Yolcu Değil
Yolçu deyil hər gedən,
Xeyir-dua diləmə.
Ömür töküldü dən-dən,
Nə gətirim dilə mən..
Ayrılığın köçündə,
Gözlərimə toz düşüb.
Bu qədər rəng içində,
Şəkillərim boz düşüb.
Yaş əllini adladı, –
Nə kəpənək, nə arı..
Gör nə vaxtsız partladı,
Vaxtın payız damarı.
Ömür nar dalında gül,
Lap ayaqüstü keçdi.
Ortada bir ovuc kül,
Od keçdi, tüstü keçdi..
Sökülür yavaş-yavaş,
Ruhumun tikiş yeri.
Kimsə bir ürəyi daş,
Saatı çəkir geri.
Adilə Nəzər 20.08.2020