Yumuldu gecənin ulduz gözləri,
Pərişan saçının qaranlığında .
Elə toxundum ki, o andan bəri,
Yanağı qızardı qaranlığın da.
Elə toxundum ki, bir ah bəs etdi,
Çırpındı ürəyin sinəmin üstə.
Adın dodağımdan qopub səs etdi,
Cəmləndi sussduğum nə var o səsdə.
Bir de baxışında bu sual nədir?
Sabahı düşünmə ömür qısadır.
Mənə dodağında növbahar gətir,
Deyim öpüşlərin gilənar dadır.
Deyim öpüşlərin nübar fəslidir,
Deyim çiyinlərin heyva qoxulu.
Gözlərin sevməyə nə həvəslidir,
Ay həzin nəfəsli, cənnət yuxulu.
Elə toxundum ki, dayandı zaman,
Durdu təyyarələr, qatarlar durdu.
Sardı vücudunu həmin həyəcan,
Nə şirin söylədin mənə “yoruldum”…
Elə toxundum ki…ilahi elə,
İlahi, bu gecə bizi əfv elə…