Home Azerbaycan 31 MART: Zəfərdən öncə və indi...

31 MART: Zəfərdən öncə və indi…

31 MART: Zəfərdən öncə və indi…

Əkbər QOŞALI

104 il öncə mövcud olmuş “Bakı Soveti” və daşnak erməni silahlı dəstələri 1918-ci ilin mart ayının ikinci ongünlüyündən başlayan, 30 mart – 3 aprel tarixi arasında isə ən son həddə şiddətlənən soyqırım aktları ilə azərbaycanlıları kütləvi şəkildə qətlə yetirib, vəhşi dağıntılar törədib. Qanlı hadisələr yalnız Bakı şəhərində deyil, o vaxtkı Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə baş verib. Bu soyqırım aktları nəticəsində 30 mindən çox azərbaycanlı amansızcasına qətlə yetirilib, on minlərlə insan öz torpaqlarından qovulub, minlərlə insan itkin düşüb. Qətl edilənlər arasında uşaqlar, qadınlar, qocalar da olub; ümumən bu soyqırım aktları heç bir “əsas”la, bəhanə ilə əsaslandırıla bilməz və qətl edilən günahsız insanların qanı bu soyqırım aktlarına göstəriş verən və onu icra edənlərin, onların hüquqi, siyasi, mənəvi vasrislərinin üzərində əbədi ləkədir. Artıq 24 ildir ki 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmən qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı, o Fərman  əsasında hər il martın 31-nin Soyqırım Günü olaraq qeyd edilməsi tarix şüurumuzu yenidən səfərbər edərək, diqqətimizi həqiqətlərimizə köklədi (və kökləməkdədir). Bu Fərman 26 fevral – Xocalı Soyqırımının, Qaradağlı, Ağdaban, Bağanis-Ayrım soyqırım aktlarının təsadüf olmadığını bir daha göstərdi, dünyaya önəmli ismarıc oldu. Fərman təsdiq etdi ki, azərbaycanlılara qarşı düşünülmüş, məqsədyönlü və mərhələli soyqırım aktları, köçə məcburetmə, didərgin salma, imkanlardan məhrumetmə siyasəti yürüdülüb. Və bu bədxah, mərhələli siyasətin qarşısı öz tarixini öyrənmək, ona yiyə durmaqla, müstəqil dövlətçiliyi inkişaf etdirməklə, xalq-dövlət birliyi, düzgün aparılan xarici və daxili siyasət, güclü iqtisadiyyat, güclü Silahlı Qüvvələrlə alına bilərdi. Belə də oldu!

Ötən yüzilliyin başlarında da, yüzilliyin sonlarında da azərbaycanlılara qarşı soyrıqım aktları törədilib. Azərbay­canlıların soyqırımı nəyə xidmət edirdi? – Cavab aydındır: ermənilərin və hava­darlarının ermənilər üçün tarixdə ilk dövlət yaratmaq, onu qorumaq, böyütmək, Qafqazın “jandarmı” halına gətirmək. “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmə planının tərkib hissəsi olan soyqırımlar, işğallar, dağıntılar, mənimsə­mələr… bizi geridən geri salsa da, erməniləri də xoşbəxt etmədi. Dünya erməniliyi tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi ilə əllərindən, ağıllarından, kirli ruhlarından gələn nə vardısa əsirgəmədi. Biz soyqırım aktlarından danışarkən ermənilərin yalnız olmadığını vurğulamaqdayıq: 1918-ci ilin mart-aprel aylarında xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar o vaxtkı Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən törədilib. 1991-ci ildə törədilən soyqırım aktları Sovet ordusu və erməni silahlı dəstələri tərəfindən, 26 fevral 1992-ci ildəki Xocalı Soyqırımı bəlli 366-cı motoatıcı alayla Ermənistan silahlı qüvvələrinin ortaq işi olaraq icra edilib. Necə deyərlər, tarix dəyişmiş, öldürən və öldürülən tərəflər dəyişməmişdir…

31 martın, 26 fevralın dövlət tədbirləri ilə qeyd olunması, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının icrası bir tərəfdən, ölkəmizin multikulturalizmə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr digər tərəfdən beynəlxalq ictimai fikrə həqiqətlərin intellektual və davamlı şəkildə ötürülməsi baxımından səciyyəvidir. Bu səciyyə fonunda 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfər, necə deyərlər, tamamlayıcı hadisə oldu. Müzəffər Silahlı Qüvvələrimiz öz Ali Baş Komandanının rəhbərliyi, dövlət-xalq birliyinin təntənəsi ilə xalqımızın qürurunu bərpa etdi. Bu Zəfər, bu qürur bizə çox lazım idi. Bu Zəfərsiz, bu qürursuz olmazdı. Zəfərə qədər bizi ümid yaşadırdı. Bu Zəfər, bu qürur bizi özümüzə qaytardı, özümüzə inandırdı. Bizimz qürurumuz ədalət hissimizi korlamır. Biz uğursuz dövlətin və dövlət qurma sənətindən nəsibini almamış ermənilərin saxta, keçici “qalib ədası” ilə öz qürurumuzu qarışdırmırıq, təbii. Təbii, müharibədə qızıl ləyaqət göstərən xalqımız, sülh quruculuğunda da ləyaqət göstərir. Azərbaycanın dövlət başçısının dediyi kimi: “Sözümüz imzamız qədər etibarlıdır”! Biz 44 günlük Vətən Müharibəsindən sonrakı dönəmdə qarşı tərəfdən “imzamız da sözümüz qədər etibarsızıdır” sərzənişini gördük. Amma onlar bir həqiqətə kordur: Azərbaycan öncəki Azərbaycan deyil! Bu ölkə, bu xalqla yalan, xof, qorxu, oyun-moyun dili, üslubu ilə danışa, davrana bilməyəcəklər! Ya ədalətə boyun əyəcəklər ya dəf olub gedəcəklər.

Bəli, tarixdəki ilk erməni dövləti böyük günahlar edilərək və qan-qada ilə qurulduğundandır ki, o vaxt-bu vaxt uğursuz dövlətdir ki, uğursuz dövlətdir.

Sual oluna bilər ki, bəs bizim planımız, dirənişimiz, müqa­vimətimiz olmayıbmı heç? – Cavab aydındır: Biz öncə müstəqil dövlətçiliyimizi itirmiş, onun ağrılarını yaşamışıq, sonra isə milli dövlətçiliyimizin ömrü qısa olub. Biz başqa­larını da özümüz kimi xoşgörülü sanmışıq, tez aldanmışıq. “Difahi” hərəkatını, vətən­canlı dədələrimizi unutmamışıq, əlbəttə. Ancaq daha böyük səfərbərliklərə, gizli yaxud açıq fəaliyyətlərə ehtiyac olduğu dönəmlərdə gizlimiz gizli, açıq siyasətimiz açıq yürüdülə bilmədi… Öncə ümmətçilik, sonra beynəlmiləlçilik xumarı milli dövlət şüurumuzu bəsləməmişdir, doğrusu…

Ermənilərin isə dövləti olmayıb və tarixdəki ilk erməni dövlətini qurmaq üçün kiminlə desən, necə desən, harda desən işbirliyinə gedib. İlk dövlətlərini qurmaqçün nələrini desən verən, nə desən edən bir zehniyyətdən danışırıq… Yəni, dövlətsizlik dünya erməniliyini səfərbər edərkən, biz sanki min illər boyu dövlət və dövlətlər dövləti qurmaqdan arxayınlaşmış, belə demək olarsa, yorulmuşduq… Bax, tarixdə üzləşdiyimiz ən böyük faciələrimiz o keçid dönəmlərində, üstəlik, aldanış və arxayınçılıqdan baş verdi. Aldanan varsa, aldadan tapılacaq, arxayınlaşan varsa, üzərinə yürüyən çıxacaq meydana. Hələ-hələ bizim coğrafiyada arxayınlaşmaq, aldanış içində olmaq heç olmaz! Çox şükür, o ziyanlı dəftərləri bir yolluq qapatmışıq!

Ümummilli liderin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda  yazı­lır:  “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Bir il sonra (30 mart 1999-cu ildə) isə həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Tədbirlər planı təsdiq edilib. Əgər həmin Fərman Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədinə xidmət edirdisə, Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il Azərbaycanlıların soyqırı­mının 100 illiyi haqqında” Sərəncamı erməni-bolşevik silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədinə xidmət edirdi.

2007-ci ildə isə Qubada kütləvi məzarlıq aşkarlandı. 30 dekabr 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzaladı. 18 sentyabr 2013-cü ildə Memorial Kompleksin açılışı oldu. Artıq ora bizim və bütün ədalətli insanların ziyarət yeri, həqiqət abidəsi, ehtiram ocağıdır…

Beləliklə, 1998-ci və 2009-cu ildə imzalanmış sənədlər bir-birini tamamlayan, tarixi irsimizə, dövlət ləyaqətimizə, şəhidlərin əziz ruhuna ehtiramın təcallasıdır.

Qarabağda, Gündoğar Zəngəzurda tarixi Zəfərdən sonra ermənilərin və havadarlarının törətdiyi çoxsaylı vandallıqlar gün üzünə çıxarıldı, dağıdılmış qəbristanlıqlar, içi boşaldılmış mə­zarlar çəkildi, görüntüləndi, faktların uçotu aparıldı, kütləvi məzarlıqlar aşkar edildi… elə dünən Azərbaycan mediasında belə bir informasiya yayıldı: “Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

Aşkarlanan qalıqlar I Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir.

Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır”…

Axtaracağıq, arayacağıq. Unutmayacağıq, unutdurmaya­cağıq. – Aramağı, unutmamağı sevdiyimiz üçün deyil, axtara bilmədyimiz, unutdurulmuş illərdən sonra bizə təkrar yaşadıl­mışlar üçün!.. Bir daha əsla bizimlə istədikləri kimi davrana bilməyəcəklər! Bəli, o dəftərlər qapandı, yeni dəftərlərin səhifələrinə ilk və son sözləri biz yazırıq!

İtkinlərimizi bulacaq, anaların gözünü yollardan yığacağıq,

Xocalıda, Xankəndində müqəddəs bayrağımızı ucaldacağıq,

bizə vurduqları maddi, mənəvi ziyana görə işğalçılara təzminat ödədəcəyik,

Azərbaycanın dəmir yolları, torpaq yolları, hava yolları, su yolları tıxanmış­lıqlardan qurtulacaq, xalqımıza, insanlığa, mədəniyyətə xidmət edəcək. Addım-addım, qatar-qatar, uçaq-uçaq, ürək-ürək… irəlilədikcə düşmənin vandallıq zehniyyətini qaranlıqlara, gedər gəlməzlərə göndərmiş olacağıq!

Yuxarıda belə bir cümlə işlətdik: “qətl edilən günahsız insanların qanı bu soyqırım aktlarına göstəriş verən və onu icra edənlərin üzərində əbədi ləkədir”. Bu cümləni bir Zəfərdən öncə demək vardı, bir də indi. İndi cümlələr çiçək açır, sözlər ətir saçır. Zəfər sözümüzün iqlimini dəyişdirib!

ŞƏHİDLƏRİMİZİN RUHU ŞAD OLSUN!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

RELATED ARTICLES

Doğumunun 100. Yılında Ata Terzibaşı web Sitesi Açıldı www.ataterzibasi.com

Bugün 14 Kasım 2024 Ata Terzibaşı'nın Doğumunun 100. Yılıdır. 14 Kasım 1924 tarihinde Kerkük'te doğan Terzibaşı, 92 yaşında 31Mart 2016 tarihinde Kerkük'te vefat etmiştir.   Kerkük’ün...

Azerbaycan’ın Ünlü Yazarı Varis Yolcu’dan “Qar yağmasın…” Hikayesi

Qar yağmasın... Hekayə  Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.                                                              Helen Keller Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər...

Türk Dünyası “Kızıl Elma” ödülleri sahiplerini buldu

İstanbul’da gerçekleştirilen Türk Dünyası “Kızıl Elma ödül töreni”nde “Ebedi Birlik” Gençlik Kamu Birliği üyeleri ödüle layık görüldü. Koray Bozat ve Atakan Taşur'un organizasyonuyla gerçekleşen ödül...

Most Popular

Doğumunun 100. Yılında Ata Terzibaşı web Sitesi Açıldı www.ataterzibasi.com

Bugün 14 Kasım 2024 Ata Terzibaşı'nın Doğumunun 100. Yılıdır. 14 Kasım 1924 tarihinde Kerkük'te doğan Terzibaşı, 92 yaşında 31Mart 2016 tarihinde Kerkük'te vefat etmiştir.   Kerkük’ün...

Azerbaycan’ın Ünlü Yazarı Varis Yolcu’dan “Qar yağmasın…” Hikayesi

Qar yağmasın... Hekayə  Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.                                                              Helen Keller Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər...

Türk Dünyası “Kızıl Elma” ödülleri sahiplerini buldu

İstanbul’da gerçekleştirilen Türk Dünyası “Kızıl Elma ödül töreni”nde “Ebedi Birlik” Gençlik Kamu Birliği üyeleri ödüle layık görüldü. Koray Bozat ve Atakan Taşur'un organizasyonuyla gerçekleşen ödül...

Meclis Maliye Komisyonu, petrol dışı kaynakları artırmada illerin rolünü görüşüyor

Meclis Maliye Komisyonu, bugün illerin petrol dışı gelir kaynaklarını artırmadaki rolünü, 2023-2024 yatırım bütçesi tahsisatlarını ve 2025 yılı bütçesinde illerin ihtiyaçlarını ele aldı. Komisyon, yaptığı...

Recent Comments