Bugün görkəmli Azərbaycan bəstəkarı,
dirijor, folklorşünas, pedaqoq, ictimai xadim, Azərbaycan klassik musiqisinin ustadlarından olan Müslüm Maqomayevin doğum günüdür. Müslüm Maqomayev (Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev; 18 sentyabr 1885 – 28 iyul 1937) əslən Azərbaycanın Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd Abduloğlu gənc yaşlarında İlisu kəndində dəmirçilik edib, sonralar Vladiqafqaz şəhərinə köçüb, çeçen qızı ilə evlənərək, orada yaşayıb. Müslüm Qroznı şəhərində doğulub.
Ailədə musiqiyə olan maraq Müslüm Maqomayevin bir bəstəkar kimi formalaşmasında böyük rol oynayıb. Onun ilk musiqi müəllimi, böyük qardaşı olub. Sonralar Qroznı şəhər məktəbində təhsil alarkən, məktəb orkestrinə başçılıq edib və həmçinin rəqs dərslərini tədris edib.
Gələcək bəstəkar, 1900-cü ildə Qroznı şəhər məktəbindən məzunu olub.
1899-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olan Müslüm Maqomayev, burada Üzeyir Bəy Hacıbəyli ilə tanış olub və onların arasında ömürboyu davam edən sıx dostluq başlayıb.
Seminariyada təhsil aldığı müddətdə Müslüm Maqomayev, xalq yaradıcılığı ilə maraqlanıb, digər Qafqaz xalqları, özəlliklə, Azərbaycan xalq musiqisini öyrənərək, mahnıları nota köçürüb və xor üçün tərtib edib.
1900-cü ildə Parisdə keçirilmiş Dünya Sərgisində onun yığdığı əsərlər də təqdim edilib. O, öz ilk musiqi əsərlərini (“Xəyallar” valsı, “Seminarçı” mazurkası və s.) burada yazıb.
M.Maqomayev 1904-cü ildə seminariyanı uğurla bitirib və təyinatı üzrə Quzey Qafqaza işə göndərilib. 1905-ci ildə isə o, Lənkəranda müəllimlik edib. Lənkəranda müəllimlik etməklə yanaşı nəfəsli alətlər orkestri, xor, eləcə də, balalayka çalanlar ansamblı təşkil edib. Onun Lənkəranda fəaliyyəti bu şəhərdə mədəniyyətin inkişafına mühüm töhfə verib.
1911-ci ildə M.Maqomayev Bakı şəhərinə köçüb və burada şəhər kollecində işə başlayıb. Bakıda müəllimlikdən əlavə, həmçinin işçilərə bilik öyrədən axşam kursları təsis edib.
O, Bakıda müəllimlik edərkən Üzeyir Bəyin başçılığı ilə fəaliyyət göstərən “Müsəlman Opera Truppası” ilə ilk olaraq musiqiçi, sonra dirijor və teatrın rəhbəri olaraq əməkdaşlıq etməyə başlayıb. Daha sonra Azərbaycan Xalq Təhsili Komissarlığında məsul vəzifələrdə çalışıb.
“Şah İsmayıl” və “Nərgiz” M.Maqomayevin ilk operalarıdır. “Nərgiz” operası öz mövzusu və üslubuna görə, Azərbaycan musiqisində bir İlk sayılır. “Nərgiz” M.Maqomayev yaradıcılığının ən yüksək zirvəsidir. Bəstəkar opera üzərində 1932-1935-ci illərdə işləyib. “Nərgiz” Azərbaycan musiqisinin inkişafı tarixində önəmli yer tutur. M.Maqomayev hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq, operanın melodik quruluşunda milli musiqi örnəklərinə müraciət etmək və operada çoxsəsli xora üstünlük vermək lazımdır. (Onun bitməmiş əsərlərindən üçü: “Sevgi” operası, “Dəli Muxtar” baleti və “Xoruz bəy” məlumdur.) M.Maqomayev bir sıra marş və rapsodyanın da müəllifidir. O, həmçinin üç yüzə yaxın Azərbaycan xalq rəqsi, mahnı və digər melodiyaların simfonik yorumunun müəllifidir.
M.Maqomayev 1920-1930-cu illərdə “Azərbaycan incəsənəti” və b. kinofilmlərə, Mirzə Cəlilin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” dram tamaşalarına və digər əsərlərə musiqi bəstələyib. Bəstəkar həmçinin, simfonik orkestr üçün “Azərbaycan çöllərində”, “Ceyran”, “Turacı”, “Şüştər dəramədi”, “Çeçen rəqsi” və b. muüisiq əsərlərinin müəllifidir. Onun “Bahar”, “Tarla”, “Bizim kənd” vokal musiqiləri milli koloriti ilə diqqəti cəlb edir.
M.Maqomayev 1920-ci ildə Azərbaycan Təhsil İşçilər Birliyinin başçısı seçilib. O, 1921-ci ildə Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri, sonra Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifələrində çalışıb. 1929-cu ildə M.Maqomayev Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri təyin olunub və bu vəzifədə 1931-ci ilə qədər çalışıb.
Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev, M. Maqomayevin nəvəsidir.
M.Maqomayev uzun sürən xəstəlikdən sonra Nalçikdə vəfat edib.
Bakıda I Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Dövlət Filarmoniyası, İçərişəhərdəki küçələrdən biri M.Maqomayevin adını daşıyır. Filarmoniyanın qarşısında M.Maqomayevin büstü qoyulub (1987; Büst heykəltəraş Ömər Eldarov və memar Arif Salehov tərəfindən hazırlanıb).
Bəstəkarın yaşadığı evin (Bakı, Nizami küçəsi-41) divarında xatirə lövhəsi asılıb.
1995-ci ildə M.Maqomayevin anadan olmasının 110 illiyi dövlət səviyyəsində, təntənəli şəkildə qeyd olunub.
RUHU ŞAD OLSUN!