Yer Gurultusu
Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə ithafən…
Bugün göylər yox, yerlər titrədi
Bugün göylər yox, yerlər danışdı
Bugün göylər yox, yerlər dinlədi
Mən elə bilirdim ki, ancaq göylər guruldayır
Mən elə bilirdim ki, ancaq göylərdə çaxır ildırımlar
Fevralda təkcə insanlar yox, evlər də üşüyürmüş
İnsanlar möhkəm olurmuş binalardan
Mən heç titrədiyi üçün yıxılan insan görmədim
Biz titrəyəndə evlərimizə sığınırdıq
Sığınacaq heç nəyi yox imiş evlərimizin
Mən belə doğmalıq görməmişdim
Bugün daşlar, divarlar qucaqlaşdı insanlarla
Mən belə doğmalıq görməmişdim
Almaq olmurdu körpələri binaların qoynundan
Mən belə çarəsizlik görməmişdim
Qalxa bilmədilər binalar yıxıldıqları yerdən
Bugün bütün evlər Parkinson xəstəliyinə tutulmuşdu
Sən heç vaxt belə titrəməmişdin, Türkiyə
Ən böyük zəlzələ cansız övladını qucağına alan atanın əllərində baş verdi
Heç kim bilmədi neçə bal gücündə olduğunu
Hamımızın içində zəlzələlər oldu
Dağıldı, söküldü, öz içinə yıxıldı insanlar
Təxliyyə edildi ruhlarımız başqa bədənlərə
Yerlərdə axtarılan insanları Tanrı göylərdə tapmışdı
Mən elə bilirdim ki, ildırımlar ancaq göylərdə çaxır
Mən elə bilirdim ki, körpələr ancaq yerlərdə yaşayır…
Müəllif: Müşfiq Mikayıl
Azerbaycan