Sərçə qız
Harda tərk etdim səni,
söndürdüm ocağını,
Harda azdım yolunun,
küncünü, bucağını?
Axı sənə kim dedi,
“sevmir səni bu qadın”,
Harda boyun qaçırdım,
harda səni sınadım?
Sən məndən üz çevirdin
gördün, bəxtim titrədi,
Başına sanc da məni
denən, nəzir, fitrədi.
Sən məni dərdə tapşır,
dərdi də sevim adam,
Çıx gəl, sənə qovuşum
vətənim, evim adam.
İndi mənə vüsalın,
özün qədər uzaqdı,
İndi həsrət mənimlə
qol-boyun, baş ayaqdı.
Sənin ovuclarından,
dən gözləyir bəlkə qız,
Qaranquş yuvasında,
sərçə qızam, sərçə qız.
…..
Qadın
Nə vaxt yoxluğunu hiss eləyibki,
Nə vaxt xatirinə gəlibki adın.
Onun ki ürəyi daşdı-dəmirdi,
Sən niyə içini didirsən qadın?
Zilləmə yollara baxışlarını,
Əllərin qoynunda gözləmə, dəyməz.
Onun azadlığı, sənə qədərdi,
Ürəyi gəlsə də, ayağı gəlməz.
Şiir: Əfsanə Rəvan-Azerbaycan