YAYILSIN FƏRYADIN CAHANA KƏRKÜK
ELÇİN SÜLEYMANOV
Əsən küləklərlə salam göndərdim,
Tarımın telində səni söylədim,
Türkistan ellərində boğulub qəmim
Yayılsın fəryadın cahana Kərkük!
Öldüm həsrətinlə qovruldum burda,
Ağladı qələmim kimsə bilmədi,
Türklük sındırılır hərbi üsulla
Yayılsın fəryadın cahana Kərkük!
Məsum uşaqların gözü yaşlıdır,
Elimin, obamın könlü yaşlıdır,
Kamanım sızlayır teli yaşlıdır,
Yorulmuş cahanın işığı Kərkük!
Türkmən nənələrə salam söyləyin,
Dəcləyə, Fərata salam söyləyin,
Ürəkdən-ürəyə salam söyləyin,
Yorulmuş zamanın fələyi Kərkük!
Qəlbim intizarda gələ bilmirəm,
Göytürk bayrağını öpə bilmirəm,
Nalənə, dərdinə dözə bilmirəm,
Sən Oğuz elinin behişti Kərkük!
Döz ağrılara, döz yaralara
Yağıdan yara almaq Salur taleyi,
Ümid Allahadır, zəfər sabaha
Sən Göytürk yurdumun behişti Kərkük!
Oğuzu bölüblər adı qalıbdı,
Orxan-Yeniseydən şanı qalıbdı,
Türkmən ellərində zülm qalıbdı,
Yayılsın fəryadın cahana Kərkük!
Obalar dağılıb, sədası qalıb,
Ocaqlar sönübdür, sobası qalıb,
Sabaha bir ümid, bir nalə qalıb,
Yayılsın fəryadın cahana Kərkük!
Şahinlər yetişsin sənin dadına,
Zəfər sədaların gəlsin yadıma,
Çatar Türk elləri, çatar dadına
Sən Türk ellərimin Baharı Kərkük!
Yetişsin fəryadın cahana Kərkük!