Home Azerbaycan Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

Coşqun MƏMMƏDOV*

İkinci Qarabağ – Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir…” öhdəliyi icra edilmədi.

Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı.

Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.

Hətta həyata keçirilmiş “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, bədnam düşmən və onu hər vəchlə himayə edən qüvvələr üçün yetərli dərs olmadı. Əksinə, xarici böyük güclərin marionetinə çevrilmiş düşmən daha da azğınlaşaraq, humanitar yönlü “Laçın” koridorunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi. Ən acınacaqlı hal isə ondan ibarət idi ki, bu təxribatlar ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözləri önündə, hətta birbaşa müşayiəti altında açıq şəkildə aparılırdı.

Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün ölkəmiz tərəfindən bu ilin aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda humanitar məqsədlə paralel olaraq, Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı “soyqırım”, “blokada” və “humanitar böhran”ın aparılması barədə yalan və əsassız iddialarla çıxış etməklə, humanitar yardım prosesini beynəlxalq müstəvidə siyasiləşdirməyə, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa başladı.

Eyni zamanda, bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejiminin qorunub saxlanılması üçün maliyyələşdirmə prosesi də məhz birbaşa Ermənistan Respublikasının rəsmi dövlət büdcəsi hesabına həyata keçirilirdi. Belə ki, bu məqsədlə hər il yüz milyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi.

Bu baxımdan, Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.

Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədi ilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı.

Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi.

Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi uğurlu antiterror tədbirlərini həzm edə bilməyən qüvvələr hər vəchlə ölkəmizi ağızlarında saqqız halına çevirdikləri “soyqırım” iddiaları ilə şərləməyə cəhd etdilər. Lakin gün kimi aydın idi ki, Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə almamışdı. Əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə, zəruri tibbi və digər yardımlar göstərilmiş, dövlətimiz tərəfindən onlar içməli su və ərzaqla təmin olunmuşdular. Həmçinin mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı.

Regionda baş verən son hadisələr fonunda ölkəmizə qarşı qərəzli mövqe sərgiləyərək onu haqsız şəkildə qınayanlar anlamalıdır ki, həyata keçirilmiş bu cür lokal xarakterli antiterror tədbirləri məhz Ermənistan tərəfindən 10 noyabr 2023-cü il tarixdə imzalanmış Üçtərəfli Bəyanatın 4-cü bəndinin tələblərinin kobud şəkildə pozulmasının əməli nəticəsidir və bütün bunlara yalnız Ermənistan hökuməti məsuliyyət daşıyır. Bu baxımdan dinc mülki əhalinin və hərbçilərin təhlükəsizliyinə təhdid yaradan Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi ölkəmizin təbii və qanuni haqqıdır.

Bir zamanlar ölkəmizi təhdid edərək, “əgər bir daha hərbi əməliyyatlar başlarsa, biz Yevlağa kimi gedəcəyik” deyən, hətta reinteqrasiya proseslərinin müzakirəsi üçün məkan kimi Bakı və Yevlax şəhərlərinə gəlməkdən belə imtina edib öz şərtlərini irəli sürən mənfur düşmən Dəmir yumruğu yenidən daddıqdan sonra Yevlax şəhərinə gələrək yardım dilədi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cari ilin may ayının 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı dediyi kimi: “Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək.”

Problemin yaranma tarixinə qısa nəzər salsaq, görərik ki, 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Doğrudur, 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi kimi ləğv olunsa da, faktiki olaraq Qarabağ və ona bitişik ərazilər işğal altında idi. Bu isə ölkə sərhədlərinin bərpası, ərazi bütövlüyü və suverenliyiə açıq şəkildə maneə yaradırdı. Lakin məhz Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 100-cü ildönümündə 19-20 sentyabr tarixli lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu.

Bununla da ölkəmiz sübut etdi ki, qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri – Ali Baş Komandanı vardır. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq, yüz ildən bəri bizə “miras” qalan bu ağrılı-acılı problemi birdəfəlik həll etdi. “Dağlıq Qarabağ” probleminin həllinə öz imzasını, möhürünü atdı.

Bir günlük məhdud və lokal xarakterli antiterror tədbirləri ilə düşmən üzərində qazanılan bu şanlı qələbə xalqımızın Ermənistan üçün sabahkı milli bayramları olan Müstəqillik Gününə hədiyyəsi oldu.

Düşmənin bir zamanlar qurduğu “Arsax” adlı qondarma dövlətçilik oyunları, müstəqillik xəyalları II Qarabağ – Vətən müharibəsi zamanı dəyərli hesab edib özləri ilə apardıqları sanitar qovşağına atıldı.

Lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Necə ki, hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısa müddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya bəyan etdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıq doğurdu.

Bununla da ölkəmiz uzun illərdən bəri mübarizə apardığı və uğurla başa çatdırdığı bu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu.

Müasir dövrün görkəmli siyasətçisi Prezident İlham Əliyevin cari ilin sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə keçirilən mətbuat konfransında da vurğuladığı kimi “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, – Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, – beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”.

Bu növbəti tarixi Qələbə ilə Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı. Onun həyat amalı da məhz xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir. O, prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və hədələrinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Məhz nadir tarixi şəxsiyyət İlham Əliyevin sağlam və uzaqgörən siyasəti nəticəsində ilk dəfə idi ki, xalqımız tarixdə son iki əsrlik dövr ərzində qalibiyyəti yaşadı, ona məxsus olanı geri alaraq, dövlətçiliyini qorudu və öz suverenliyini tam bərpa etdi. Beləliklə, Prezident İlham Əliyev ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olursa olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, dünyada baş verən mövcud ağır hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər fonunda böyük uğurlarla dolu nadir təkrarlana biləcək şərəfli tarixi dövrü yaşayır. Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi:

“Zəfər adı xalqımıza çox yaraşır…

Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır…”.

Uzun müddət idi ki, Qarabağ təkcə ölkəmizin deyil, bütün Türk dünyasının qanayan, sızlayan yarası idi. İnanırıq ki, məhz müdrik və uzaqgörən Lider İlham Əliyevin öndərliyi ilə bu cür taleyüklü məsəlinin həllindən sonra Böyük Türk dünyasının ayrılıq rəmzinə çevrilmiş Zəngəzur dəhlizinin açılması ilə gələcəkdə Böyük Turan elinin yaranması da reallaşacaqdır.

Bu gün ölkəmizi işğalçılıqla, “etnik təmizləmə” ilə, humanitar fəlakətlə şərləmək istəyən qüvvələr bilməlidir ki, Azərbaycan digər imperialist düşüncəli dövlətlər kimi başqa ölkələrin torpaqlarında deyil, yalnız öz suveren əraziləri daxilində öz təhlükəsizliyinin təmin edilməsi üçün mübarizə aparmışdır. Təəssüf ki, bu münasibət ikili yanaşmadan başqa bir şey deyildir. Bütün bu kimi böhtanlara, təhdidlərə rəğmən, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz haqlı mövqeyindən əsla dönməyəcəkdir. Əksinə, sülh və əminamanlıq dolu işıqlı gələcəyə qanad açaraq, mətin addımlarla daha da inkişaf edəcək, güclənəcək və müstəqilliyini möhkəmləndirəcəkdir.

Bütün bunların əməli nəticəsidir ki, bu gün ölkəmiz işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərini həyata keçirir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün lazımi tədbirlər görür. Ən vacib məqam isə ondan ibarətdir ki, ölkəmiz bərpa-quruculuq işlərini heç bir kənar maliyyə yardımı olmadan, yalnız öz vəsaiti, daxili imkanları hesabına həyata keçirir. Hesablamalara əsasən, İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günə qədər bərpa və quruculuq işlərinə təqribən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilmişdir. Növbəti il üçün bu məbləğin minimum 3,8 milyard ABŞ dolları həcmində olacağı planlaşdırılır. Bu gün artıq 2 000-dən çox keçmiş məcburi köçkün “Böyük Qayıdış” Proqramının icrasına uyğun olaraq öz doğma yurdlarına – Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtmışlar. İlin sonuna qədər onların sayı 5 500-ə çatacağı gözlənilir. Bəli, bir vaxtlar öz yurd-yuvalarından kədər dolu göz yaşları ilə çıxarılan soydaşlarımız indi uzun müddətdən sonra öz doğma ata-baba yurdlarına sevinc göz yaşları ilə qürurla geri dönürlər.

Ordumuzun yüksək peşəkarlıqla həyata keçirdiyi lokal antiterror tədbirləri otuz ildir Ermənistanın himayə etdiyi qondarma rejimin, hərbi xuntanın, terrorçuların girovuna çevrilmiş Qarabağın etnik erməni əsilli azlıqlarının da xilasına, onların ölkəmizin digər etnik azlıqları kimi tam hüquqlu vətəndaşlar olaraq dinc, sülh və təhlükəsiz şəkildə azad həyata qovuşmasına, reinteqrasiyasına da xidmət edir, onların yolunu aydınladır.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamı bu gün artıq tam reallaşıb. Bəli, bu müqqəddəs kəlamın məntiqi davamı olaraq bu gün ölkəmiz Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin liderliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən və inkişaf edən bir dövlət kimi öz şəfəqləri ilə onu sevməyən qüvvələrin gözünü qamaşdırır. Onun bütün sahələr üzrə davamlı inkişafı dostda güvən, düşməndə qorxu yaradır. Bunun əməli nəticəsidir ki, bu günədək Qarabağın hətta de-yure Azərbaycan torpağı olmasını dilə gətirmək istəməyən həmin qüvvələr indi Qarabağın həm de-yure, həm də de-fakto Azərbaycan torpağı olduğunu bəyan edirlər.

Bu şanlı Qələbə Qalib Lider, Prezident İlham Əliyevin möhtəşəm 20 illik prezidentlik fəaliyyətinin hesabat yönümlü uğurlu nəticəsi, “Heydər Əliyev İli”nə möhtəşəm, dəyərli töhfə oldu.

Misilsiz dövlətçilik təfəkkürünə malik İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.

Yeni ideallar uğrunda irəli!

*AMEA Rəyasət Heyətinin elmi katibi, Azərbaycan Respublikasının Milli Məclisi deputat köməkçisi (i.ə.)

RELATED ARTICLES

Uluslararası Hazar Şiir Akşamları, Türk dünyasını Elazığ’da buluşturdu

Türk dünyasını Elazığ’da buluşturan ve üç gün süren ‘27. Uluslararası Hazar Şiir Akşamları’ programları sona erdi. Ulusal ve uluslararası önemli şair ve yazarları bir araya...

Irak Türkmenleri Antalya’da buluştu

Irak Türkmen Birliği ve Dayanışma Derneği’nin “Kerkük’ten Anadolu’ya” konseri, Muratpaşa Belediyesi Kültür Salonu’nda gerçekleştirildi. Kerküklü efsane sanatçı İbrahim Rauf Terzi’nin sahne aldığı gece, coşku...

Kötü Komşu Ev Sahibi Yaptı

Kötü Komşu Ev Sahibi Yaptı Prof. Dr. Ata Atun Amerika Birleşik Devletler hükümeti 2024 yılının başlarında uzun süren müzakerelerin ve tartışmaların ardından ABD'nin NATO müttefiki Türkiye...

Most Popular

Uluslararası Hazar Şiir Akşamları, Türk dünyasını Elazığ’da buluşturdu

Türk dünyasını Elazığ’da buluşturan ve üç gün süren ‘27. Uluslararası Hazar Şiir Akşamları’ programları sona erdi. Ulusal ve uluslararası önemli şair ve yazarları bir araya...

Irak Türkmenleri Antalya’da buluştu

Irak Türkmen Birliği ve Dayanışma Derneği’nin “Kerkük’ten Anadolu’ya” konseri, Muratpaşa Belediyesi Kültür Salonu’nda gerçekleştirildi. Kerküklü efsane sanatçı İbrahim Rauf Terzi’nin sahne aldığı gece, coşku...

Kötü Komşu Ev Sahibi Yaptı

Kötü Komşu Ev Sahibi Yaptı Prof. Dr. Ata Atun Amerika Birleşik Devletler hükümeti 2024 yılının başlarında uzun süren müzakerelerin ve tartışmaların ardından ABD'nin NATO müttefiki Türkiye...

“Erbil veya Diyarbakır”

“Erbil veya Diyarbakır” Fevzi Türker 30 Kasım 2024 Eski Türkiye Başbakanı ve Gelecek Partisi Genel Başkanı Ahmet Davutoğlu,kuzey Irak’ ın Duhok şehrinde,Kürdistan-Amerikan Üniversitesince 22-23 Kasım 2024 tarihinde...

Recent Comments