıb,
Bir gözəl gedibdi bizim dağlara.
Dilində ən şirin kəlam aparıb,
Bir gözəl gedibdi bizim dağlara.
***
Təmizkar, mehriban – adam şaşırır…
Gah təndirə yapır, gah da düşürür,
Əsgər balalara çörək bişirir,
Bir gözəl gedibdi bizim dağlara.
***
Kimdi səfə vuran, kimdi sanadan?!
Nəğməsi bülbüldən, yeriş sonadan,
Nə güllədən qorxur, nə də minadan,
Bir gözəl gedibdi bizim dağlara.
***
Əl çəkmir arıtək gördüyü güldən,
Min bir ətir gəlir sərdiyi güldən,
Seçilmir dağlarda dərdiyi güldən,
Bir gözəl gedibdi bizim dağlara.
***
İlham ad çəkmədi, adı var olsun!
Yanan təndirinin odu var olsun!
Dedi bir kitab ver yadigar olsun,
Bir gözəl gedibdi bizim dağlara.
02.07.2023