Sığınmağa bir qucaqlıq yer ola,
Boşluğunu unutdura görüşlər.
Ürəyimin yanan yeri qar ola,
Sərinlədə ciyərimi öpüşlər.
Etmədiyim günahların naminə,
Getmədiyim uzaqlardan qayıdam.
Əcəb vurdun zəifimdən Birdənəm,
Əcəb qırdın qanadımı ay Adam.
Necə keçir saatların, günlərin?
Mən ki hələ ayılmadım yaradan.
Üşüyürmü yoxluğumdan əllərin
Ay vəfasız, ay duyğusu qar Adam.
Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola birdə ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər olar, birdə ki…
Nəfəs-nəfəs əridikcə odada,
Viranədən özünə taxt hörəsən.
Bacarasan ürəyini arada,
Özgəsində ovundura biləsən.
Bacarasan unudasan, atasan.
İnanmağı unudasan dərindən.
Ölüm bilib yaran üstə yatasan,
Diriləsən vurulduğun yerindən.
Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola, birdə ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər olar, birdə ki…
***
Şiir: Arzu Hüseyn
Azerbaycan