HƏSRƏT QALDIĞIM DOĞMALAR
TƏRANƏ TURAN RƏHİMLİ
Burdan qərib Bezansona –
Hüqoya beş addım yoldu,
Ruhum qalan Panteona
Qatar yolu neçə əsr?
Yenə fikrim uzaqlarda,
Qraf Tolstoyda qaldı
Payız… Yasnaya Polyana…
O kədərli, köhnə qəsr.
Ryazanda meşə yolu,
Ağcaqayın sağda, solda.
Bir şeirlə zəncirlənib,
Ruhum Yeseninə əsir.
Qocalıb Puşkin dağında,
Bir ağacın gözü doldu.
Bu yaz da gedə bilmədim,
Yenə hər ilki kəm-kəsir…
Peterburqda bir tələbə
Ömründən-günündən oldu.
Edamdan dönən yazarın
Səsi qulağımda gəzir.
Gecəyarı… könül yenə
Gör kimləri yada saldı?!
Gör nə qədər doğmalar var,
Həsrəti qəlbimi əzir.