AZƏRBAYCAN – TANRI YAZAN ÜNVANIM
Əzəlimdən qüdrətimdir bu torpaq,
Əsil-nəsil qeyrətimdir bu torpaq,
Əbədiyyət xilqətimdir bu torpaq,
Azərbaycan – Tanrı yazan ünvanım!
***
Türk soraqlı qüdsiyyətim – bu torpaq,
Qanımdakı heysiyyətim – bu torpaq
Qayəmdəki hüsniyyətim – bu torpaq
Azərbaycan – Tanrı yazan ünvanım!
***
Şəhidlərin əmanəti – bu torpaq,
Ərənlərin dəyanəti – bu torpaq,
Dühaların səltənəti – bu torpaq,
Azərbaycan – Tanrı yazan ünvanım!
***
Ay-ulduzlu çırağımdır bu torpaq,
Hürriyyətim, bayrağımdır bu torpaq,
Kimliyimdir, ocagımdır bu torpaq,
Azərbaycan – Tanrı yazan ünvanım!
***
Doğmalara göz yağıdır bu torpaq,
Yağılara göz dağıdır bu torpaq,
Bütöv Vətən bir çağıdır bu torpaq…
Azərbaycan – Tanrı yazan ünvanım!
Tapdıq ƏLİBƏYLİ