Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının yaradıcılıq gecəsi keçirilib
Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, AYB İdarə heyətinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının başqanı, MM Mədəniyyət Komitəsinin eksperti, tanınmış şair-publisist Əkbər Qoşalının 50 illik yubileyinə həsr olunmuş Yaradıcılıq Gecəsi keçirilib.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunmuş, bu Mərkəzin və DGTYB-nin təşkilatçılığı və Türk dünyasının tanınmış aydınlarının, mötəbər qonaqların iştirakı ilə baş tutan tədbirin ssenari müəllifi və aparıcısı, İTV-nin “Ozan məclisi” proqramının aparıcısı Qorxmaz Tofiqoğlu, rejissoru Faiq Nağı, bədii rəhbəri Fərahim Sadiq olub. İştirakçılar öncə şəhidlərimizin, qardaş Türkiyədə fevral ayında baş vermiş dəhşətli zəlzələdə həyatını itirmiş insanların ruhuna sayğı duruşuna qalxıb.
Böyük coşğu və anşlaqla keçən Yaradıcılıq gecəsi qədim ozan-aşıq gələnəyinə və epos təfəkkürünə uyğun olaraq yubilyarın “Divani”si ilə başlayıb. “Divani”ni Tovuz aşıq məktəbinin parlaq yeni nəsil nümayəndələri Elməddin Məmmədli və Şəhriyar Qaraxanlı ifa edib.
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya Türk dünyasından gəlmiş mötəbər qonaqları, Millət vəkili həmkarlarını və bütün tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. O, yubilyarın şəxsiyyəti, yaradıcılığı haqqında ürək sözlərini bölüşüb, onun Türk dünyasında yaxşı tanınmasına, eləcə də, ədəbi yaradıcılığının, ictimai fəaliyyətinin özəlliklərinə vurğu edib.
“Beynəlxalq “Alaş” Ədəbiyat mükafatı və bir sıra digər mükafatların laureatı olan Əkbər Qoşalının ədəbi yaradıcılığı və ictimai fəaliyyəti qoşa qanad kimi bir-birini tamamlamaqda, necə deyərlər, tarazlıq yaratmaqdadır. Tarazlıq dedikdə ilk növbədə nəyi nəzərdə tuturam? – Söhbət fiziki parametlərdən deyil, ideyadan, ideyalı ədəbiyyatdan gedir, əlbəttə. Əlbəttə, ədəbiyyat başda olmaqla, ümumən hər bir yaradıcılıq aktı ideyaya əsaslanmasa, ideyalı olmasa, yaşarılı ola bilməz. Əkbər Qoşalının şeirləri, poemaları, hekayələri ilə, esseləri, məqalələri, müsahibələri ilə tanışlıq onu 90-cılar ədəbi nəsli içində ideyalı ədəbiyyatın ən əsas təmsilçilərindən biri, bir sıra göstəricilərə görə birincisi kimi səciyyələndirməyə əsas verir. Əkbər Qoşalının irihəcmli əsərlərinin – “Dərvişin nağılı”, “Çobanbayatı” poemalarının və “Türk dünyasında ədəbiyyat… Ədəbiyyatda Türk dünyası” məruzələrinin bu baxımdan daha təsirli olduğunu düşünürəm. Təsadüfi deyil ki, adıkeçən mövzuda məruzələr Azərbaycan Yazıçılarının son iki Qurultayında məhz ona etibar edilib və o da bu etibarı yüksək səviyyədə doğruldub. Xalq yazıçısı, AYB sədri ANARın Əkbər Qoşalının məruzəsini model məruzə adlandırması, məruzələr haqqında çoxsaylı təqdiredici rəylərin meydana çıxması, habelə ciddi alimlərin elmi əsərlərində həmin məruzəyə istinad olunması da dediklərimizi təsdiq edir.
…Dəyərli qardaşımızın 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirəm”!
Komitə sədri yubilyara xatirə hədiyyəsi bağışlayıb.
Yaradıcılıq gecəsində Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Tatarıstan Dövlət Şurasının deputatı, Xalq şairi, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Dövlət Mükafatı laureatı Rkail Zəydulla, Əməkdar elm xadimi Prof.Dr. Qənəzfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, TÜRKSOY Yazarlar Birliyinin başqan müavini Səlim Babullaoğlu, Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi Nurlan Kalıbekov, “TRT Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murat Toylu, İraq Türkmanlarının tanınmış nümayəndəsi, “Kərkük Mədəniyyət Mərkəzinin başqanı, şair-publisist, jurnalist, ictimai xadim Dr. Şəmsəddin Kuzəçi, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, Çuvaş Peşəkar Yazıçılar Birliyinin təmsilçisi şair-publisist Marina Karyagina, Qazaxıstandan – ABAY TV-nin prodüsseri, ünlü şair-tərcüməçi Tanagöz Tolkınqızı, Ekibastuz şəhərinin “Otarka” qəzetinin redaktoru, şair Janargül Kadırova, Qazaxıstan Yazıçılar Birliyinin üzvü, teleaparıcı Janayım Auğanbaykızı, “Egemen Qazaxıstan” qəzetinin “Ədəbiyyat və incəsənət” şöbəsinin əməkdaşı, istedadlı gənc şair Batırxan Sersenxan, habelə Saxa-Yakutiya Dövlət Məclisinin (İl-Tümən) deputatı, Yakutsk şəhərinin Fəxri vətəndaşı, “Saxa-Yakutiya Azərbaycan diasporu” regional ictimai təşkilatının başqanı, tanınmış ictimai-siyasi xadim Əliş Məmmədov, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının başqanı, ictimai xadim Tərlan Qasımov, “Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin başqanı Aqil Əliyev, DGTYB başqanı İntiqam Yaşar, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin başqanı Xətai Ələsgər, “Türk Dünyası Ağsaqqalları” İB təmsilçisi, “Turan” akademiyasının akademiki Sabir Tağıyev, 34 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, türkoloq, tanınmış yazar, telejurnalist Aida Eyvazlı Göytürk, tanınmış şair Elşən Əzim, rəssamlar – Minayə Feyzullayeva, Natiq Nəcəfzadə və b. çıxış edərək, Əkbər Qoşalını təbrik edib, ürək sözlərini bildirib, təmsil etdikləri ölkə və qurumların adından onu təltif ediblər, habelə öz əl işlərini təqdim ediblər.
O cümlədən, M.Otorbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Təbrik məktubunu və təltiflərini, R.Zəydulla Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmətşinin Təşəkkürnaməsini və Dövlət Şurasının nişanını yubilyara təqdim edib.
Gecədə Əməkdar artist Nuriyyə Hüseynova (“Var olsun”) tanınmış sənətçi Şəmistan Əlizamanlı (“Bilə bilmirəm”), yeni nəsil müğənniləri Çilənay Hüseynova ilə Sərxan Bünyadzadə (“Ömrün təsviri”), Aşıq Roman Azaflı (“Dəli könül”) bəstəkar Fərahim Sadiqin Əkbər Qoşalının sözlərinə yazdığı mahnıları ifa edib. Bəstəkar Elmir Mədətoğlunun Əkbər Qoşalının sözlərinə yazdığı mahnını (“Sənin məktubların”) isə Şəhla Həmidova ifa edib. Sənətçiləri Əməkdar artist Fəzilə Rəhimovanın rəhbəri olduğu “FolkMusiCBand” ansamblı müşaiyət edib.
Aşıq Əli Zeynalabdinov yubilyarın “Aman Allah, nə vaxtlarım var imiş” şeirini “İncəgülü” havası üstə oxuyub.Tanınmış sənətçiləri Həlimət Sultan və Mütəllim Dəmirov kamançanın müşaiyəti ilə şairin şeirlərindən ibarət kompozisiya təqdim edib.
Bədii qiraətçilər Zemfira Əbdülsəməd yubilyarın “Tədarük eyləmişəm”, Müşfiqə Baləddin isə “Qız qalası” şeirini səsləndirib.
Sonda yubilyar çıxış edərək, ürək sözlərini bölüşüb, təşkilatçılara, çıxışçılara öz təşəkkürülərini yetirib.
Gecənin sonunda rejissor Faiq Nağının quruluşunda minitamaşa nümayiş olunub.
Yubiley gecəsində yubilyarın “Seçilmiş əsərləri”nin I cildi oxuculara təqdim olunub. Naşiri Səbuhi Şahmursoy olan kitabın təqdim yazısı Q.Paşayevaya, önsözü Vaqif Yusifliyə aiddir. “Hədəf Nəşrləri”ndə nəfis şəkildə nəşr olunan kitabın redaktorları Şəmil Sadiq, İntiqam Yaşar, illüstrasiyaların müəllifi Xalq rəssamı Arif Hüseynovdur.