Səni bağışlayaram…
Baxıb dalğın üzünə bir yarımçıq kölgənin,
Boynuna kəndir atıb ümidsiz bir “bəlkənin”.
Ürəyimin başından soyaram yana-yana,
Bəyaz ruhuma düşmüş saf sevgimdən ləkəni,
Səni bağışlayaram…
Götürərəm yanında nə əmanətim varsa,
Dizlərinin dibində günahım da qalarsa!..
Yığıb od öpüşləri yorğun xatirələrdən,
Gecələr pəncərəndə ulduz-ulduz solarsa,
Səni bağışlayaram…
Daha poct qutusundan məktub çıxmaz şeirimə,
Hər misranı ocağa ataram köz yerinə.
İtər ağzının dadı sevgi qafiyələrinin,
Daha sual qoyaram ömrün nöqtələrinə,
Səni bağışlayaram…
Bir qatar göndərərəm bir biletin ardınca,
Boğularam içimdə, olanları dadınca…
Sonuncu sərnişintək çıxaram qollarından,
Yığıb çamadanlara nəyim varsa, qadınca
Səni bağışlayaram…
Səni bağışlayaram…